Abşeronda narkomaniya ilə mübarizə istiqamətində silsilə maarifləndirici tədbirlər keçirilib
Abşeron Rayon İcra Hakimiyyətinin (RİH) və Abşeron Rayon Polis İdarəsinin birgə təşkilatçılığı ilə 2025–2026-cı tədris ilinin cari dövründə Abşeron rayonunun bir sıra ümumtəhsil müəssisələrində narkomaniyaya qarşı maarifləndirici silsilə tədbirlər təşkil olunub.
“Narkomaniya ümumbəşəri bəladır” mövzusuna həsr edilmiş tədbirlər Xırdalan şəhər 6 nömrəli, Qobu qəsəbə 1, 2 və 3 nömrəli, Mehdiabad qəsəbə 2, 3, 4 və 5 nömrəli, Digah, Məmmədli, Fatmayı, Görədil və Ə.Qadaşov adına Pirəkəşkül məktəblərində, həmçinin Saray qəsəbə 1, 2 və 3 nömrəli, Ceyranbatan qəsəbə 1 və 2 nömrəli, Hökməli qəsəbə tam orta, Novxanı kənd 1 və 2 nömrəli, Masazır kənd 1, 2 və 3 nömrəli orta ümumtəhsil məktəblərində keçirilib.
Tədbirlərdə Abşeron Rayon İcra Hakimiyyəti başçısının müavini, RİH yanında “Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə” Rayon Komissiyasının sədri Gülnar Rəhimova çıxış edərək narkomaniyanın cəmiyyət üçün yaratdığı ciddi təhlükələrdən danışıb. O, Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 17 sentyabr tarixli, 721 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nın əsas məqsəd və vəzifələri barədə şagirdlərə ətraflı məlumat verib.
Qeyd olunub ki, Dövlət Proqramı narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizənin gücləndirilməsi, antinarkotik təbliğatın genişləndirilməsi, ictimai maarifləndirmənin artırılması, narkomaniyaya düçar olmuş şəxslərin müalicə və reabilitasiyası sahəsində yeni yanaşmaların tətbiqi, qanunvericiliyin təkmilləşdirilməsi və beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi kimi mühüm istiqamətləri əhatə edir.
Tədbirlərdə Abşeron Rayon Polis İdarəsinin Yetkinlik Yaşına Çatmayanlarla Profilaktiki Işin Təşkili Qrupunun baş inspektoru, polis mayoru Elbrus Əhmədov, Rayon İcra Hakimiyyətinin və inzibati ərazi dairələri üzrə nümayəndəliklərin məsul şəxsləri, Rayon Ağsaqqallar Şurası, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Abşeron-Xızı regional bölməsinin, Abşeron Rayon Mərkəzi Xəstəxanasının, Abşeron-Xızı Regional Təhsil İdarəsinin Abşeron sektorunun, eləcə də vətəndaş cəmiyyəti institutlarının nümayəndələri çıxış edərək narkomaniyanın insan sağlamlığına, cəmiyyətin mənəvi-əxlaqi dəyərlərinə və ictimai təhlükəsizliyə vurduğu zərərlərdən bəhs ediblər. Bildirilib ki, bu təhlükəli sosial bəlanın qarşısının alınması məqsədilə Abşeron rayonunda ardıcıl və məqsədyönlü tədbirlər davam etdirilir.
Sonda şagirdləri maraqlandıran suallar cavablandırılıb, mövzu ətrafında geniş müzakirələr aparılıb.






