Şriftin ölçüsü :

Saytın rəngi :

Abşeronda Beynəlxalq Müəllimlər Günü qeyd olunub

05 oktyabr 2018 | 16:00

Abşeron rayonunda Heydər Əliyev Mərkəzində Beynəlxalq Müəllimlər Günü münasibətilə tədbir keçirilib.

Əvvəlcə tədbir iştirakçıları Ulu Öndərin büstünü ziyarət edib, önünə tər güllər qoyublar.

Tədbirdə çıxış edən Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova müəllimləri peşə bayramı münasibətilə təbrik edib, onlara xoş arzularını bildirib. Təhsilin inkişafı və onun beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində həyata keçirilən dövlət siyasətinin real nəticələrindən danışan başçı Abşeron rayonunda təhsillə bağlı görülən işlər barədə söz açıb. Məktəblərin maddi-texniki bazasının möhkəmləndirilməsi və təhsilin keyfiyyətinin yüksəldilməsi istiqamətində mühüm işlərin görüldüyünü vurğulayan İ.Gülməmmədova son illərdə rayonda bir neçə məktəbin əsaslı təmir olunduğunu, yeni məktəb və bağçaların tikilib istifadəyə verildiyini yığıncaq iştirakçılarının diqqətinə çatdırıb. Xanım başçı qeyd edib ki, cənab Prezident İlham Əliyevin sərəncamı ilə Beynəlxalq Müəllimlər Günü ərəfəsində rayonun müəllimlərindən Amalya Məmmədova “Əməkdar müəllim” fəxri adına, Təhsil Nazirliyinin əmrinə əsasən Təhsilin inkişafında fərqləndiyinə Xırdalan şəhər 3 nömrəli tam orta məktəbin müəllimi Firudun əliyev “Qabaqcıl təhsil işçisi” adına, Abşeron Rayon Təhsil Şöbəsinin metodisti Yaydagül Rəhimova və Xırdalan şəhər 9 nömrəli tam orta məktəbin müəllimi Minarə Əhmədova isə Fəxri Fərmana layiq görülüblər.

Bayram tədbirində rayon Təhsil şöbəsinin müdiri Nazilə Məmmədova son illərdə Abşeronda təhsil sahəsində qazanılmış uğurlardan, yeni məktəb binalarının tikintisindən ətraflı söhbət açıb, təhsil işçilərinin sosial müdafiəsinin möhkəmləndirilməsi istiqamətində görülən işlərdən danışıb.

Sonra Respublikanın əməkdar müəllimi, rayon Ağsaqqallar şurasının sədri Nadir Ağayev, “Əməkdar müəllim” fəxri adına layiq görülmüş Xırdalan şəhər 1 nömrəli tam orta məktəbin müəllimi Amalya Məmmədova çıxış edərək Abşeron müəllimləri adından Azərbaycan təhsilinə göstərilən yüksək diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.

Sonda icra başçısı İ.Gülməmmədova tərəfindən təhsilin inkişafındakı xidmətlərinə görə bir qrup müəllimə fəxri fərmanlar təqdim olunub.

Tədbir bədii hissə ilə davam edib.

Keçidlər