Şriftin ölçüsü :

Saytın rəngi :

Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib

01 aprel 2024 | 16:37

Xırdalandakı Heydər Əliyev Mərkəzində TƏBİB və Abşeron Rayon İcra Hakimiyyətinin dəstəyi, Abşeron Rayon Mərkəzi Xəstəxanasının təşkilatçılığı ilə “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” adlı elmi-nəzəri konfrans keçirilib.

Tədbirdə qonaq qismində TƏBİB-in İcraçı direktorunun müavinləri Araz Nəsirov və Anar İsrafilov, Milli Məclisin deputatı Müşfiq Məmmədli, Abşeron Rayon İcra Hakimiyyəti başçısının müavini Gülnar Rəhimova, Azərbaycan Tibb Universitetinin Ağız və üz-çənə cərrahiyyəsi kafedrasının müdiri, professor Çingiz Rəhimov, Azərbaycan İmplantoloqlar İctimai Birliyinin sədri Cabbar Həsənov, TƏBİB-in, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin məsul şəxsləri, tibb müəssisələrinin direktorları, həkimlər, həmçinin rayonun tabeli müəssisələrinin rəhbərləri iştirak ediblər.

Konfrans iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin Xırdalan şəhərində ucaldılmış abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər.

Konfransda Abşeron Rayon Mərkəzi Xəstəxanasının direktoru Azər İsmayılov elmi-nəzəri hədəflərdən danışıb, rəhbərlik etdiyi xəstəxanada son illər bu istiqamətdə həyata keçirilən yeniliklər barədə məlumat verib.

Tədbirdə çıxış edən Abşeron Rayon İcra Hakimiyyətinin başçısının müavini Gülnar Rəhimova Ulu Öndər Heydər Əliyevin səhiyyə sahəsində başlatdığı islahatların hazırda dövlətimizin başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb. Son illər ərzində Azərbaycanda səhiyyə sisteminin təkmilləşdirilməsi istiqamətində islahatların aparıldığını, səhiyyənin inkişafı, maddi-texniki bazasının, kadr potensialının gücləndirilməsi və infrastrukturunun yenilənməsinin daim dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu bildirib.

Səhiyyə sistemində aparılan islahatların vətəndaşların sağlamlığının etibarlı təminatına xidmət etdiyini diqqətə çatdıran G.Rəhimova milli səhiyyə sistemimizin sürətlə müasirləşirdiyini, icbari tibbi sığorta çərçivəsində əhaliyə göstərilən tibbi xidmətlərin səmərəliliyinin və keyfiyyətinin yüksək səviyyədə olduğunu qeyd edib.

G.Rəhimova həmçinin Vətən müharibəsində hərbçilərimizlə yanaşı, tibb işçilərinin də əsl qəhrəmanlıqlarını, peşələrinə sədaqətindən söz açıb. Müharibə başlayandan Zəfər gününə qədər hər iki andına sadiq qalan həkimlərimizin həm ön, həm də arxa cəbhədə cəsarət, misilsiz dəyanət və humanizm nümunələri nümayiş etdirdiklərini qeyd edib.

Daha sonra çıxış edənlər üz-çənə və baş-boyun patologiyalarının müalicəsində qarşıya çıxan mövcud problemlərdən, əldə olunmuş nailiyyətlərdən danışıblar.

Abşeron Rayon Mərkəzi Xəstəxananın Üz-çənə cərrahiyyəsi şöbəsinin müdiri, tibb üzrə fəlsəfə doktoru Vüqar Qurbanov tibb müəssisəsində keçən ilin mart ayından fəaliyyətə başlayan şöbədə istənilən üz-çənə patologiyasi ilə müraciət edən vətəndaşlara icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində yüksək səviyyədə xidmət göstərildiyini və şöbəyə il ərzində 1825 ambulator, 323 stasionar olmaqla, 2148 müraciət daxil olduğunu qeyd edib.

Professor Çingiz Rəhimovun moderatorluğu ilə keçən elmi hissədə üz-çənə cərrahiyyəsi sahəsində böyük təcrübələri olan həkimlər "Üz-çənə cərrahiyyəsi və kəllə-üz cərrahiyyəsinə doğru inkişaf", "Anadangəlmə damaq yarıqları, uşaqlarda üz travmaları", "Qulaqaltı vəzin adebomalarında cərrahi üsulla müalicə", "Frontal sinus mukosellərinin yaranma səbəbləri", həmçinin "Abşeron Rayon Mərkəzi Xəstəxanasında üz-çənə travmaları və travmalara təcili yanaşma" ilə bağlı təqdimatlarla çıxış ediblər.

Sonda mövzu ilə əlaqədar fikir mübadiləsi aparılıb, iştirakçılara təşəkkürnamə və sertifikatlar təqdim olunub.

Keçidlər