Azad edilmiş ərazilərin tarixi irsi Abşeronda rəsm əsərlərində nümayiş olundu
Abşeron rayonunda “Konstitusiya və Suverenlik İli” çərçivəsində işğaldan azad olunmuş ərazilərdə yerləşən tarix və mədəniyyət abidələrini əks etdirən rəsm sərgisi təşkil olunub.
Abşeron Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə baş tutan sərgi Konstitusiya dəyərlərinin, dövlət müstəqilliyi və suverenliyinin təbliği baxımından xüsusi əhəmiyyət kəsb edib.
Sərgidə nümayiş etdirilən rəsm əsərlərində azad edilmiş torpaqlarda yerləşən tarixi abidələr, milli-mədəni irsimizin zənginliyi, eləcə də Azərbaycan dövlətçiliyinin rəmzləri uşaq və yeniyetmələrin yaradıcı baxış bucağından təsvir olunub. Əsərlər gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasına, milli kimlik və dövlət suverenliyi anlayışlarının aşılanmasına xidmət edib.
Tədbirdə iştirak edən Abşeron Rayon İcra Hakimiyyəti başçısının müavini Gülnar Rəhimova sərgiyə baxış keçirərək təqdim olunan əsərlərlə yaxından tanış olub. O, bu cür mədəni-maarifləndirici tədbirlərin Konstitusiya dəyərlərinin təbliği, dövlət müstəqilliyinin möhkəmləndirilməsi və gənclərin milli ruhda yetişdirilməsi baxımından mühüm rol oynadığını vurğulayıb, iştirakçıların yaradıcılıq potensialını yüksək qiymətləndirib.
Sərginin sonunda iştirak edən gənc rəssamlar Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən təşəkkürnamələrlə təltif olunublar.






