Abşeronda Beynəlxalq Könüllülər Günü qeyd olundu
Abşeron rayonunda “Konstitusiya və Suverenlik İli” çərçivəsində 5 Dekabr – Beynəlxalq Könüllülər Günü münasibətilə tədbir keçirilib. Xırdalan şəhərindəki Heydər Əliyev Mərkəzində baş tutan görüşdə Abşeron Rayon İcra Hakimiyyəti (RİH) başçısının müavini Gülnar Rəhimova, Uşaq Səfirlər Məclisinin (USM) rayonda fəaliyyəti üzrə Abşeron RİH tərəfindən məsul şəxsi, Vətən Müharibəsi şəhidi Səxavət Abbasovun anası Maisə Abbasova, könüllülər və USM-in nümayəndələri, səfirləri və fəal üzvləri iştirak ediblər.
Tədbirdə çıxış edən Abşeron RİH başçısının müavini Gülnar Rəhimova ölkəmizdə gənclər siyasətinin Ümummilli Lider Heydər Əliyev tərəfindən formalaşdırıldığını və bu siyasi kursun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb. O bildirib ki, vətənpərvərlik ruhunu özündə daşıyan könüllülük hərəkatı gənclərin dövlətinə, xalqına və milli-mənəvi dəyərlərə sədaqətinin bariz nümunəsidir.
G.Rəhimova son illərdə könüllülük fəaliyyətinin təşviqi istiqamətində ciddi addımlar atıldığını qeyd edərək bildirib ki, normativ hüquqi baza təkmilləşdirilib və dövlət dəstəyi mexanizmləri daha da gücləndirilib. Bunun nəticəsi olaraq, “ASAN könüllüləri”, “Regional İnkişaf” İctimai Birliyi, “Bir” Tələbə könüllüləri, “Könüllü DOST”, “Aqrar İnkişaf könüllüləri” kimi genişmiqyaslı könüllü hərəkatları formalaşıb. Bu gün yüz minlərlə gənc müxtəlif dövlət qurumlarında fəaliyyət göstərərək ölkənin sosial-iqtisadi inkişafına mühüm töhfə verir.
G.Rəhimova qeyd edib ki, 2025-ci il ərzində Abşeron Rayon İcra Hakimiyyətinə universitetlərdən və rayon ərazisindəki digər təhsil müəssisələrindən çoxsaylı müraciətlər daxil olub. Nəticədə 26-sı oğlan, 48-i qız olmaqla, ümumilikdə 74 gənc 2 aylıq könüllülük proqramına cəlb edilib. Gənclər ixtisaslarına uyğun olaraq RİH-in müxtəlif şöbələrində, eləcə də rayonun idarə və müəssisələrində təcrübə keçiblər.
G.Rəhimova həmçinin vurğulayıb ki, “Abşeron könüllüləri” rayon üzrə keçirilən bütün tədbirlərdə, o cümlədən “Konstitusiya və Suverenlik İli” çərçivəsində həyata keçirilən layihələrdə, vətəndaşlarla səyyar görüşlərdə və digər sosial fəaliyyətlərdə böyük fəallıq nümayiş etdiriblər.
Daha sonra çıxış edən könüllülər təcrübə müddətində qazandıqları bilik və bacarıqları bölüşərək, icra hakimiyyəti kollektivinin diqqət və dəstəyini xüsusi olaraq vurğulayıblar.
Sonda könüllülük fəaliyyətini uğurla başa vuran gənclərə Abşeron RİH tərəfindən xasiyyətnamə və sertifikatlar təqdim olunub. Eyni zamanda, 5 Dekabr – Beynəlxalq Könüllülər Günü münasibətilə USM-in Abşeron rayonu üzrə fəallarına Təşəkkürnamələr verilib.
Tədbirin sonunda iştirakçılar xatirə şəkli çəkdiriblər.






