Rayon haqqında
Tarixi
Abşeron rayonu 1963-cü il yanvar ayının 4-də yaradılmışdır.
Rayonun yaradılmasında əsas məqsəd Bakı və Sumqayıt şəhərlərinin əhalisini kənd təsərrüfatı məhsulları ilə təmin etməkdən ibarət olmuşdur.
Abşeron rayonu 16 inzibati ərazi dairəsindən: 1 şəhər, 9 qəsəbə və 6 kənddən ibarətdir.
Xırdalan şəhəri əhalisinin sayına görə rayonun ən böyük yaşayış məntəqəsi olmaqla həm də rayonun inzibati mərkəzidir. Xırdalan 2006-cı ilin oktyabr ayınadək qəsəbə adlandırılmışdır. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 2006-cı ilin oktyabr ayından Xırdalana şəhər statusu verilmişdir. Ərazisi 1696 hektar olmaqla, əhalisi 195673 nəfərdir.
Saray qəsəbəsi də rayonun qədim və böyük yaşayış məntəqələrindən biridir. Ərazisi 3398 hektar, əhalisi 37654 nəfərdir. Sənədlərdə adı ilk dəfə 1774-cü ildən çəkiliir. Lakin tarixi mənbələrdə kəndin mənşəcə 13-cü əsrdə monqolların tərkibində Azərbaycana gəlmiş saray tayfasının ərazidə məskunlaşması nəticəsində yaranması ehtimal olunur.
Mehdiabad Abşeronun yeni salınmış, lakin böyük qəsəbələrindən biridir. Mehdiabad qəsəbəsinin salınması sırf iqtisadi amillərlə bağlı olub. Abşeron yarımadasında kənd təsərrüfatını, xüsusilə üzümçülüyü inkişaf etdirmək məqsədilə bu ərazidə 1956-cı ildə sovxoz yaradılıb. 1958-ci ildə ilk yaşayış evləri tikilib istifadəyə verilib. Qəsəbədə əsasən Azərbaycanın müxtəlif bölgələrindən olan, xüsusilə 1949-1950-ci illərdə Ermənistandan departasiya edilmiş insanlar məskunlaşıb. Ərazisi 1957 hektar, əhalisi isə 20528 nəfərdir.
Qobu qəsəbəsinin tarixinin təxminən 700 il olduğu ehtimal olunur. Bu yaşayış məskəninin adı «çökəklik» mənasında işlənir. Qobulular əsasən maldarlıqla məşğul olurlar. Qəsəbənin ərazisi 4700 hektar, əhalisi isə 17465 nəfərdir.
Ceyranbatan qəsəbəsi də Abşeron rayonunun yeni salınmış yaşayış məntəqələrindən biridir. Əhalisi 9617 nəfər, ərazisi isə 3168 hektardır. Bakı şəhərinin 25 kilometrliyində yerləşir. Ceyranbatan 1950-ci ildə inşaatçılar qəsəbəsi kimi yaradılmışdır. Rəvayətlərə görə qəsəbənin salındığı ərazi əvvəllər bataqlıq olduğu üçün oradan ceyranlar keçə bilməyərək batmışlar. 1959-cu ildə salınmış və suyunu Samur-Abşeron kanalından alan Ceyranbatan su anbarı təbii çökəklikdə yerləşir.
Hökməli qəsəbəsi bir sıra tarixi mənbələrdə Abşeronun orta əsrlərdə salınmış yaşayış məntəqələrindən hesab olunur. Lakin digər tarixi mənbələrdə Hökməli hələ atəşpərəstlik dövründə yaşayış yeri kimi mövcud lmuşdur. Tarixi mənbələrdə Hökməlinin adı «Gökan» kimi qeyd olunur. Lakin miladi tarixi ilə 665-661-ci illərdə Azərbaycan ərəb qoşunları tərəfindən işğal olunduqdan sonra Hökməli kimi adlanmağa başlayır. Yəni, «Əlinin hökmü ilə islamı qəbul edən yer». Qəsəbə dəniz səviyyəsindən 300 metr yüksəklikdə yerləşir. Əhalisi 17144 nəfər, ərazisi isə 1750 hektardır.
Güzdək qəsəbəsi də Abşeronun qədim yaşayış məntəqələrindən biridir. Bakının 22 kilometrliyində yerləşir. Əhalisi 3307 nəfər, ərazisi isə 3285 hektardır. Güzdəyin tarixi təxminən 800 il hesablanır. Qəsəbədə 500 yaşı olan daş tapılıb. Bəzi mənbələrə görə «Güzdək» «türk məskəni», digər mənbələrə görə isə «Payız otlağı», «payız binəsi», «kölgəli yer» deməkdir. Eyni zamanda «Güzdək» quzu saxlanılan yer mənasını da daşıyır.
Aşağı Güzdək Abşeronda salınmış yeni yaşayış məskənlərindəndir. Ərazisi 1461 hektar, əhalisi isə 7895 nəfərdir. Qəsəbə Güzdək dəmiryolu stansiyası adı altında 1952-ci ildə hərbiçilər tərəfindən yaradılmışdır.
Digah Abşeronun orta əsr kəndlərindəndir. Bu sözün mənşəyi ətrafında iki mülahizə mövcuddur. Birinci «digah yüksək suvarılmayan yer», ikinci isə «iki təpə arasında yer, məkan, kənd» mənası verir. Ərazisi 417 hektar, əhalisi isə 9729 nəfərdir.
Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 06 aprel 2024-cü il tarixli Sərəncamı ilə rayonun ərazisində Şəfəq qəsəbəsi yaradılmışdır. Ərazisi 258 hektar, əhalisi isə 12000 nəfərdir.
Abşeron bağlarının yaranma tarixi mənbələrə görə 5 min il əvvələ gedib çıxır. Bu ərazidə yerləşən bağlar arasında Novxanı bağları ən qədimi sayılır. Novxanı kəndinin ərazisi 2697 hektar, əhalisi isə 14308 nəfərdir. Novxanı kəndi XVII əsrin ortalarında dəniz suyunun artması (bəzi mənbələrdə güclü zəlzələ) nəticəsində batmışdır. Əhali indi Aşağıbaş adlanan yerdə məskunlaşmışdır. Yeni tikilmiş evlərə farsca «nov xanı», yəni «təzə evlər» adlandırılmışdır ki, bu da sonradan Novxanı kimi səslənmişdir.
Masazır Abşeronun qədim kəndlərinin siyahısındadır. Məşhur Masazır duz gölünün sahilində yerləşir. Ərazisi 1634 hektar, əhalisi isə 68859 nəfərdir. Masazır kəndinin tarixi çox az öyrənilib.
Məmmədli kəndi Abşeronun nisbətən cavan kəndlərindən sayılsa da, onun yerləşdiyi ərazi haqqında çox qədim mənbələrdə məlumat verilir. Bizim eradan əvvəl yaranmış tarixin atası adlandırılan Heredot Azərbaycana səyahət edərkən «Yanardağ»da olmuş, onun yaxınlığında yaşayış məskəninin olduğunu qeyd etmişdir. Yerli əhalinin dediyinə görə 1112-ci ildə monqol işğalı zamanı cənub bölgələrinə gedərək orada Məhəmmədi, Qasımxanlı, Şahsevənli, Qaradağlı adlı kəndlər salmışlar. Kəndin ərazisi 1174 hektar, əhalisi isə 17300 nəfərdir.
Fatmayı Abşeronun qədim kəndlərindən olsa da tarixi az öyrənilib. Əhalisi 6652 nəfər olmaqla, ərazisi 1043 hektardır. Fatmayı kəndinin adı ilə bağlı iki mülahizə vardır. Birinci fikirə görə kənd yelçəkər ərazidə yerləşdiyi üçün «mehi fəth edən yer» anlamına uyğun «Fatmayı» adlanır. İkinci mülahizəyə görə isə kəndin adı «Fatimi» sözündən, yəni Fatimənin nəslindən olanlar adlanıb.
Görədil Abşeronun orta əsrə aid kəndlərindən olsa da, tarixi az öyrənilmişdir. Görədil kəndinin mənası Gör-Ədil, yəni dağ aşrımı üstündə yer, məkan deməkdir. Kəndin əhalisi 2575 nəfər, sahəsi isə 420 hektardır.
Pirəkəşkül vaxtilə Abşeronun qədim kəndlərindən olub. Kənd uzun müddət Çaylı adını daşıyıb. Əhali əsasən qoyunçuluqla məşğul olub. Lakin 1950-ci illərdən əhali Sumqayıt şəhərinə və Saray qəsəbəsinə köçüb. 1988-ci ildə azərbaycanlılar Ermənistandan deportasiya olunduqdan sonra Nazirlər Kabinetinin 30 avqust 1989-cu il tarixli 361 saylı qərarı ilə Qobustan qoyunçuluq sovxozunun ərazisində 300 ailəyə həyətyanı torpaq sahəsi ayrılıb. Kəndin ərazisi 5200 hektar, əhalisi isə 4110 nəfərdir.