Abşeronda “Dövlət Suverenliyi təhsil siyasətinin inkişafı konteksində” adlı tədbir keçirilib
Xırdalan şəhərində yerləşən Heydər Əliyev Mərkəzində “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Dövlət Suverenliyi Günü” münasibətilə Abşeron Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Dövlət Suverenliyi təhsil siyasətinin inkişafı konteksində” adlı dəyirmi masa təşkil olunub. Tədbirdə Abşeron RİH başçısının müavini Gülnar Rəhimova, rayonun ümumtəhsil məktəblərinin direktorları və təhsil işçiləri iştirak ediblər.
İlk öncə Ümummilli Lider Heydər Əliyevin və vətənimizin azadlığı uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan RİH başçının müavini Gülnar Rəhimova 2020-ci il sentyabrın 27-də Ermənistanın təxribatlarına cavab olaraq başlanmış Vətən müharibəsində tarixi qələbə və 2023-cü il sentyabrın 19–20-də həyata keçirilmiş uğurlu antiterror əməliyyatı nəticəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyinin tam bərpa edildiyini, Azərbaycan Konstitusiyasının hüquqi qüvvəsinin işğaldan azad olunan bütün ərazilərdə bərqərar olduğunu və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 19 sentyabr 2024-cü il tarixli, 294 nömrəli Sərəncamına əsasən, sentyabrın 20-sinin Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü elan edildiyini vurğulayıb.
Ölkəmizdə təhsilin inkişafının daim dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu və Ümummilli Lider Heydər Əliyevin təhsil sahəsinə göstərdiyi xüsusi diqqət və qayğını xatırladan Abşeron Rayon İcra Hakimiyyəti başçısının müavini Gülnar Rəhimova bildirib ki, bu gün həmin siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir, eyni zamanda Birinci Vitse-Prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondu tərəfindən təhsilin inkişafına yönələn çoxsaylı layihələr həyata keçirilir.
Bildirilib ki, Müstəqilliyimizin ən böyük nailiyyətlərindən biri milli təhsil sistemimizi qurmaq, onu dünya standartlarına uyğun inkişaf etdirmək və eyni zamanda milli-mənəvi dəyərlər əsasında formalaşdırmaqdır. Bu, dövlətimizin suveren hüququ və prioritetidir.
Dəyirmi masa çərçivəsində təhsil işçiləri Konstitusiyada öz əksini tapmış dövlətçilik ideyalarının, vətənpərvərlik və milli mənlik duyğusunun tədris prosesində daha effektiv şəkildə təbliği istiqamətində müzakirələr aparıblar. Həmçinin müasir çağırışlara uyğunlaşdırılmış təhsil strategiyalarının ölkənin suveren inkişaf siyasətindəki rolu barədə fikir mübadiləsi edilib.
Tədbir, məktəblərdə Konstitusiya və dövlət suverenliyi mövzularında təlim-tərbiyə işlərinin daha da genişləndirilməsi, şagirdlər arasında hüquqi mədəniyyətin gücləndirilməsi ilə bağlı tövsiyələrin qəbul edilməsi ilə başa çatıb.






