Şriftin ölçüsü :

Saytın rəngi :

Abşeronda Qarabağa qayıdış proqramı çərçivəsində təlimlər keçirilib

16 iyul 2024 | 14:42

Abşeron rayonunda məskunlaşan, Qarabağa qayıtmağa hazırlaşan bir qrup şəxsə müxtəlif sənət növləri üzrə dərslər keçirilib.  Mədəniyyət Nazirliyinin dəstəyi, Abşeron Rayon İcra Hakimiyyətinin və "Azərbaycan mədəni irs sənətkarlığına dəstək və kreativ sənaye" İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilən “Qarabağda xalq sənətkarlığının inkişafı” layihəsi çərçivəsində qurama və oyma sənəti üzrə ustad dərsləri təşkil olunub.

Sözügedən layihə çərçivəsində qurama üzrə tanınmış sənətkar Səbirə Qarayevanın köməyi ilə təlim iştirakçısı olan xanımlar kiçik parçaları birləşdirərək müasir zamana uyğun, müxtəlif məişət əşyaları, dekorativ nümunələr ərsəyə gətiriblər.

Layihə çərçivəsində təkcə qurama deyil, həm də oyma sənəti üzrə təlimlər keçirilib. Təlim iştirakçıları oyma ustası Azər Əsədovun rəhbərliyi ilə taxta üzərində müxtəlif rəsmlər, cizgilər, fiqurlar oyulması texnikası ilə tanış olublar.

Abşeron rayon İcra Hakimiyyəti başçısının müavini Gülnar Rəhimova qurama üzrə emalatxananı ziyarət edərək keçirilən təlimlərlə yaxından tanış olub. İctimai Birliyinin sədri Aytən Həsənova layihə haqqında məlumat verərək bildirib ki, burada əsas məqsəd xalq sənətkarlığının inkişafı, itirilməkdə olan sənət növlərinin yaşadılması, həmçinin bu sahədə yeni kadrların hazırlanması işinə töhfə verməkdən ibarətdir.

G.Rəhimova işğaldan azad edilmiş ərazilərə böyük qayıdış Azərbaycanın 2030-cu ilədək beş Milli Prioritetindən biri kimi müəyyən olunduğunu bildirərək bu qəbildən olan layihələrin öz yurd-yuvalarına qayıdacaq vətəndaşlarımızın rifahi, eləcə də iş, zəruri sosial və dövlət xidmətləri ilə təmin olunmasına və digər imkanlara şərait yaradacağını vurğulayıb.

Təlimlərin sonunda layihə iştirakçılarının yaratdıqları yeni sənətkarlıq nümunələrinin “Yanar dağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət qoruğunda sərgisi keçirilib. Sərgidə xalq sənətkarları ilə yanaşı, təlim iştirakçıları da öz əlləri ilə hazırladıqları ilk sənət nümunələrini nümayiş etdiriblər. Tədbir zamanı Yanardağ qoruğunu ziyarət edən onlarla turist sənətkarların əl işlərini maraqla izləyiblər, bu əsərlərin hazırlanma üsulları ilə maraqlanıblar.

Qeyd edək ki, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin maliyyə dəstəyilə həyata keçirilən layihə “Azərbaycan mədəni irs sənətkarlığına dəstək və kreativ sənaye” İctimai Birliyi tərəfindən icra olunur. Layihənin məqsədi xalq sənətkarlığının inkişafı, itməkdə olan sənət növlərinin yaşadılması, həmçinin bu sahədə yeni kadrların hazırlanması işinə töhfə vermək, həm də Qarabağa qayıdacaq şəxslərin peşə əldə etməsinə yardım göstərməkdən ibarətdir.

Keçidlər