Xırdalan məktəblərində “Mərkəzə Doğru” layihəsi çərçivəsində silsilə təlimlər keçirilib
Abşeron Rayon İcra Hakimiyyətinin, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Abşeron nümayəndəliyinin və Abşeron-Xızı Regional Təhsil İdarəsinin birgə təşkilatcılığı ilə Xırdalan şəhərində “Mərkəzə Doğru” layihəsi həyata keçirilib. Layihə çərivəsində Xırdalan şəhər 1,2 və 9 saylı tam orta məktəblərdə silsilə təqdimat və təlimlər reallaşdırılıb. Silsilə təlimlərdə Gənclərin İnkişaf və Karyera Mərkəzi, mərkəzin fəaliyyət istiqamətləri, üzvlük, könüllülük və təcrübə proqramı haqqında ətraflı məlumat verilib, vaxtın idarəedilməsi, komanda quruculuğu mövzularında seminarlar oxunub.
Sonda gənclərin sualları cavablandırılıb və gənclərin sözügedən mərkəzə üzv olmaları təmin edilib.
Tədbirlərdə Abşeron RİH-in İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçiləri Elvin Zalov və Xanım İmanova iştirak edib.
Qeyd edək ki, Gənclərin İnkişaf və Karyera Mərkəzi (GİKM) 2018-ci ilin noyabr ayında Azərbaycan Respublikası Gənclər Fondunun nəzdində fəaliyyətə başlayıb. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 1 oktyabr 2019-cu il tarixli Sərəncamına əsasən, Azərbaycan Respublikasının şəhər və rayonlarında yaşayan gənc vətəndaşların dövlət gənclər siyasətinin tələblərinə, ümummilli lider Heydər Əliyevin dövlətçilik fəlsəfəsi və azərbaycançılıq məfkurəsinə uyğun şəkildə hərtərəfli inkişafının təmin olunması məqsədilə ölkənin şəhər və rayonlarında Heydər Əliyev Mərkəzlərində GİKM-in nümayəndəliklərinin yaradılması və fəaliyyətinin təmin edilməsi qərara alınıb.
Gənclərin hərtərəfli inkişafının təmin olunması, əlavə bilik və bacarıqlara yiyələnməsi üçün GİKM nümayəndəlikləri tərəfindən müxtəlif peşə təlimləri, təhsil və təcrübə, könüllülük, görüşlər, seminarlar, intellektual oyunlar və digər tədbirlər təşkil olunur. Nümayəndəliklər vasitəsilə regionda yaşayan gənclər dövlət tərəfindən onlar üçün yaradılan imkanlar barədə məlumat və məsləhət almaq, həmçinin müxtəlif proqramlara müraciət və onlarda iştirak etmək imkanı qazanırlar.
Respublikanın 55 şəhər və rayonunda Gənclərin İnkişaf və Karyera Mərkəzinin nümayəndəlikləri fəaliyyət göstərir.