Abşeronda “Qərbi Azərbaycan repressiya və soyqırımı qurbanlarının tədqiqi” layihəsi çərçivəsində görüş keçirilib
“Hərbi Mövzular üzrə İxtisaslaşmış Jurnalistlər” İctimai Birliyinin “Qərbi Azərbaycan repressiya və soyqırımı qurbanlarının tədqiqi” layihəsi çərçivəsində növbəti tədbir Abşeron rayonunda keçirilib.
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi və Abşeron Rayon İcra Hakimiyyətinin təşkilati dəstəyi ilə həyata keçirilən tədbirdə rayonun müxtəlif qəsəbələrində məskunlaşmış Qərbi Azərbaycan mənşəli ziyalılar, gənclər, o cümlədən Uşaq Səfirlər Məclisinin Abşeron rayon üzrə nümayəndələri, könüllülər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbirin açılışında Ulu Öndər Heydər Əliyevin, şəhidlərin və repressiya, soyqırım və deportasiya qurbanlarının xatirəsi ehtiramla yad edilib.
Görüşdə çıxış edən Abşeron RİH başçısının müavini Gülnar Rəhimova vurğulayıb ki, Ulu Öndər Heydər Əliyevin siyasi xəttinin layiqli davamçısı olan Prezident İlham Əliyev tərəfindən həyata keçirilən hüquqi islahatlar, dövlət proqramları və ictimai təşəbbüslər ölkəmizin suverenliyinin daha da möhkəmlənməsinə xidmət edir. Onun sözlərinə görə, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli iradəsi və uzaqgörən siyasəti nəticəsində Azərbaycan tarixi Zəfərə imza ataraq ərazi bütövlüyünü və suverenliyini tam bərpa edib. Bundan sonra xalqımızın yeganə problemi öz əzəli və əbədi torpaqları olan Qərbi Azərbaycanın həqiqi sahiblərinin ata-baba yurdlarına qaytarılması, onların hüquqlarının bərpasıdır.
Gülnar Rəhimova həmçinin qeyd edib ki, 2025-ci ilin ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan edilməsi milli dövlətçilik ənənələrinin möhkəmlənməsinə, dünya azərbaycanlılarının, xüsusilə gənclərin vahid amal ətrafında birləşməsinə geniş imkanlar yaradacaq.
“Hərbi Mövzular üzrə İxtisaslaşmış Jurnalistlər” İctimai Birliyinin sədri Tamxil Ziyəddinoğlu layihənin əsas məqsədinin Azərbaycan tarixindən ayrı salınmış Qərbi Azərbaycanlı repressiya, soyqırımı və deportasiya qurbanlarını tədqiq etmək və gənc nəsli ata yurduna qayıtmağa təşviq etmək olduğunu bildirib. O, layihəyə dəstək verən QHT-lərə Dövlət Dəstəyi Agentliyinə və Abşeron rayon rəhbərliyinə minnətdarlığını ifadə edib.
Tədbirdə çıxış edən jurnalist Bəxtiyar Bəxtiyarov Qərbi Azərbaycan mövzusunun tədqiqinin çətinliyindən danışıb. O, tarixi məlumatlara istinad edərək, 1918-1920-ci illərdə Qərbi Azərbaycanda 575 min türk yaşadığını, 1920-ci ildə isə burada cəmi 20 min azərbaycanlının siyahıya alındığını, 499 kəndin isə dağıdıldığını bildirib.
Layihənin eksperti, tarixçi Bəxşeyiş Ələmşahov öz təcrübələrini bölüşərək, Abşeron rayon rəhbərliyinə layihəyə verdiyi dəstəyə görə minnətdarlığını bildirib.
Uşaq Səfirlər Məclisinin gənc nümayəndəsi Ayxan Abbaszadə isə babasının Göyçə həsrətindən bəhs edərək, “Qərbi Azərbaycan əcdadlarımızın məscid tikib azan səsi eşitdiyi müqəddəs məkanımızdır. İnanıram ki, doğma yurdumuza mütləq qayıdacağıq” – deyə ümidini dilə gətirib.
Tədbirin rəsmi hissəsindən sonra iştirakçılara son 200 ildə xalqımıza vurulan zərərləri əks etdirən bukletlər paylanıb. Təşkilatçılar tərəfindən Abşeron Rayon İcra Hakimiyyətinin kitabxanasına “Güllə səsinə açılan qapı” kitabı hədiyyə edilib.






