Abşeronda Üzeyir Hacıbəylinin 140 illiyinə həsr olunmuş musiqi gecəsi keçirilib
18 Sentyabr – Milli Musiqi Günü ərəfəsində XVII Beynəlxalq Musiqi Festivalı çərçivəsində görkəmli bəstəkar, Azərbaycan professional musiqisinin banisi Üzeyir Hacıbəylinin 140 illik yubileyinə həsr olunmuş möhtəşəm klassik musiqi gecəsi təşkil olunub.
Mədəniyyət Nazirliyi və Dövlət Turizm Agentliyinin birgə təşkilatçılığı ilə Abşeron rayonunda yerləşən Yanardağ Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunda baş tutan tədbirdə Abşeron Rayon İcra Hakimiyyəti başçısının müavini Gülnar Rəhimova, dövlət qurumlarının nümayəndələri, tanınmış musiqiçilər və rayon ictimaiyyəti iştirak edib.
Qeyd olunub ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı sərəncama əsasən, Üzeyir Hacıbəylinin 140 illik yubileyi ölkə üzrə geniş tədbirlər planı ilə qeyd olunur. Abşeronda keçirilən bu musiqi gecəsi də həmin yubiley silsiləsinin tərkib hissəsi olub.
Konsert proqramında Azərbaycanın məşhur solistləri və instrumental ansamblları Üzeyir Hacıbəylinin sevilən əsərlərini ifa ediblər. Səslənən klassik nümunələr həm musiqiçilərin yüksək peşəkarlığı, həm də təbiət qoynunda – Yanardağın unikal mühitində tamaşaçılara unudulmaz anlar yaşadıb.
Tədbir sonda alqışlarla qarşılanıb və dahi bəstəkarın zəngin irsinin Azərbaycan musiqi mədəniyyətinin əbədi xəzinəsi olduğu bir daha vurğulanıb.






