Şriftin ölçüsü :

Saytın rəngi :

Abşeron RİH başçısı İradə Gülməmmədova 700 bal toplayan Abşeronlu abituriyentlə görüşdü

08 sentyabr 2020 | 16:00

Bu gün Abşeron rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova  Abşeron təhsilinin yetirməsi, abituriyent Hüseyn Abdullayevlə görüşüb. Görüşdə bildirilib ki, Xırdalan şəhər 1 saylı tam orta  məktəbin şagirdi olan H.Abdullayev ali məktəb üçün verdiyi imtahanda 700 bal toplayaraq maksimum nəticəni əldə etməyi bacarıb.  “Əlaçı” televiziya verilişinin 9-cu mövsümünün respublika çempionu, “Xəmsə” verilişinin isə iştirakçısı olan H.Abdullayev bu il fizika üzrə keçirilən respublika fənn olimpiadasının yarımfinalçısı adını da qazanıb. Son iki ildə “məktəbin əlaçısı” fəxri adını daşıyan abituriyentimizin seçimi Bakı Ali Neft Məktəbi olub. Qeyd edilib ki, bu il respublika üzrə cəmi 2 abituriyent maksimum nəticəni əldə edib. Onun da biri Abşeron təhsilinin payına düşüb.
Görüşdə İ.Gülməmmədova  H.Abdullayevi və eləcə də tələbə adını qazanmış bütün abituriyentləri təbrik edərək rayonda təhsilin ildən ilə gücləndiyini qeyd edib. Bildirilib ki, cənab Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva respublikanın hər bir bölgəsində olduğu kimi Abşeron rayonunda da  təhsilə xüsusi diqqət və qayğı göstərirlər. Bu gün abituriyentimizin ən yüksək nəticə göstərməsinin də bu qayğı və diqqətin nəticəsində əldə olunduğunu vurğulayan İ.Gülməmmədova əlavə edib ki, hazırda rayon ərazisində bir neçə məktəbin inşası həyata keçirilir. Abşeronun təhsil işçilərini, müəllimləri və valideynləri bu uğur münasibəti ilə təbrik edən başçı tələbə adını qazanan bütün abşeronlulara gələcək həyatlarında uğurlar arzulayıb.
Sonra rayon Təhsil Şöbəsinin müdiri Nazilə Məmmədova və Xırdalan şəhər 1 saylı tam orta məktəbin direktoru Kəmalə Yusifova H.Abdullayevi təbrik edib, ona ən xoş arzularını bildiriblər.
H.Abdullayev də göstərilən diqqətə görə təşəkkürünü bildirərək bundan sonra da təhsil pillələrində uğurla addımlayacağına çalışacağını deyib.
Sonda H.Abdullayeva qiymətli hədiyyə təqdim edilib və xatirə şəkili çəkilib.

Keçidlər