Abşeronda vətəndaş cəmiyyəti institutları tərəfindən silsilə tədbirlər keçirilib
Azərbaycan Respublikasında “Konstitusiya və Suverenlik İli” çərçivəsində Abşeron Rayon İcra Hakimiyyətinin təşkilati dəstəyi, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə rayon ərazisində vətəndaş cəmiyyəti institutları tərəfindən bir sıra tədbirlər həyata keçirilib.
Layihələr çərçivəsində “Əsgər Ailəsi Cəmiyyəti” Vətənpərvərliyin Təbliği İctimai Birliyi tərəfindən “Tarixi Zəfərin 5 illik yubileyi”, “Aktor” İctimai və Sosial Tədqiqatlar İctimai Birliyi tərəfindən “Narkotik: yeni çağırış və təhlükələr!”, “Müasir İnternet Resurslarının İnkişafı” İctimai Birliyi tərəfindən “Qarabağa qayıdış prosesində informasiya cəmiyyətinin rolu”, “Səssiz Dünya” işarə dilində danışan əlillərə və idmançılara dəstək İctimai Birliyi tərəfindən “Gəncliyin Qalası: Təhsil və sağlamlıq”, Davamlı Elmi-Sosial İnkişaf İctimai Birliyi tərəfindən isə “Uğura doğru addımla – biznes fəaliyyəti təlimləri” mövzularında tədbirlər təşkil olunub.
Bütün tədbirlərdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Toplantılarda Abşeron Rayon İcra Hakimiyyəti başçısının müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gülnar Rəhimova, Milli Məclisin deputatları Ceyhun Məmmədov və Müşfiq Məmmədli, Abşeron RİH yanında İctimai Şuranın sədri, şəhid Elçin Həsənlinin anası Xatirə İsmayılova, Abşeron Rayon Ağsaqqallar Şurasının sədri, şəhid Rauf İbadovun atası Məhərrəm İbadov, ictimai birliklərin rəhbərləri, şəhid ailələri, müharibə iştirakçıları, könüllülər, gənclər və rayon ictimaiyyəti iştirak ediblər.
Çıxış edən Abşeron RİH başçısının müavini Gülnar Rəhimova vurğulayıb ki, Ulu Öndər Heydər Əliyevin siyasi xəttinin layiqli davamçısı olan Prezident İlham Əliyev tərəfindən həyata keçirilən hüquqi islahatlar, dövlət proqramları və ictimai təşəbbüslər ölkəmizin suverenliyinin daha da möhkəmlənməsinə xidmət edir. Onun sözlərinə görə, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli iradəsi və uzaqgörən siyasəti nəticəsində Azərbaycan tarixi Zəfərə imza ataraq ərazi bütövlüyünü və suverenliyini tam bərpa edib.
Gülnar Rəhimova həmçinin qeyd edib ki, 2025-ci ilin ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan edilməsi milli dövlətçilik ənənələrinin möhkəmlənməsinə, dünya azərbaycanlılarının, xüsusilə gənclərin vahid amal ətrafında birləşməsinə geniş imkanlar yaradacaq.
Daha sonra çıxış edən digər natiqlər də həyata keçirilən layihələrin mahiyyəti barədə danışıblar. Onlar tədbirlərin ictimai şüurun formalaşdırılmasında, gənclərin maarifləndirilməsində, sağlam həyat tərzinin təbliğində və vətənpərvərlik ruhunun gücləndirilməsində mühüm rol oynadığını vurğulayıblar.
Qeyd olunub ki, belə tədbirlər cəmiyyətin müxtəlif təbəqələrinin – gənclərin, qadınların, əlilliyi olan şəxslərin, müharibə iştirakçılarının və şəhid ailələrinin fəal iştirakına şərait yaradır və onların sosial inteqrasiyasına mühüm töhfə verir.
Natiqlər bildiriblər ki, həyata keçirilən təşəbbüslər dövlətin vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlığının bariz nümunəsi olmaqla yanaşı, milli həmrəyliyin möhkəmlənməsinə və dövlətçilik ənənələrinin qorunub saxlanılmasına da xidmət edir. Onların sözlərinə görə, Abşeron rayonunda keçirilən bu silsilə tədbirlər “Konstitusiya və Suverenlik İli”nin məram və məqsədlərinə uyğun olaraq, ictimai həyatın müxtəlif sahələrində faydalı nəticələr əldə olunmasına zəmin yaradır.






