Şriftin ölçüsü :

Saytın rəngi :

Abşeron rayonunda müəllimlərin ənənəvi sentyabr konfransı keçirildi

08 sentyabr 2017 | 16:00

Bu gün Abşeron rayon Xırdalan şəhəri Heydər Əliyev Mərkəzində Abşeron rayon təhsil işçilərinin konfransı keçirildi
Abşeron rayonunda keçirilən müəllimlərin ənənəvi sentyabr konfransında 2016-2017-cı dərs ilinin yekunları və qarşıda duran vəzifələr müzakirə olunub.
Konfrans iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin şəhərin mərkəzindəki abidəsi önünə gül dəstələri qoyaraq xatirəsini yad ediblər.

Konfransda hesabat məruzəsi ilə çıxış edən şəhər təhsil şöbəsinin müdiri Nazilə Məmmədova bildirib ki, Azərbaycanda gedən inkişaf prosesi təhsil sistemində də nəzərəçarpan dəyişiklik yaradıb. Respublikada uğurla həyata keçirilən təhsil islahatı pedaqoji kollektivlər qarşısında mühüm vəzifələr qoyub və şəhərin bütün pedaqoji kollektivləri bu vəzifələrin yerinə yetirilməsində fəal iştirak etməyə səy göstərir.

Nazilə Məmmədova qeyd etdi ki, son illər ərzində Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Abşeron rayonu üzrə müəllimlərindən 21 nəfər əməkdar müəllim adına, 11 nəfər Tərəqqi medalına layiq görülmüşdür. Təhsil Nazirliyi tərəfindən 3 müəllim Qabaqcıl Təhsil İşçisi adını almışdır. Hazırda Abşeron Təhsil Şöbəsinin tabeliyində 38 tam orta və 1 ümumi orta təhsil müəssisəsi 2109 siniflə fəaliyyət göstərir. Təlim-tərbiyə 2098 sinifdə 44940 şagirdə Azərbaycan dilində; 111 sinifdə 2745 şagirdə isə rus dilində aparılır.
Dərs ilinin əvvəlində 47677 nəfər şagird məktəblərdə dərsə başlamış, ilboyu 1506 şagird məktəblərdən çıxmış, onlardan buraxılış siniflərindən 33 nəfəri yaşayış yerini dəyişdirdiyinə görə yerdəyişmə etmişlər. 1515 nəfər ilboyu məktəblərə qəbul olunmuş, onlardan 39 nəfəri buraxılış siniflərdəndir ki, onlardan 5 nəfəri rayondaxili, 32 nəfəri respublika məktəblərindən, 2 nəfəri isə xarici ölkədən Təhsil Nazirliyin razılıq məktubu ilə qəbul olunmuşlar. Abşeron rayonu üzrə 2016-2017-ci tədris ilində 109 hazırlıq qrupu açılmış, 2017-2018-ci tədris ilində 2463 nəfər şagirdlə 121 sinif açılması proqnozlaşdırılır.
2016-2017-ci dərs ili məzunlarının ali məktəblərə qəbulu keçən illərə nisbətən yüksəlmişdir. Belə ki, cari dərs ilində rayonun ümumtəhsil məktəblərinin 2074 nəfər məzunundan 1523 nəfəri (73,4%) ali məktəblərə sənəd vermiş, onlardan 995 nəfəri, yəni 65,3%-i tələbə adını qazanmışlar.Aparılmış təhlillər göstərmişdir ki, rayonun bir sıra ümumtəhsil məktəblərinin qəbul göstəriciləri orta rayon göstəricisindən kifayət qədər yüksək olmuşdur.

RTŞ- nin müdiri vurğuladı ki, cari dərs ilində ali məktəblərə qəbul imtahanlarında 600 və daha çox bal toplayan məzunların sayı da artmışdır. İmtahanların nəticələrinə əsasən, 65 nəfər məzun 600-dən çox bal toplamışlar. 600-dən çox bal toplayan məzunlar Xırdalan şəhər 1 nömrəli məktəb üzrə 8 nəfər, Xırdalan şəhər 2 nömrəli məktəb üzrə 6 nəfər, Mehdiabad qəsəbə 1 nömrəli məktəb üzrə 6 nəfər, Xırdalan şəhər 3 nömrəli məktəb üzrə 4 nəfər, Masazır kənd 1 nömrəli məktəb üzrə 4 nəfər olmuşdur.
Rayonumuzda artıq üç il ardıcıl olaraq məzunlarımız ali məktəblərə qəbul zamanı maksimum nəticə göstərərək 700 bal toplamışlar. Ötən dərs ilində olduğu kimi bu il də Xırdalan şəhər 5 nömrəli tam orta məktəbin məzunu Məmmədova Jalə Müşfiq qızı ənənəni davam etdirərək 700 bal toplamışdır.
Diaqnostik qiymətləndirmə təhlili aparılmışdır: rayonun 50-60 bal yığan müəllimləri 538 nəfər, 1-10 bal yığan müəllimlərin sayı isə 23 nəfərdir Çaylı (86,4%) Əliquluqışlaq (88,9), Görədil (47.9%), Mehdiabad qəsəb  2 saylı (43,1%), Saray qəsəbə 1 saylı (41.2%), Qobustan kənd,  Qobu qəsəbə 1 saylı (38%) məktəblərdə diaqnostik qiymətləndirmənin nəticələri çox aşağı olmuşdur. Diaqnostik qiymətləndirmədə nisbətən yüksək nəticəni Novxanı kənd 1 saylı (35,6%), Saray qəsəbə 3 saylı (34%), Xırdalan şəhər 10 saylı (31.8), Xırdlan şəhər 9 saylı (27.1%), Ceyranbatan qəsəb 1 saylı (25,4%), Xırdalan şəhər 4 saylı (25%), Xırdalan şəhər 2 saylı (24,3%) məktəblərinin müəllimləri əldə etmişlər. Ən yüksək nəticəni rayon üzrə Xırdalan şəhər 2 saylı orta məktəbin rus dili müəllimi İradə Misir qızı Hacıyeva (60 bal) göstərmişdir, ən aşağı nəticə isə Xırdalan şəhər 1 saylı orta məktəbdə Nuridə Məmmədovada, Xırdalan şəhər  8 saylı orta məktəbdə Elnarə Mustafayevada  və Saray qəsəbə 2 saylıda Mirvari Məhərrəmovada olmuşdur.
Belə ki, tədris fənləri üzrə olimpiadanın I və II rayon turu keçirilmiş, 128 nəfər şagirdimizin Sumqayıt şəhərində keçirilmiş olimpiadanın zona mərhələsində iştirakı təmin edilmiş, I, II və III yerləri tutmuş 6 nəfər respublika mərhələsinə ezam edilmişdir. Olimpiadanın respublika turunda Masazır kənd  3 saylı  tam orta məktəbin X sinif şagirdi Dilavərli Əbəlhəsən Dilavər oğlu gümüş medala, Xırdalan şəhər 10  saylı  tam orta məktəbin X sinif şagirdi Rzayeva Nəzrin Ramiz qızı bürünc medala layiq görülmüşlər.
Məruzəçi çıxışında vurğuladı ki, Serbiyada yeniyetmələr arasında keçirilmiş Avropa birinciliyində sərbəst güləş üzrə Riyad Aslanov I yeri tutmuşdur. Sarayevo şəhərində yeniyetmələr arasında keçirilmiş Avropa birinciliyində güləşçilərimiz Tofiq Əliyev II yeri, qızlar arasında keçirilmiş Avropa birinciliyində isə Yasəmən Məcidli III yeri və Finlandiyada keçirilmiş Dünya çempionatında Türkan Nəsirova I yeri tutmuşdur.
Uşaq Gənclər İdman Məktəbinin güləşçisi Hacı Əliyev 2014-cü ildə Avropa və dünya çempionu, 2015-ci ildə dünya çempionu və Avropa Oyunlarının bürünc medalçısı, 2016-cı ildə Olimpiya oyunlarının bürünc medalçısı, 2017-ci ildə İslam Həmrəyliyi Oyunlarının çempionu və 2017-ci ildə dünya çempionu olmuşdur. Beləliklə, Hacı Əliyev Olimpiya idman növləri üzrə ölkəmizdə yeganə üçqat dünya çempionu olmuşdur. Bu uğurlara görə Uşaq İdman Məktəbinin məşqçi-müəllimi Elman Əzimzadə və Bədəlov Qırxlar Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Tərəqqi medalı” ilə təltif edilmişlər. Təhsil şöbəsinin müdiri 2017-218-ci tədris ilində Fəaliyyətin prioritet istiqamətlərindən, qarşıda duran vəzifələrdən danışdı.
N. Məmmədova məruzəsinin sonunda qeyd etdi ki, ulu öndərimiz Heydər Əliyevin siyasəti uğurla həyata keçirilir, ideyaları gerçəkləşir, yolu davam etdirilir.
Hər birinizi qarşıdan gələn yeni dərs ilinin başlanması və “Bilik Günü” münasibətilə təbrik edərək, Azərbaycan təhsilinin sabahı, xalqımızın xoşbəxt gələcəyi, milli təhsilimizin tərəqqisi naminə Sizin şəxsinizdə bütün təhsil işçilərinə uğurlar arzuladı.

Sonra Bakı Mühəndislik Universitetinin müəllimi Bayram İbrahimov, Bakı Dövlət İqtisadiyyat və Hümanitar Kollecin direktoru Rüsxarə Əliyeva, Xırdalan şəhər 2 saylı orta məktəbin direktoru Ədalət Camalova və ali məktəblərə qəbul imtahanında 700 bal toplayaraq rayon üzrə maksimum nəticə göstərmiş Jalə Məmmədova çıxış etdilər.

Azərbaycan Respublikasının Təhsil Nazirinin müavini Ceyhun Bayramov çıxış edərək rayon təhsil işçilərini salamladı. Yüksək balla ali məktəblərə qəbul olan tələbələri təbrik etdi. C. Bayramov onlara çətin və şərəfli peşələrində uğurlar arzulayıb. Nazir müavini həlli vacib məsələlərlə bağlı fikirlərini bildirərək yeni dərs ilində təhsil ictimaiyyətinin qarşısında duran əsas vəzifələri nəzərə çatdırıb. O, cari ilin “Təhsildə keyfiyyət ili” elan olunmasının məqsədindən söz açıb.

Rayon icra hakimiyyəti başçısı İradə xanım Gülməmmədova tədbirdə çıxış edərək müəllimləri yeni dərs ilinin başlanması münasibətilə təbrik edib. Təhsilin inkişafı və onun beynəlxalq standartlara çatdırılması ilə bağlı həyata keçirilən dövlət siyasətinin real nəticələrindən danışan İ. Gülməmmədova Abşeron rayonunda bu istiqamətdə görülən işlər barədə məlumat verib. İcra başçısı məktəblərin maddi-texniki bazasının möhkəmləndirilməsi və təhsilin keyfiyyətinin yüksəldilməsi istiqamətində görülən işlərdən ətraflı söhbət açaraq son illərdə şəhərdə bir neçə məktəbin əsaslı təmir edildiyini nəzərə çatdırıb.

Son illər ölkəmizdə həyata keçirilən təhsil islahatlarının uğurlu nəticələrindən, pedaqoji ictimaiyyətin qarşısında duran vəzifələrdən söz açıblar. Onlar yüksək göstəricilərin əldə olunmasını təhsilin keyfiyyətinin yüksəlməsi istiqamətində görülən işlərin nəticəsi kimi dəyərləndiriblər, bu uğurların qazanılmasında əməyi olan şagird və müəllimlərə minnətdarlıqlarını ifadə ediblər.

Sonra bir qrup müəllim, üç qat dünya çempionu, qızıl medal toplayan və 600 dən çox bal toplayan şagirdə fəxri fərman və hədiyyələr təqdim olunub.
Sonda konfrans iştirakçıları adından Prezident İlham Əliyevə ünvanlanan müraciətin mətni oxunub.

Keçidlər