Şriftin ölçüsü :

Saytın rəngi :

Abşeronda narkomaniyaya qarşı maarifləndirici tədbir keçirilib

29 avqust 2025 | 17:40

Abşeron rayonunda “Konstitusiya və Suverenlik ili” çərçivəsində narkotiklərlə mübarizə tədbirlərinin gücləndirilməsi istiqamətində “Narkomaniyaya qarşı mübarizəyə dair Yaddaş təlimatı” adlı maarifləndirici tədbir təşkil olunub.

Xırdalan şəhərində yerləşən Heydər Əliyev Mərkəzində baş tutan görüşdə Abşeron Rayon İcra Hakimiyyəti başçısının müavini, RİH yanında “Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə” rayon komissiyasının sədri Gülnar Rəhimova, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun məsul əməkdaşı Vasif Quliyev, RİH-nin hüquq şöbəsinin əməkdaşı İlahə Eyvazova və rayonun ümumtəhsil məktəblərinin psixoloqları iştirak ediblər.

Tədbir Dövlət Himninin səsləndirilməsi və Ulu Öndər Heydər Əliyevin, həmçinin Vətən uğrunda canından keçmiş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Gənclərin düzgün formalaşmasında ailə ilə yanaşı məktəbin, o cümlədən məktəb psixoloqlarının rolunun əvəzsiz olduğunu və onların üzərinə olduqca böyük məsuliyyət düşdüyünü qeyd edən G.Rəhimova ölkəmizdə narkomanlığa, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizənin prioritet istiqamətlərdən biri kimi müəyyən olunduğunu və həlli istiqamətində kompleks mübarizənin aparıldığını bildirib. Qeyd olunub ki, bu istiqamətdə RİH yanında fəaliyyət göstərən Narkomaniyaya və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Komissiya da mühüm rol oynayır. Komissiya tərəfindən mütəmadi olaraq  müvafiq qrumlarla birgə silsilə xarakterli maarifləndirici tədbirlər, o cümlədən  məktəblərdə və ictimai yerlərdə görüşlər təşkil edilir, gənclərin sağlam həyat tərzinə yönləndirilməsi üçün müxtəlif layihələr icra edilir.

Vasif Quliyev öz növbəsində bildirib ki, narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində ölkəmizdə mühüm dövlət proqramları təsdiq edilmiş və uğurla həyata keçirilmişdir. O, xüsusilə 2019–2024-cü illəri əhatə edən proqram çərçivəsində profilaktik və maarifləndirici tədbirlərin genişləndirildiyini, hazırda isə yeni Dövlət Proqramının hazırlanmaqda olduğunu diqqətə çatdırıb.

Daha sonra İlahə Eyvazova mövzunun hüquqi tərəflərinə diqqət çəkib. O, narkotik vasitələrin istifadəsi və qanunsuz dövriyyəsi ilə bağlı qanunvericilikdə ciddi cəzaların nəzərdə tutulduğunu bildirib və gənclərin erkən yaşlardan hüquqi biliklərinin artırılmasının vacibliyini qeyd edib.

Görüşdə məktəb psixoloqları hesabat xarakterli çıxış edərək təmsil etdikləri məktəblər tərəfindən cari ildə görülmüş işlər və qarşıda duran vəzifələr, o cümlədən mövcud problemlər və onların həlli istiqamətində nəzərdə tutulmuş işlər barəsində ətraflı məlumat verib,

Tədbirin sonunda psixoloq-müəllimləri maraqlandıran suallar cavablandırılıb, Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən hazırlanmış maarifləndirici vəsaitlər – bukletlər və “Narkotiklər haqqında həqiqəti bilin” adlı yaddaş kitabçaları iştirakçılara təqdim olunub.

Keçidlər