3 Dekabr – Beynəlxalq Əlilliyi olan Şəxslər Günü münasibətilə Abşeronda sosial dəstək tədbirləri keçirilib
3 Dekabr – Beynəlxalq Əlilliyi olan Şəxslər Günü münasibətilə Abşeronda bir sıra sosial dəstək tədbirləri həyata keçirilib. Bu çərçivədə 2 saylı Sağlamlıq İmkanları Məhdud Uşaqlar üçün Sosial Xidmət Müəssisəsi, habelə “Eşitmə və Nitq Məhdudiyyətli Şəxslərə Sosial Yardım” İctimai Birliyi və “İnklüziv Cəmiyyət Naminə” Əlilliyi olan Şəxslərə Dəstək İctimai Birliyi ziyarət edilib.
Tədbirlərdə Abşeron Rayon İcra Hakimiyyəti başçısının müavini Gülnar Rəhimova, USM-in Abşeron rayon üzrə nümayəndəsi, Vətən Müharibəsi şəhidi Səxavət Abbasovun anası Maisə Abbasova, RİH əməkdaşları, ictimai birliklərin rəhbərləri və könüllülər iştirak ediblər.
Ziyarət zamanı iştirakçılar müəssisələrdə sağlamlıq imkanları məhdud uşaqlar üçün yaradılmış inkişaf və yaradıcılıq dərnəkləri, peşə yönümlü məşğələ otaqları ilə tanış olublar. Uşaqların hazırladıqları əl işləri nümayiş etdirilib, onların bacarıqlarının inkişafı üçün mövcud şərait yüksək qiymətləndirilib.
Abşeron RİH başçısının müavini Gülnar Rəhimova çıxışında bildirib ki, sağlamlıq imkanları məhdud uşaqlara diqqət və qayğı dövlət siyasətinin əsas istiqamətlərindəndir. G.Rəhimova qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin uşaq və gənclər siyasəti bu gün cənab Prezident İlham Əliyev tərəfindən böyük uğurla davam etdirilir. Xüsusi qayğıya ehtiyacı olan uşaqların sosial müdafiəsi, təhsili və cəmiyyətə inteqrasiyası istiqamətində ardıcıl tədbirlər görülür. Birinci Vitse-prezident Mehriban Əliyevanın təşəbbüsləri, Heydər Əliyev Fondu və İDEA İctimai Birliyinin rəhbəri Leyla Əliyevanın layihələri bu sahədə mühüm rol oynayır.
Qeyd olunub ki, cənab Prezident İlham Əliyevin 2 iyun 2020-ci il tarixli Sərəncamı ilə təsdiqlənən “Uşaqlara dair 2020–2030-cu illər üçün Strategiya” ölkədə uşaq hüquqlarının müdafiəsi və inklüziv inkişaf siyasətinin davamlılığını təmin edir.
Tədbir çərçivəsində sağlamlıq imkanları məhdud uşaqların hazırladığı bədii kompozisiya da nümayiş etdirilib. Uşaqların çıxışı iştirakçılar tərəfindən böyük maraq və rəğbətlə qarşılanıb.






