Şriftin ölçüsü :

Saytın rəngi :

Abşeronda Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb

26 fevral 2026 | 14:59

Abşeron rayonunda Xocalı soyqırımının 34-cü ildönümünə həsr olunmuş silsilə anım tədbirləri keçirilib. Abşeron Rayon İcra Hakimiyyəti, Abşeron RİH yanında İctimai Şura, Abşeron - Xızı Regional Gənclər və İdman İdarəsi və Abşeron-Xızı Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən növbəti anım tədbiri Xırdalan şəhər 8 nömrəli tam orta məktəbdə baş tutub.

Tədbirdə şəhid ailələri, Xocalı qurbanlarının yaxınları, Vətən müharibəsi iştirakçıları, rayonun bir sıra idarə və müəssisələrinin rəhbərləri, müəllim və şagird heyəti RİH könüllüləri və gənclər iştirak ediblər.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin, Vətən uğrunda canından keçmiş qəhrəmanların və Xocalı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət Himni səsləndirilib. Ardınca faciəyə həsr edilmiş sənədli film nümayiş etdirilib.

Abşeron Rayon İcra Hakimiyyəti başçısının müavini Gülnar Rəhimova çıxışında vurğulayıb ki, Xocalı soyqırımına ilk siyasi-hüquqi qiymət məhz Ulu Öndər Heydər Əliyev tərəfindən verilib və onun təşəbbüsü ilə 26 fevral tarixi Milli Məclis tərəfindən Xocalı Soyqırımı Günü elan olunub. Qeyd edilib ki, Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələr, o cümlədən 2008-ci ildən davam edən “Xocalıya ədalət!” beynəlxalq kampaniyası nəticəsində bir sıra ölkələrin parlamentləri və beynəlxalq təşkilatlar faciəni soyqırımı kimi tanıyıblar.

Bildirilib ki, Xocalı faciəsinin qisası döyüş meydanında alınıb. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı tarixi Qələbə 30 illik işğala son qoyub. Bu gün Xocalı da daxil olmaqla ölkənin bütün suveren ərazilərində üçrəngli dövlət bayrağı dalğalanır.

Qeyd olunub ki, hazırda Abşeronda Xocalıdan olan 230 ailə (892 nəfər) yaşayır. Onlardan 22-si soyqırımı qurbanlarının ailələridir. “Böyük Qayıdış” proqramı çərçivəsində isə 6 ailə (24 nəfər) artıq doğma yurduna köçürülüb.

Daha sonra çıxış edən Xocalı sakinləri və şəhid ailələrinin üzvləri – Brilyant Hacıyeva, Tahirə Hüseynova, Gülər Abdullayeva, Abşeron RİH yanında İctimai Şuranın sədri, Vətən müharibəsi şəhidi Elçin Həsənlinin anası Xatirə İsmayılova, həmçinin Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Abşeron rayonu üzrə məsləhətçisi Eltac İsmayılov bildiriblər ki, soyqırımı nəticəsində 613 nəfər qətlə yetirilib, 487 nəfər yaralanıb, 1275 nəfər əsir götürülüb, 150 nəfər itkin düşüb, 8 ailə isə tamamilə məhv edilib.

Qeyd edək ki, Xocalı şəhidlərinin anım günündə Abşeron Rayon İcra Hakimiyyəti və Hədəf Şirkətlər Qrupunun birgə həyata keçirdiyi “Bir şəhidin kitabı” esse-yazı müsabiqəsinin qalibləri mükafatlandırılıb.

Tədbirdə Hədəf Liseylərinin icraçı direktoru Nizami Hüseynov, Abşeron Rayon İcra Hakimiyyətinin Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Gülnar Rəhimova, şəhid Təbriz İsayevin həyat yoldaşı Aygün İsayeva, valideynlər çıxış ediblər.

Bildirilib ki, bu il layihəyə 60 nəfəri Abşeron rayon məktəblərindən olmaqla ümumilikdə 75 şagird qoşulub, şəhidlərimizə həsr olunan onlarla hekayə və kitab hazırlanıb. Kitabların ideyası, mətnləri və tərtibatı şagirdlərin öz zəhməti və yaradıcılığı əsasında ərsəyə gəlib.

Tədbir çərçivəsində məktəblilər tərəfindən ədəbi-bədii kompozisiyalar təqdim olunub, qəhrəmanlıq ruhunda şerlər səsləndirilib, vətənpərvərlik  mahnıları ifa edilib, səhnəciklər nümayiş etdirilib.

Sonda müsabiqədə qalib gələn və həvəsləndirici yerləri tutan məktəblilər mükafatlandırılıb.

Keçidlər