Abşeron rayonunda şəhid övladları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisini ziyarət edib
Abşeron rayonunda Vətən Müharibəsi şəhidlərinin övladları, RİH əməkdaşları və RİH-də təcrübə keçən könüllülər rayonunun Saray qəsəbəsində yerləşən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin 2 saylı Sağlamlıq İmkanları Məhdud Uşaqlar üçün Sosial Xidmət Müəssisəsini ziyarət ediblər.
Ziyarət zamanı Abşeron Rayon İcra Hakimiyyətinin başçısının müavini Gülnar Rəhimova əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan dövlət uşaq siyasətini uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın bu istiqamətdə çoxşaxəli fəaliyyəti, qəbul olunan Dövlət proqramları çərçivəsində həyata keçirilən layihələri barədə danışaraq, suveren ölkəmizin övladlarının xüsusi diqqət və qayğı ilə əhatə olunduğunu qeyd edib. Prezident cənab İlham Əliyevin 2 iyun 2020-ci il tarixli Sərəncamı ilə təsdiqlənən «Azərbaycan Respublikasının Uşaqlara dair 2020-2030-cu illər üçün Strategiyası»nın bu diqqət və qayğının tərkib hissəsi olduğunu vurğulayıb.
Daha sonra 2 saylı Sağlamlıq İmkanları Məhdud Uşaqlar üçün Sosial Xidmət Müəssisəsinin kollektivi tərəfindən hazırlanan bədii proqramda vətənpərvər ruhda ifalar səsləndirilib, rəngarəg rəqslər nümayiş olunub. Qeyd edək ki, tədbir iştirakçıları sağlamlıq imkanları məhdud uşaqlar tərəfindən hazırlanan rəsm və əl işləri sərgisi ilə tanış olub.
Eyni zamanda, “Yaşıl dünya naminə Həmrəylik İli” çərçivəsində mərkəzin həyətyanı sahəsində tədbir iştirakçıları, o cümlədən şəhid və qazi ailə üzvləri, Abşeron RİH könüllüləri, habelə internat sakinləri ilə birgə şam və zeytun ağacları əkilib.
Sonda Abşeron RİH tərəfindən müəssisəsəyə və sağlamlıq imkanları məhdud uşaqlara hədiyyələr təqdim olunub, xatirə fotoları çəkilib.