Şriftin ölçüsü :

Saytın rəngi :

“Zəkaların mübarizəsi” olimpiadasının region mərhələsində “Abşeron” komandası qalib olub

22 aprel 2026 | 16:22

21.04.2026-cı il tarixində Abşeronda Heydər Əliyev Fondu və Elm və Təhsil Nazirliyinin birgə əməkdaşlığı ilə həyata keçirilən “Zəkaların mübarizəsi” olimpiadasının bilik yarışının region mərhələsi keçirilib.

Tədbirdə Abşeron Rayon İcra Hakimiyyəti başçısının müavini Gülnar Rəhimova, Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdiri İlhamə Abdullayeva, Sumqayıt Şəhər İcra Hakimiyyətinin nümayəndəsi Mehriban Nəcəfova, Xızı Rayon İcra Hakimiyyətinin şöbə müdiri Murad Hacıyev, eləcə də aidiyyəti qurumların əməkdaşları və təhsil müəssisələrinin rəhbərləri iştirak ediblər.

RİH başçısının müavini Gülnar Rəhimova çıxışında qeyd edib ki, Heydər Əliyev Fondu tərəfindən Ümummilli Lider Heydər Əliyevin ideyalarının yaşadılması, onun layiqli davamçısı, möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin dəstəklənməsi və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsləri çərçivəsində uşaq və gənclərin inkişafı istiqamətində mühüm layihələr uğurla icra olunur. O vurğulayıb ki, günü-gündən inkişaf edən və güclənən suveren Azərbaycanın davamlı tərəqqisi üçün vətənpərvər və savadlı gənclərə böyük ehtiyac vardır.

İlhamə Abdullayeva çıxışında bildirib ki, bu cür yarışlar şagirdlərin bilik və bacarıqlarının inkişafına xidmət etməklə yanaşı, onların təlim motivasiyasına və özünəinam hissinin formalaşmasına müsbət təsir göstərir.

Bilik yarışında hər bir rayon üzrə 6 nəfərdən ibarət IX–XI sinif şagirdləri riyaziyyat, rəqəmsal texnologiyalar, təbiət və humanitar elmlər, eləcə də mədəniyyət və incəsənət sahələri üzrə sualları cavablandırıblar.

Qeyd edək ki, olimpiadanın keçirilməsində əsas məqsəd ümumtəhsil müəssisələrində şagirdlərin fənlərə marağını artırmaq, sağlam rəqabət mühitini formalaşdırmaq və regionlararası dostluq əlaqələrini gücləndirməkdir.

Sonda yarışın nəticələrinə əsasən Abşeron rayonu üzrə təhsil müəssisələrinin şagirdlərindən ibarət “Abşeron” komandası region mərhələsinin qalibi elan olunub. Komanda olimpiadanın respublika mərhələsində Abşeron-Xızı Regional Təhsil İdarəsini təmsil edəcək.

Keçidlər