Abşeronda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə keçirilən inşa yazı müsabiqəsinin qalibləri mükafatlandırılıb
Xırdalan şəhərində yerləşən Heydər Əliyev Mərkəzində Abşeron Rayon İcra Hakimiyyətinin, Abşeron-Xızı Regional Təhsil İdarəsi və Abşeron Xızı - Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə rayonda fəaliyyət göstərən ümumtəhsil müəssisələrində oxuyan IX-XI sinif şagirləri üçün Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102- ci ildönümünə həsr edilmiş “Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” adlı konfrans keçirilib.
Əvvəlcə iştirakçılar Heydər Əliyev Mərkəzinin muzeyində dahi şəxsiyyət Heydər Əliyevin zəngin həyat və fəaliyyətini əks etdirən fotostendlər və eksponatlarla tanış olublar.
Tədbirdə Ümummilli Lider Heydər Əliyevin və vətənimizin azadlığı uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dövlət himni səsləndirilib.
Konfransda çıxış edən Abşeron Rayon İcra Hakimiyyəti başçısının müavini Gülnar Rəhimova 2020-ci il sentyabrın 27-də Ermənistanın təxribatlarına cavab olaraq başlanmış Vətən müharibəsində tarixi qələbə və 2023-cü il sentyabrın 19–20-də həyata keçirilmiş uğurlu antiterror əməliyyatı nəticəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyinin tam bərpa edildiyini, Azərbaycan Konstitusiyasının hüquqi qüvvəsinin işğaldan azad olunan bütün ərazilərdə bərqərar olduğunu və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 19 sentyabr 2024-cü il tarixli, 294 nömrəli Sərəncamına əsasən, sentyabrın 20-sinin Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü elan edildiyini vurğulayıb.
G.Rəhimova bildirilib ki, Ümummilli Lider Heydər Əliyevin irsinin təbliği və qorunması istiqamətində həyata keçirilən tədbirlər, o cümlədən, məktəblilər arasında inşa-yazı müsabiqəsinin keçirilməsi Ümummilli Lider Heydər Əliyevin irsinin daha dərindən öyrənilməsinə xidmət edir.
Konfransda həmçinin Abşeron rayonununda inşa-yazı müsabiqəsində fərqlənən və qalib olmuş şagirdlərinin, habelə ölkə üzrə “Ən yaxşı təqdimat” müsabiqəsində uğur qazanmış şagirdlərin çıxışları dinlənilib.
Daha sonra “Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” adlı inşa-yazı müsabiqəsinə təqdim edilmiş yazıların qaliblərinin mükafatlandırılması həyata keçirilib.
Birinci yeri Abşeron rayon Saray qəsəbəsi Azim Müzəffərov adına 2 nömrəli tam orta məktəbin 10-cu sinif şagirdi Leyli Qulizadə, ikinci yeri Xırdalan şəhər 8 nömrəli tam orta məktəbin 9-cu sinif şagirdi Türkan Vəlişova, üçünçü yeri isə Allahverdi Novruzov adına Pirəkəşkül kənd tam orta məktəbin 9-cu sinif şagirdi Mikayıl Nəhmətli tutub.
Sonda inşa-yazı müsabiqəsində iştirak etmiş şagirdlərə fəxri fərman, diplom və təşəkkürnamələr təqdim olunub.