Heydər Əliyev Fondunun humanizm və xeyirxahlıq missiyası gənclərin formalaşmasında mühüm rol oynayır
26.08.2025-ci il tarixində Abşeron rayon Heydər Əliyev Mərkəzində “Heydər Əliyev Fondunun humanizm və xeyirxahlıq missiyasının gənclərin formalaşmasında rolu” mövzusunda görüş keçirilib. Tədbir xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və respublikamızın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb. Ardınca Heydər Əliyev Fondunun fəaliyyətindən bəhs edən videoçarx nümayiş edilib.
Toplantıda Abşeron Rayon İcra Hakimiyyəti başçısının müavini Gülnar Rəhimova, eləcə də Uşaq Səfirlər Məclisinin Abşeron rayon üzrə nümayəndələri və fəal gənclər iştirak ediblər.
Çıxışında Gülnar Rəhimova bildirib ki, Ulu Öndər Heydər Əliyev Fondunun fəaliyyəti ulu öndər Heydər Əliyevin ideyalarına, milli-mənəvi dəyərlərə və humanist ənənələrə əsaslanır. Fondun təşəbbüsləri ölkənin sosial, mədəni, elmi və humanitar inkişafında mühüm rol oynayıb, gələcək nəslin sağlam, bilikli və cəmiyyətə faydalı vətəndaş kimi formalaşmasına xidmət edib.
Qeyd olunub ki, Fondun prezidenti, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva humanizm və xeyirxahlıq missiyasının həyata keçirilməsində misilsiz xidmətlər göstərib. Onun rəhbərliyi ilə icra olunan layihələr təkcə ölkə daxilində deyil, beynəlxalq miqyasda da geniş rəğbət qazanıb. Mehriban xanım Əliyevanın təşəbbüsü ilə uşaq bağçaları, məktəblər, səhiyyə müəssisələri tikilib, aztəminatlı ailələrə və xüsusi qayğıya ehtiyacı olan şəxslərə davamlı dəstək göstərilib. Təhsil, mədəniyyət və səhiyyə sahələrində həyata keçirilən proqramlar gənc nəslin vətənpərvər, sağlam, müasir düşüncəli şəxsiyyətlər kimi yetişməsinə mühüm təsir göstərib.
Mehriban xanım Əliyevanın milli və bəşəri dəyərlərə sadiq fəaliyyəti, tolerantlıq və humanizm prinsiplərinin beynəlxalq miqyasda təbliği Azərbaycanın dünyada xeyirxahlıq məkanı kimi tanınmasına və nüfuzunun artmasına töhfə verib.
Görüşdə Uşaq Səfirlər Məclisinin üzvləri fəal iştirak edib, suallar ünvanlayıb və interaktiv müzakirələr aparıblar. Sonda iştirakçılar Heydər Əliyev Fondunun və Mehriban xanım Əliyevanın humanizm və xeyirxahlıq missiyasının gənclərin formalaşmasında əvəzsiz rolunu xüsusi vurğulayıblar.
Daha sonra tədbir iştirakçıları Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin 2 saylı Sağlamlıq İmkanları Məhdud Uşaqlar üçün Sosial Xidmət Müəssisəsini ziyarət ediblər.






