Şriftin ölçüsü :

Saytın rəngi :

Abşerondakı Hərbi Hissədə Heydər Əliyevin respublikamıza birinci dəfə rəhbərliyə gəlməsinin 53-cü ildönümü qeyd edilib

15 iyul 2022 | 11:48

Abşeron rayonunda yerləşən “N” saylı Hərbi Hissədə ümummilli lider Heydər Əliyevin respublikamıza birinci dəfə rəhbərliyə gəlməsinin 53-cü ildönümü münasibətilə “Böyük gələcəyə baxış” adlı tədbir keçirilib. Tədbirdə Korpus komandiri, Vətən Müharibəsi Qəhrəmanı, general-mayor Kənan Seyidov, Abşeron Rayon İcra Hakimiyyətinin başçısınin İçtimai-siyasi və humanitar məsələlər üzrə müavini Gülnar Rəhimova, Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü polkovnik Abdulla Qurbani, şəhid ailələri və hərbi hissənin şəxsi heyəti iştirak edib. İştirakçılar əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər. Hərbi Hissənin akt zalında davam etdirilən tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, ümummilli lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Qeyd edilib ki, xalqımızın ümummilli lideri Heydər Əliyev şəxsiyyətinin Azərbaycan dövlətçilik tarixində müstəsna yeri vardır. Azərbaycançılıq məfkurəsinin parlaq daşıyıcısı kimi Heydər Əliyev öz müdrik siyasəti, dönməz iradəsi və tarixi uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyasının gerçəkləşdirilməsinə, müasir Azərbaycan dövlətinin qurulmasına və xalqımızın müstəqillik arzusuna çatmasına nail olmuşdur. Məhz Heydər Əliyevin fəaliyyəti nəticəsində Azərbaycan özünün geostrateji, iqtisadi və mədəni potensialından istifadə edərək Şərqlə Qərb arasında etibarlı körpü rolunu oynamağa başlamış, dünyanın ən dinamik inkişaf edən və güclü orduya malik ölkələrindən birinə çevrilmişdir.
Azərbaycanda müasir demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu, vətəndaş cəmiyyətinin təşəkkülü, milli-mənəvi dəyərlərə qayıdış, elmin, təhsilin, mədəniyyətin inkişafı, eləcə də mütəşəkkil, çevik, müzəffər Azərbaycan Ordusunun yaradılması Heydər Əliyevin adı ilə bağlıdır.
Tədbirdə Ulu Öndərin Azərbaycan xalqı və dövləti qarşısında əvəzsiz tarixi xidmətləri barədə ətraflı söhbət açılıb. Qeyd edilib ki, Heydər Əliyev 1969-cu il 14 iyulda Azərbaycan rəhbərliyinə seçildiyi ilk gündən postsovet məkanında analoqu olmayan cəsarətli addımlar atmış, bütün mənalı həyatını xalqımızın və dövlətimizin firavan, xoşbəxt gələcəyinə həsr edərək əbədiyyət zirvəsinə ucalmışdır.
Layihənin müəllifi Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü polkovnik Abdulla Qurbani Heydər Əliyevin xalqımızın dünyada mübariz, qəhrəman, əməksevər, istedadlı bir xalq kimi, dövlətimizin isə qüdrətli, güclü, müstəqil bir dövlət kimi tanıdılmasında müstəsna xidmətlərindən danışıb.
Ulu Öndərin səsi ilə tamaşaçılara təqdim olunan Xalq şairi Səməd Vurğunun “Azərbaycan” şeirini tədbir iştirakçılar ayağa qalxaraq alqışlarla qarşılayıb.
Əməkdar artist, Prezident mükafatçısı polkovnik-leytenant Cahangir Qurbanov və əsgər xoru dünyaşöhrətli sənətkarımız Müslüm Maqomayevin Heydər Əliyevə həsr etdiyi “Azərbaycan” mahnısını böyük şövqlə ifa edib. Videoçarxın nümayişi ilə böyük ömrün bəzi məqamları işıqlandırılıb.
Vətən Müharibəsi Qəhrəmanı general-mayor Kənan Seyidov Azərbaycan xalqının və dövlətinin son yarıməsrlik tarixində qazanılan bütün uğur və nailiyyətlərin əsasında Heydər Əliyev uzaqgörənliyinin və ideyalarının durduğunu nəzərə çatdıraraq qeyd edib ki, Heydər Əliyev fəaliyyətin bütün sahələrində öz layiqli izini qoyub. Hər hansı bir sahə üzrə mütəxəssislərə fitri bilik və bacarığı, zəngin təcrübəsi ilə örnək olub. Hələ ötən əsrin 70-ci illərində digər respublikaların vətəndaşları azərbaycanlılara qibtə edər və Heydər Əliyev kimi böyük bir şəxsiyyətin rəhbərliyi altında işləməyi arzulayardılar.
Məşhur “91-lər”dən olan siyasi elmlər doktoru, professor Vüqar Rəhimzadə deyib ki, əlli üç il bundan əvvəl ölkəmizin gələcəyi üçün yaradılan möhkəm təməl Azərbaycanın hazırda qalib ölkə kimi təqdimatında əhəmiyyətli rol oynadı. Hələ 1969-cu il iyulun 14-də Azərbaycanın rəhbəri seçilən ulu öndər Heydər Əliyev respublikamızın xoşbəxt gələcəyi istiqamətində biri-birindən mühüm addımlar atdı, ən əsası həmin vaxtdan başlayaraq milli şüurun formalaşması, azərbaycançılıq ideologiyasının inkişafı prioritet məsələlər sırasında oldu.
Abşeron Rayon İcra Hakimiyyəti başçısının müavini Gülnar Rəhimova çıxış edərək Azərbaycanın inkişaf etməsinin, Azərbaycançılıq ideologiyasının, milli birlik, müasir dövlət quruculuğunun Heydər Əliyevin adı ilə bağlı olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb. Ulu Öndərin ideyalarının xalqımızın rifah gələcəyinə, müsatəqilliyinin daimiliyinə, vətənimizin bütövlüyünə, dövlətimizin surətli inkişafına xitmət etdiyini qeyd edən başçının müavini bu ideyaların hazırda da Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirtildiyini söyləyib.
Sonra Vətən Müharibəsi Qəhrəmanı polkovnik Telman Hüseynov, Birinci Qarabağ müharibəsi iştirakçısı, ehtiyatda olan zabit, şəhid leytenant Elvin Şükürlünün atası Azad Şükürlü və başqaları çıxış edərək ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısında əvəzedilməz xidmətlərindən danışıb və bundan sonra da Heydər Əliyev ideyalarına sadiq olacaqlarını bildiriblər.
Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzi yaradıcı kollektivinin ifasında ulu öndər Heydər Əliyevə həsr olunan musiqi əsərləri, xalq mahnıları təqdim olunub.

Keçidlər