Şriftin ölçüsü :

Saytın rəngi :

Abşeronda Energetiklər Günü qeyd olundu

20 oktyabr 2025 | 15:39

Abşeron Rayon İcra Hakimiyyətində Energetiklər Günü münasibətilə tədbir keçirilib. Toplantıda rayonun enerji təsərrüfatında çalışan əməkdaşlar, “Azərişıq” ASC-nin Abşeron RETSİ-nin rəhbərliyi və energetika sahəsinin mütəxəssisləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Abşeron Rayon İcra Hakimiyyəti başçısının müavini İlkin Əsədov energetika sahəsində çalışan insanların ölkəmizin sosial-iqtisadi inkişafında mühüm rol oynadığını qeyd edib. O bildirib ki, Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulan enerji siyasəti bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir və Azərbaycanın regional enerji mərkəzinə çevrilməsini təmin edib.

RİH başçısının müavini diqqətə çatdırıb ki, Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar qəbul olunmuş Tədbirlər Planının 4.8-ci bəndinin icrası çərçivəsində Abşeron rayonunda da bir sıra layihələr reallaşdırılır. Bu layihələr enerji səmərəliliyinin artırılması, alternativ enerji mənbələrindən istifadənin genişləndirilməsi və ekoloji tarazlığın qorunması istiqamətində mühüm addımları əhatə edir.

İ.Əsədov həmçinin vurğulayıb ki, bərpa olunan enerji mənbələrinin inkişafı, “yaşıl enerji” strategiyasının reallaşdırılması və enerji təhlükəsizliyinin gücləndirilməsi istiqamətində həyata keçirilən layihələr ölkənin davamlı iqtisadi yüksəlişinə xidmət edir. O, Abşeron rayonunda inşa edilən 78 meqavat gücündə külək elektrik stansiyasını bu siyasətin uğurlu nəticələrindən biri kimi qiymətləndirib.

Qeyd olunub ki, 12 külək turbinindən ibarət stansiyanın istismara verilməsi ilə ildə 300 milyon kilovat-saatdan çox elektrik enerjisi istehsal ediləcək. Bu layihə nəticəsində ildə 220 milyon kubmetr təbii qaza qənaət olunacaq və 400 min tondan artıq  karbon emissiyasının atmosferə atılmasının qarşısı alınacaq.

Çıxışlarda Ulu Öndər Heydər Əliyevin ölkədə müasir enerji sisteminin formalaşmasındakı misilsiz xidmətləri, həmçinin Birinci vitse-prezident Mehriban Əliyevanın “yaşıl enerji” və ekoloji təşəbbüslərinin əhəmiyyəti vurğulanıb.

Sonda enerji sahəsində uzunmüddətli və səmərəli fəaliyyəti ilə fərqlənən əməkdaşlar Abşeron Rayon İcra Hakimiyyətinin Fəxri Fərmanları ilə təltif olunublar.

Keçidlər