Abşeronda uşaq hüquqlarının müdafiəsi mövzusunda seminar keçirilib
Abşeron Rayon İcra Hakimiyyəti yanında “Gender zorakılığı və uşaqlara qarşı zorakılıq” üzrə monitorinq qrupu tərəfindən Xırdalan şəhərində yerləşən Heydər Əliyev Mərkəzində orta ümumtəhsil məktəblərinin rəhbər heyətinin, o cümlədən psixoloqlar, uşaq birliklərinin rəhbərləri, habelə təhsil müəssisəsində çalışan tibb personalının iştirakı ilə “Yeniyetmə dövründə “Bulling” hallarının qarşısının alınması məqsədilə profilaktik tədbirlərin görülməsindən irəli gələn seminar keçirilib.
Seminarda Abşeron Rayon İcra Hakimiyyəti başçısının müavini, Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə Monitorinq Qrupunun rəhbəri Gülnar Rəhimova, Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Uşaq məsələləri şöbəsinin böyük məsləhətçisi Təranə Piriyeva, Abşeron- Xızı Regional Təhsil İdarəsinin metosit-psixoloqu İstək Bəxtiyarova, Xırdalan ASM müdiri vəzifəsini müvəqqəti icra edən Samirə Muxtarova və Digah qəsəbə tam orta məktəbin praktik psixoloqu Vüsalə Səfərova çıxış edərək qeyd ediblər ki, keçirilən seminarların əsas məqsədi ümumi təhsil müəssisələrində sağlam mənəvi-psixoloji mühiti təmin etmək, təhsilalanların hər hansı fiziki və psixoloji zorakılıq hallarından qorunmasına yardımçı olmaqdan ibarətdir. Həmçinin təhsil işçiləri və şagirdləri bullinq davranışları ilə tanış etmək, onun qarşısını almaqda müəllimlərə dəstək olmaq da seminarın əsas hədəflərindəndir.
Seminarda ümumi təhsil müəssisələrində sağlam mənəvi-psixoloji və tam təhlükəsiz mühitin yaradılması, təhsilalanlarda müsbət davranış modelinin formalaşdırılması, məktəb-ailə münasibətlərinin düzgün tənzimlənməsi və bu istiqamətdə müvafiq işlərin görülməsi barədə geniş məlumatlar verilib.