Şriftin ölçüsü :

Saytın rəngi :

Abşeron rayonunda 28 May Müstəqillik Günü qeyd edilib

27 may 2024 | 15:02

Abşeron Rayon İcra Hakimiyyətinin, Abşeron RİH yanında İctimai Şuranın və Abşeron-Xızı Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı 28 May Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilib.

Şəfəq qəsəbəsində yerləşən Aşağı Güzdək 2 saylı tam orta məktəbdə baş tutan tədbirdə Abşeron RİH başçısının müavini Gülnar Rəhimova, Abşeron RİH yanında İctimai Şuranın sədri, şəhid Elçin Həsənlinin anası Xatirə İsmayılova, şəhid general-mayor, Milli Qəhrəman Polad Həşimovun anası Səmayə Həşimova, Abşeron-Xızı Regional Təhsil İdarəsinin direktor müavini Aydın Rəhimov, şəhid ailələri, müharibə iştirakçıları və adıçəkilən məktəbin müəllim və şagird kollektivi iştirak edib.

Tədbirdə əvvəlcə vətənimizin ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan bütün qəhrəmanlarımız bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni oxunub.

Bildirilib ki, Azərbaycan xalqı müsəlman aləmində ilk demokratik respublikanın yaradılmasının müəllifi olub. 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurası İstiqlal Bəyannaməsini imzalamaqla Azərbaycanın müstəqilliyini dünyaya bəyan edib, xalqımızın çoxəsrlik dövlətçilik ənənələrini davam etdirib. Qısa dövr ərzində Azərbaycanın ilk parlamenti, hökuməti yaradılıb, dövlət atributları təsis olunub, sərhədləri müəyyən edilib, dövlət quruculuğu sahəsində mühüm tədbirlər həyata keçirilib.

Müstəqillik Gününün xalqımızın tarixində çox böyük əhəmiyyətə malik olduğu vurğulanaraq qeyd edilib ki, cümhuriyyətimizə qarşı çıxan və onun süqut etməsi üçün çalışan millətlərdən biri də ermənilər olub. Bu baxımdan 44 günlük Vətən Müharibəsində qazanılan qələbə ilə nəinki 30 illik vətən həsərtinə son qoyuldu, o cümlədən başımıza gətirilən çoxəsrlərlik müsibətlərin qisası alındı.

Azərbaycan Xalq Cümhuriyyəti dövründə əsası qoyulan müstəqillik ənənələrinin davam etdirildiyi, Ulu Öndər Heydər Əliyevin bu ənənələr əsasında fundamental, müstəqil dövlətçilik qurduğunu və hazırda Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən bu ideyaların ən yüksək səviyyədə inkişaf etdirildiyi bildirildi.

Tədbirin sonunda məktəbin müəllim və şagird kollektivinin 28 May Müstəqillik Günümüzün tarixi, Vətən Müharibəsindəki Zəfərimiz və şəhidlərimizlə bağlı hazırladıqları əbədi-bədii kompozisiyalar təqdim edilib.

Keçidlər