Abşeronda uşaq hüquqlarının müdafiəsi istiqamətində növbəti tədbir keçirilib
Abşeron rayon İcra Hakimiyyəti və Abşeron-Xızı Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı və Abşeron Rayon Polis İdarəsinin təşəbbüsü ilə rayon ərazisində yerləşən ümumtəhsil müəssisələrinin direktorları ilə görüş keçirilib.
Xırdalan şəhərində yerləşən Heydər Əliyev Mərkəzində baş tutan görüşdə Abşeron Rayon İcra Hakimiyyəti başçısının müavini Gülnar Rəhimova, Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdiri İlhamə Abdullayeva, Abşeron Rayon Polis İdarəsinin rəisinin xidmət üzrə müavini, polis polkovnik-leytenantı Vüsal Axundov, RPİ-nin şəxsi heyətlə iş üzrə rəis köməkçisi polis mayoru Anar Musayev, , həmçinin rayonun ümumtəhsil məktəblərinin direktorları iştirak ediblər.
Tədbir Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 27 noyabr 2020-ci il tarixli, 2306 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020–2030-cu illər üçün Fəaliyyət Planı”na uyğun olaraq, şagirdlərin təhlükəsizliyinin təmin edilməsi, yetkinlik yaşına çatmayanların hüquq pozuntularının qarşısının alınması, eləcə də kəsici-deşici alətlərin məktəblərə gətirilməsi hallarının qarşısını almaq məqsədini daşıyıb.
Tədbir Ulu Öndər Heydər Əliyevin və vətənimizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Abşeron Rayon İcra Hakimiyyətinin başçısının müavini Gülnar Rəhimova çıxışında bildirib ki, əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan dövlət uşaq siyasətini uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın bu sahədə fəaliyyətləri, milli qanunvericilik və beynəlxalq öhdəliklərin icra olunması, eləcə də imzalanan fərman və sərəncamların, təsdiqlənən dövlət proqramlarının xronologiyasına diqqət yetirmək kifayətdir və bu gün əminliklə qeyd etmək olar ki, müstəqil Azərbaycanın uşaqları diqqət və qayğı ilə tam əhatə olunub.
G.Rəhimova əlavə edib ki, təhsil müəssisələrində uşaqların fiziki və mənəvi təhlükəsizliyinin qorunması dövlət siyasətinin əsas istiqamətlərindən biridir və bu sahədə Abşeronun orta ümumtəhsil məktəblərində hüquq-mühafizə orqanlarının iştirakı ilə silsilə tədbirlər keçirilir.
Qeyd edilib ki, maarifləndirmə tədbirləri çərçivəsində mütəmadi olaraq Abşeron RİH başçısı yanında komissiyaların üzvləri, aidiyyəti dövlət qurumlarının, qeyri-hökumət təşkilatlarının, kütləvi informasiya vasitələrinin nümayəndələrinin, həmçinin psixoloq və narkoloq həkimlərin iştirakı ilə orta məktəblərdə şagirdlər və onların valideynləri ilə görüşlər, yığıncaqlar, dəyirmi masalar təşkil olunur.
Daha sonra Abşeron Rayon Polis İdarəsinin rəisinin xidmət üzrə müavini, polis polkovnik-leytenantı Vüsal Axundov və Abşeron RPİ-nin şəxsi heyətlə iş üzrə rəis köməkçisi, polis mayoru Anar Musayev çıxışlarında Abşeron RPİ tərəfindən rayon ərazisində uşaq hüquqlarının müdafiəsi və yetkinlik yaşına çatmayanlar arasında hüquq pozuntularının profilaktikası istiqamətində görülmüş çoxşaxəli işlər barədə geniş məlumat verərək, yeniyetmələrlə iş, şagirdlərin davranış qaydalarına riayət etməsi, dərs prosesindən üzrsüz səbəblərlə yayınması, eləcə də valideynlərin övladlarını təhsildən yayındırması hallarının qarşısının alınması və bu sahədə ailə-məktəb-polis əməkdaşlığının əhəmiyyəti haqqında danışıblar.
Qeyd edilib ki, son illər Abşeron Rayon Polis İdarəsi tərəfindən təhsil müəssisələrində, xüsusilə orta məktəblərdə və uşaq bağçalarında hüquqi maarifləndirmə tədbirləri planlı şəkildə həyata keçirilir.
Polis əməkdaşları tərəfindən keçirilən bu görüşlərdə şagirdlərə uşaq hüquqları, təhlükəsiz davranış qaydaları, məktəb və ictimai yerlərdə nizam-intizamın qorunması, kiber təhlükəsizlik, sosial mediadan düzgün istifadə, həmçinin erkən nikah, zorakılıq, narkotik, o cümlədən asılılıq yaradan maddələr və digər sosial təhlükələr barədə ətraflı məlumatlar verilir. Bildirib ki, bu istiqamətdə məqsəd yalnız hüquq pozuntularının qarşısını almaq deyil, eyni zamanda uşaqlar arasında təhlükəsizlik mədəniyyətini formalaşdırmaq, vətəndaş məsuliyyətini artırmaq və onların cəmiyyətə sağlam düşüncəli fərd kimi inteqrasiyasını təmin etməkdir.
Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdiri İlhamə Abdullayeva isə çıxışında bildirib ki, son illərdə məktəblərdə təhlükəsizlik məsələlərinə xüsusi diqqət yetirilir. O, müəllimlərin və şagirdlərin maarifləndirilməsi istiqamətində davamlı tədbirlərin həyata keçirildiyini qeyd edib və bu sahədə əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyini vurğulayıb.
Tədbir iştirakçıları arasında fikir mübadiləsi aparılıb, məktəblərdə təhlükəsizlik tədbirlərinin daha da gücləndirilməsi istiqamətində təklif və tövsiyyələr səsləndirilib.






