Şriftin ölçüsü :

Saytın rəngi :

Abşeron RİH könüllülər üçün maarifləndirici ekskursiya təşkil edib

04 sentyabr 2025 | 09:04

Abşeron Rayon İcra Hakimiyyətinin (RİH) təşkilatçılığı ilə RİH-də təcrübə keçən könüllülər üçün növbəti maarifləndirici ekskursiya həyata keçirilib. Bu dəfə gənclər Üzümçülük və Şərabçılıq Elmi Tədqiqat İnstitutuna (ÜŞETİ) səfər ediblər. Ekskursiyanın əsas məqsədi gənclərin kənd təsərrüfatının mühüm sahələrindən biri olan üzümçülük və şərabçılıq haqqında praktiki və elmi biliklərinin artırılması, həmçinin ölkəmizdə bu sahədə görülən işlər və innovativ yeniliklərlə yaxından tanış olmalarına şərait yaratmaq olub.

Tədbirdə Abşeron Rayon İcra Hakimiyyəti başçısının müavini Gülnar Rəhimova, ÜŞETİ-nin direktoru Vüqar Səlimov, Mehdiabad qəsəbə İnzibati Ərazi Dairəsi üzrə nümayəndə və bələdiyyə sədri, eləcə də RİH-nin məsul əməkdaşları iştirak ediblər. Qonaqları salamlayan institut direktoru Vüqar Səlimov ölkəmizdə üzümçülüyün və şərabçılığın inkişaf tarixi, bu sahənin aqrar iqtisadiyyatda rolu və gələcək perspektivlər barədə ətraflı məlumat verib. O qeyd edib ki, Azərbaycan qədim dövrlərdən bəri üzümçülük mədəniyyətinə malik olan ölkədir və bu ənənələrin elmi əsaslarla qorunması, eyni zamanda müasir texnologiyalarla yenidən inkişaf etdirilməsi dövlətin prioritet istiqamətlərindən biridir.

Ekskursiya çərçivəsində könüllülər institutun laboratoriyaları, elmi-tədqiqat mərkəzləri, seleksiya sahələri və istehsal avadanlıqları ilə tanış olublar. Onlara üzüm tinglərinin yetişdirilməsi, torpaq və iqlim şəraitinə uyğun yeni sortların seleksiyası, məhsuldarlığın artırılması, üzüm xəstəlikləri ilə mübarizə metodları, eləcə də şərab istehsalında tətbiq edilən müasir texnoloji proseslər barədə mütəxəssislər tərəfindən geniş təqdimat edilib.

ÜŞETİ-nin aparıcı elmi işçiləri könüllülərə institutda aparılan elmi-tədqiqat işlərinin mahiyyəti, ölkəmizin müxtəlif bölgələrində üzümçülüyün inkişafı üçün həyata keçirilən layihələr, o cümlədən yerli və beynəlxalq əməkdaşlıq istiqamətləri barədə də ətraflı məlumat veriblər. Bildirilib ki, institutun məqsədi yalnız elmi araşdırmalar aparmaq deyil, həm də bu sahədə çalışan fermer və gənc mütəxəssislərin biliklərinin artırılmasına, yeni texnologiyaların tətbiqinə dəstək göstərməkdir.

Ekskursiya zamanı könüllülər həmçinin üzüm bağlarına baxış keçirib, tinglərin əkilməsi və becərilməsi proseslərini yerində izləyiblər. Gənclər laboratoriya şəraitində aparılan kimyəvi analizlər və keyfiyyət nəzarəti prosesi ilə də tanış olublar. Onlar müxtəlif üzüm növləri və şərab nümunələri arasında fərqləri, onların yetişdirilmə şəraitindən asılı olaraq keyfiyyət göstəricilərinin dəyişməsini müşahidə ediblər.

Ekskursiyanın sonunda Abşeron RİH başçısının müavini Gülnar Rəhimova çıxış edərək gənclərin bu kimi maarifləndirici səfərlərdə iştirakının onların dünyagörüşünün, bilik və bacarıqlarının inkişafında mühüm rol oynadığını vurğulayıb. O qeyd edib ki, könüllülük fəaliyyəti təkcə sosial layihələrdə iştirakdan ibarət deyil, həm də gənclərin müxtəlif sahələr üzrə elmi, mədəni və peşəkar biliklərinin artırılmasına xidmət edən bir məktəbdir.

Gülnar Rəhimova həmçinin bildirib ki, Abşeron Rayon İcra Hakimiyyəti gənclərin maarifləndirilməsi, onların əmək bazarına hazırlanması və dövlət gənclər siyasətinə fəal qoşulması istiqamətində ardıcıl tədbirlər həyata keçirir. O, bu cür ekskursiyaların gələcəkdə də davam etdiriləcəyini, könüllülərin müxtəlif elmi, sənaye və sosial müəssisələrə səfərlərinin təşkil olunacağını diqqətə çatdırıb.

Ekskursiyanın sonunda könüllülər onlara yaradılan şəraitə görə Abşeron Rayon İcra Hakimiyyətinə və Üzümçülük və Şərabçılıq Elmi Tədqiqat İnstitutunun rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. Onlar bu səfərin həm nəzəri, həm də praktiki baxımdan çox faydalı olduğunu, kənd təsərrüfatı sahəsində elmi yeniliklərin yerində öyrənilməsinin gələcəkdə seçəcəkləri ixtisas və fəaliyyət istiqamətlərinə müsbət təsir göstərəcəyini vurğulayıblar.

Keçidlər