Xırdalan şəhərində Yaponiyanın ölkəmizdəki səfiri ilə görüş keçirilib
Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev Yaponiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Vada Cuniçi ilə görüş keçirilmişdir. Abşeron RİH binasında baş tutan görüşdə Abdin Fərzəliyev rayon barəsində, o cümlədən onun coğrafi mövqeyi, turizm və iqisadi imkanları, rayonda istehsal olunan sənaye və kənd təsərrüfatı məhsulları haqqında ətraflı məlumat vermişdir. Yaponiyalı iş adamlarının Abşerona sərmayə yatırmağa çağıran RİH başçısı bunun üçün rayonda bütün iqtisasdi imkanların mövcudluğunu, yaponiyalı turistlərin isə “Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğuna baş çəkmələrinin arzulanan olduğunu səfirin diqqətinə çatdırmışdır.
Səfirlik tərəfindən Azərbaycanda bir sıra hümanitar layihələrin icra edildiyini, onlardan bir neçəsinin də Abşeronda reallaşdırıldığını xatırladan RİH başçısı Xırdalan şəhərində məişət tullantılarının idarə olunması və zərərsizləşdirilməsi, eləcə də Masazır Duz gölünün ətrafında istirahət parkının salınması zamanı Yaponiya şirkətlərinin təcrübəsindən yararlanmağın məqsədəuyğun olduğunu bildirmişdir.
Öz növbəsində səfir Vada Cuniçi Azərbaycan Yaponiya əlaqələrinin qurulmasının bu il 30 illiyi olduğunu və buna görə il ərzində bir sıra böyük layihələrin həyata keçiriləcəyini söyləmişdir. Bu illər ərzində təmsil etdiyi səfirlik tərəfindən Azərbaycanda ekologiya, iqtisadiyyat və kənd təsərrüfatı sahələrində hümanitar layihələrin həyata keçirildiyini önə çəkən səfir bu layihələrdən birinin də Abşeronda gerçəkləşəcəyini qeyd etmiş, eyni zamanda Xırdalan şəhərində Yaponiya mədəniyəti, xörəkləri və adət-ənənələri ilə bağlı sərgi keçirmək arzusunda olduqlarını bildirmişdir.
Görüşdən sonra səfir Vada Cuniçi Abşeron rayonunda istehsal sahələrini gəzmiş, sənaye və kənd təsərrüfatı məhsulları ilə tanış olmuşdur.