Şriftin ölçüsü :

Saytın rəngi :

Abşeron rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova "Son zəng" günü münasibətilə şagirdləri təbriki etdi

12 iyun 2020 | 16:00

Əziz məzunlar, hörmətli müəllim və valideynlər!

Bütün ölkə ərazisində olduğu kimi, Abşeron rayon məktəblərində də geniş şəkildə təşkil olunan “Son zəng” tədbirləri bu il koronavirus pandemiyası və ölkə ərazisində tətbiq olunan xüsusi karantin rejimi ilə əlaqədar olaraq virtual şəkildə keçirilir. Məqsəd balalarımızı qorumaq, onların sağlamlığının keşiyində durmaqdır. Olsun, təki sağlıq və salamatçılıq olsun. Bu günün “Son zəngi”ni sonraya keçirməklə, sonralar daha çox və təhlükəsiz “Son zəng”lər keçirmək olar. Bu axı son deyil. Hər son özü ilə yeni bir başlanğıc gətirir. Bu gün məktəbə “son”, “əlvida” deyən məzunlar üçün yeni səhifələr açılır. Kimisi müstəqil həyata başlayacaq, kimisi universitet auditoriyalaranda yeni zəngləri salamlayacaq, kimisi də müxtəlif peşə sahələrində öz məharətini və bacarıqlarını sınayacaqdır. Hər bir halda fərd, şəxsiyyət olaraq cəmiyyətə fəal şəkildə atılacaqdır.
Azərbaycanda təhsilin inkişafı ilə bağlı həyata keçirilən dövlət siyasəti hər ötən ildə yeni-yeni naliyyətlər, uğurlar gətirir. Ölkəmizdə həyatın bütün sahələri kimi, təhsilin inkişafına da xüsusi önəm verilir. Yeni-yeni məktəb binaları tikilir, xaricdə təhsil alan azərbaycanlı tələbələrin, beynəlxalq olimpiadalarda qalib adını qazanan şagirdlərimizin sayı ildən-ilə artır. Təbii ki, bu uğurların qazanılması cənab Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təhsilin inkişafına göstərdiyi diqqət və qayğıdan irəli gəlir.
Abşeron rayonundakı məktəblər də respublikamızın qabaqcıl təhsil ocaqlarından biridir. Özünəməxsus fəaliyyəti ilə seçilən məktəblərimizin nailiyyətləri ildən-ilə daha da artır. İnanırıq ki, bu il də Abşeron rayonu təhsil sahəsində olan göstərcilərini daha da yüksəldəcəkdir.
Mən karantin rejimi ilə əlaqədar olaraq pedaqoqlarımızın fədakarlığını xüsusi qeyd etmək istərdim. Onlar min bir əziyyətə və çətinliklərə baxmarayaraq şagirdlərinin təhsildən qalmaması, onların savadlanması üçün əllərindən gələni etdilər, virtual şəkildə dərslərini davam etdirdilər.
Əziz məzunlar, hörmətli müəllim və valideynlər!
Sizin hər birinizi təbrik edirəm. Məzunlara açıq və uğurlu yol, müəllimlərə zəhmətinin bəhrəsini görməyi, valideynlərə isə övladları ilə bağlı ümidlərinə qovuşmağı arzulayıram.
Bayramınız mübarək!

Hörmətlə, İradə Gülməmmədova
Abşeron Rayon İcra Hakimiyyətinin Başçısı

Keçidlər