Şriftin ölçüsü :

Saytın rəngi :

8 Mart - Beynəlxalq Qadınlar Günü

07 mart 2021 | 16:00

Hörmətli və sevimli xanımlar!

Başda Azərbaycanın birinci vitse-prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva olmaqla rayonumuzun bütün xanımlarını 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə ürəkdən təbrik edir, hər birinizə can sağlığı, səadət və uğurlar arzulayıram.

Azərbaycan qadını tarix boyu zərifliklə gücün, cəsarətlə fədakarlığın, sevgi ilə qayğının, mərhəmətlə diqqətin simvolu olub. Xüsusi ilə də Vətənin bütövlüyü, qorunması mövzusu ortaya qoyulduqda xanımlarımız vətən sevgisini bütün hisslərdən üstün tutublar. Biz bunu şəhid analarının, şəhid bacı və qızlarının və ən nəhayət şəhid həyat yoldaşlarının timsalında bir daha gördük. Qazilərimizə, ümumən hərbçilərimizə arxa-dayaq duran xanımlarımızın göstərdiyi dəstəkdə müşahidə etdik. Bu gün onların sayəsində Azərbaycan xanımları bərpa olunmuş vətən torpaqlarında azad, firavan və təhlükəsiz şəkildə Beynəlxalq Qadınlar Gününü qeyd edir. Belə bir gündə azadlığımızı borclu olduğumuz şəhidləri yad etməməyimiz günah olardı. O igidlərimizi dünyaya gətirən, vətən sevgisi ilə böyüdüb tərbiyə edən, lazım gələndə silaha sarılmasını tövsiyə edənlər də Azərbaycan qadınıdır, anasıdır. Bu xüsusiyyətləri ilə tariximizə parlaq səhifələr yazan qadınlarımız milli-əxlaqi dəyərlərimiz, mədəni-tarixi irsimiz və adət-ənənələrimizin keşiyində şərəflə dayanmaqdadırlar.

Müstəqil Azərbaycanın qazandığı bütün böyük uğurlarda qadınlarımızın misilsiz xidmətləri vardır. Respublikamızda bir an belə ara verməyən hazırkı quruculuq işlərində ölkə xanımları tariximizin hər bir mərhələsində olduğu kimi bu gün də çox yaxından iştirak edir, ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni proseslərin mərkəzində olaraq vətənimizin yüksəlişinin təmin edilməsinə töhfələrini əsirgəmirlər.

Əziz xanımlar!

Hansı evdə qadın gülürsə, o evdə xoşbəxtlik və mehribanlıq vardır. Qoy Allah sizə bol gülüş və ailə səadəti qismət eləsin.

Hansı evdə qız körpəsinin səsi gəlirsə, o evdə səadət və sabaha ümid var. Ocaqlarınız körpə səsinə qərq olsun, fidanlarımızın gələcəyi firavan olsun.
Uca rəbbimiz bir daha məmləkətimizə acılı-ağrılı, qanlı-qadalı günlər yaşatmasın. Analarımız övlad dərdinə ağlamasın, qız-gəlinlərimizin gözü yaşlı qalmasın. AMİN!

Mehriban və cəfakeş xanımlar!

Hamınıza can sağlığı, ailə səadəti, xoşbəxtlik və gələcək işlərinizdə uğurlar arzulayıram.

İradə Gülməmmədova
Abşeron Rayon İcra Hakimiyyətinin başçısı

Keçidlər