Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid Nicat Qarazadə İkinci Fəxri xiyabanda dəfn edildi

17 sentyabr 2022 | 11:28

Sentyabrın 12-dən-13-ə keçən gecə erməni silahlı qüvvələrinin təxribatı nəticəsində şücaət göstərərək şəhid olan əsgər, 2002-ci il təvəllüdlü Qarazadə Nicat Malik oğlunun nəşi yaşadığı Abşeron rayonu, Ceyranbatan qəsəbəsinə gətirilib.

Şəhidin vida mərasimi yaşadığı evdə baş tutub.

Mərasim iştirakçıları şəhidi “Qarabağ Azərbaycandır”, “Şəhidlər ölməz, Vətən bölünməz” şüarları səsləndirərək son mənzilə yola salıblar.
Mərasimdə şəhidin yaxınları, rayon rəhbərliyi, hərbçi yoldaşları və ictimaiyyət nümayəndələri iştirak edib.
Vida mərasimindən sonra şəhidin nəşi dəfn olunmaq üçün İkinci Fəxri xiyabana yola salınıb və burada dəfn olunub. Dəfn mərasimində Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsi Kadrlar İdarəsinin rəisi general-mayor Elçin Xəlilov, Milli Məclisin deputatı Bəhruz Məhərrəmov, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, müharibə iştirakçıları, qazilər, şəhidin ailə üzvləri, yaxınları, döyüş yoldaşları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Mərasimdə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev çıxış edərək bildirib ki, torpaqlarımızın işğaldan azad edilməsi naminə canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi xalqımız tərəfindən daim uca tutulur, ehtiramla anılır. 44 gün davam edən Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə tarixi Qələbə əldə edib, 30 il işğal altında olan Vətən torpaqları erməni faşizmindən birdəfəlik azad olunub. Xalq-iqtidar birliyi bizə Qələbə sevincini yaşadıb. İgid oğullarımız düşmənin bu günlərdə sərhəddə törətdiyi genişmiqyaslı təxribatlara da layiqli cavab verdilər. Bir daha Azərbaycan Ordusunun, onun igid oğullarının güc-qüvvəsini nümayiş etdirdilər. “Dəmir yumruq” düşmənin başını əzdi.
Dəfn mərasimində tabutun üzərindəki üçrəngli Azərbaycan bayrağı şəhidin atası Malik Qarazadəyə təqdim olunub. Şəhid yaylım atəşi altında torpağa tapşırılıb, ruhuna dualar oxunub. Hərbi orkestrın ifasında Azərbaycan Respublikasının Dövlət Himni səslənib.

Keçidlər