“Heydər Əliyev İli” çərçivəsində Abşeronda “Heydər Əliyev və Azərbaycan dili” mövzusunda dəyirmi masa keçirilib
1 Avqust “Azərbaycan əlifbası və Azərbaycan dili günü” münasibətilə “Heydər Əliyev və Azərbaycan dili” mövzusunda tanınmış ziyalıların iştirakı ilə dəyirmi masa keçirilib.
Xırdalan şəhərində yerləşən Heydər Əliyev Mərkəzində Abşeron Rayon İcra Hakimiyyətinin (RİH) təşkilatçılığı ilə baş tutan görüşdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin və şəhdilərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Görüşdə Abşeron RİH başçısının müavini Gülnar Rəhimova, YAP Abşeron rayon təşkilatının sədri Abbas Əliyev, AMEA-nın Dilçilik İnstitutunun direktor müavini Baba Məhərrəmli, Azərbaycan Yazıçılar Birliyinin katibi İlqar Fəhmi, Ədəbiyyat qəzetinin şöbə redaktoru Sərvaz Hüseynoğlu, tanınmış ziyalılar, eləcə də rayonun təhsil və mədəniyyət işçiləri iştirak ediblər.
Azərbaycan dilinin xalqımızın milli varlığını müəyyən edən başlıca amillərdən biri olduğunu diqqətə çatdıran G.Rəhimova ana dilimizin hüquqi bazasının yaradılmasında, inkişafında və dünya dilləri arasında öz layiqli yerini tutmasında Ulu Öndər Heydər Əliyevin tarixi xidmətlərini xüsusi vurğulayıb, hazırda bu siyasi xəttin Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, dilimizin qorunması, zənginləşdirilməsi və gələcək nəsillərə çatdırılması istiqamətində ardıcıl tədbirlərin həyata keçirildiyini bildirib.
Sonra tədbirdə YAP Abşeron rayon təşkilatının sədri Abbas Əliyev, AMEA-nın Dilçilik İnstitutunun direktor müavini Baba Məhərrəmli, Azərbaycan Yazıçılar Birliyinin katibi İlqar Fəhmi, Ədəbiyyat qəzetinin şöbə redaktoru Sərvaz Hüseynoğlu və Saray qəsəbə 3 nömrəli tam orta məktəbin direktoru Təyyubə Hüseynova çıxış edərək bildiriblər ki, ana dilimiz xalqımızın keçdiyi bütün tarixi mərhələlərdə onunla birgə olmuş, onun taleyini yaşamışdır. Əsrlərdir ki, xalqımızın əbədiyaşarlığına xidmət edən ana dilimiz qədim tarixə malik olan, min illərin burulğanlarından alnıaçıq, üzüağ çıxaraq müasir dövrə gəlib çatmış ən böyük mənəvi sərvətimizdir. Ana dilimiz dövlət rəmzlərimiz olan himn, gerb, bayraq kimi müqəddəsdir. Azərbaycan dilinin ölkənin dövlət dili elan edilməsində xalqımızın Ümummilli Lideri Heydər Əliyevin çox böyük xidmətləri olub. Bu gün Azərbaycan dilinin hərtərəfli inkişafı, dövlət dilinə çevrilməsi, diplomatiya aləminə yol açması, dünyanın ən mötəbər tribunalarından eşidilməsi Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulan dil siyasəti ilə bağlıdır. Prezident İlham Əliyev də bu siyasəti uğurla davam etdirir.
Dəyirmi masa mövzu ətrafında müzakirələrlə yekunlaşıb.