Abşeronda akademik Yusif Məmmədəliyevin elmi irsi gənclərə aşılanır
Abşeron rayonunda görkəmli alim və ictimai xadim, akademik, əməkdar elm xadimi, kimya elmləri doktoru Yusif Məmmədəliyevin anadan olmasının 120 illiyi münasibətilə silsilə nümunəvi dərslər təşkil olunur. Tədbirlər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Akademik Yusif Məmmədəliyevin 120 illiyinin qeyd edilməsi haqqında” 5 iyul 2025-ci il tarixli Sərəncamının icrası çərçivəsində keçirilir. Növbəti nümunəvi dərs Xırdalan şəhər 8 nömrəli tam orta məktəbdə təşkil olunub.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ardınca ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Dərsin giriş hissəsində akademik Yusif Məmmədəliyevin həyat və fəaliyyətini əks etdirən slayd təqdimatı nümayiş olunub. Daha sonra müəllim və şagirdlər tərəfindən alimin həyat yolu, zəngin elmi yaradıcılığı və Azərbaycan elminin inkişafındakı müstəsna xidmətləri geniş şəkildə işıqlandırılıb.
Tədbir zamanı Yusif Məmmədəliyev haqqında görkəmli şəxsiyyətlərin söylədiyi fikirlər, eləcə də ona həsr olunmuş şeirlər səsləndirilib. Nümunəvi dərsin diqqətçəkən məqamlarından biri kimya fənni üzrə təcrübələrin nümayişi olub. Təcrübələr şagirdlər tərəfindən böyük maraqla qarşılanıb.
Nümunəvi dərsi kimya fənn müəllimi Afət Orucova, laboratoriya işlərini isə laborant Zöhrəbanu Qurbanova həyata keçirib.
Tədbirdə Abşeron Rayon İcra Hakimiyyəti başçısının müavini Gülnar Rəhimova, Abşeron-Xızı Regional Təhsil İdarəsinin metodisti, şəhid Hüseyn Nəcəfzadənin anası Könül Nəcəfova və Xırdalan şəhər 8 nömrəli tam orta məktəbin direktoru Mahnur Hüseynova çıxış ediblər. Çıxışlar zamanı akademik Yusif Məmmədəliyevin Azərbaycan elminin inkişafındakı müstəsna xidmətlərindən bəhs olunub, onun elmi irsinin bu gün də аktuallığını qoruduğu xüsusi vurğulanıb. Qeyd edilib ki, Prezident İlham Əliyevin müvafiq Sərəncamı görkəmli alimlərin irsinin öyrənilməsi və təbliği baxımından mühüm əhəmiyyət daşıyır.
Bildirilib ki, bu cür elmi-maarifləndirici və tərbiyəvi tədbirlər gənc nəslin elmə marağının artırılmasında, milli elmi irsin təbliğində və şagirdlərin dünyagörüşünün formalaşmasında mühüm rol oynayır.
Sonda xatirə şəkili çəkdirilib.






