Abşeronda istehsalat sahəsində gender məsələləri və qadınların əmək hüquqları diqqət mərkəzindədir
Abşeron rayonunda istehsalat müəssisələrində gender bərabərliyinin qorunması, qadınların əmək bazarında fəal və bərabər əsaslarla iştirakının təmin edilməsi daim diqqət mərkəzində saxlanılır. Bu istiqamətdə həyata keçirilən tədbirlər qadınların məşğulluq imkanlarının genişləndirilməsinə, onların peşə bacarıqlarının inkişafına, təhlükəsiz və layiqli əmək şəraitində çalışmasına, eləcə də əmək hüquqlarının tam və effektiv şəkildə qorunmasına xidmət edir.
Bu çərçivədə Abşeron rayon İcra Hakimiyyəti başçısının müavini, gender məsələlərinə məsul şəxs Gülnar Rəhimova rayon ərazisində fəaliyyət göstərən bir sıra istehsalat müəssisələrində olub. Səfər zamanı “Səhliyalı” MMC, “Zəhmət-Ruzi” MMC, “Ay-Min” MMC ət və süd məhsulları istehsalı müəssisələrində, habelə “ESEN TEKSTİL” MMC və əl işlərindən ibarət keramika hədiyyəliklər istehsal edən “Nargis Porcelain” müəssisəsində mövcud iş şəraiti ilə yaxından tanışlıq aparılıb, texnoloji mərhələlər, istifadə olunan avadanlıqlar və istehsal gücü yerində izlənilib.
Eyni zamanda əmək şəraiti, işin təşkili, işçilər üçün yaradılmış sosial-məişət imkanları, mövcud infrastruktur və istehsalat mühiti ətraflı şəkildə öyrənilib, əməyin mühafizəsi və təhlükəsizlik qaydalarına riayət olunma vəziyyəti ilə tanışlıq həyata keçirilib.
Ziyarət zamanı G.Rəhimova müəssisələrdə çalışan qadın əməkdaşlarla görüşərək onların iş prosesi, tutduqları vəzifələr, istehsalatda iştirak səviyyəsi, peşəkar bacarıqları, karyera yüksəlişi imkanları, eləcə də onlar üçün yaradılmış əmək və sosial təminat imkanları ilə maraqlanıb.
Qadın əməkdaşlar öz təcrübələri, qarşılaşdıqları çətinliklər və əldə etdikləri nailiyyətlər barədə fikirlərini bölüşüb, iş mühitindən məmnunluqlarını ifadə ediblər. Qeyd olunub ki, vaxtilə ağır fiziki əmək tələb edən işlər müasir texnologiyaların inkişafı nəticəsində yüngülləşmiş, bu da qadınların iş yükünün azalmasına imkan yaratmışdır.
Görüşlərdə qadınların əmək bazarında fəal iştirakının artırılmasının, onların rəhbər və qərarverici vəzifələrdə təmsilçiliyinin genişləndirilməsinin, habelə gender bərabərliyinin təmin edilməsinin sosial ədalətin, inklüziv cəmiyyətin formalaşdırılmasının və dayanıqlı inkişafın əsas şərtlərindən biri olduğu qeyd edilib.
G.Rəhimova çıxışında Azərbaycanda qadın hüquqları və gender bərabərliyi sahəsində möhkəm hüquqi bazanın formalaşdırıldığını, bu siyasətin əsaslarını Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyini və hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb. O bildirib ki, gender bərabərliyinin təmin olunması dövlət siyasətinin prioritet istiqamətlərindən biridir və bu sahədə həyata keçirilən tədbirlər qadınların iqtisadi müstəqilliyini gücləndirir, əmək bazarında bərabər imkanlar yaradır və cəmiyyətin ümumi rifahına mühüm töhfə verir.
Qeyd edilib ki, Abşeron rayonunda gender bərabərliyinin təmin olunması, qadınların əmək bazarında fəallığının artırılması və sosial müdafiəsinin gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər qeyd olunan strateji hədəflərin icrasına və bu sahədə davamlı nəticələrin əldə olunmasına xidmət edir.






