Şriftin ölçüsü :

Saytın rəngi :

"Şah İsmayıl Xətai - 535" adlı tarixi-elmi konfrans keçirildi

22 oktyabr 2022 | 17:15

"Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzində "Şah İsmayıl Xətai - 535" adlı tarixi-elmi konfrans keçirilib. Konfransın təşkilatçısı “Ahıl Ziyalılara Qayğı” İctimai Birliyinin Qadınlar Şurasının sədri, Bakı tarixinin tədqiqatçısı Xəyalə Günəş Əyriçalmalı konfransı giriş sözü ilə Şah İsmayıl Xətainin Azərbaycan tarixindəki rolu haqqında ümumi məlumat verib. O, Şah İsmayıl Xətainin Azərbaycan dövlətçilik tarixində böyük xidmətləri olan görkəmli şəxsiyyət olduğunu vurğulayıb.

Sonra Tarix elmləri doktoru, professor Şahin Fazil, AMEA-nın Tarix İnstitutunun aparıcı elmi işçisi, ADPU-nun dosenti Mübariz Ağalarlı, ilahiyyatçı-alim, tədqiqatçı Soltan Əlizadə qazi, ilahiyyatçı Həsən Hüseyni Şah İsmayıl çıxış edərək Şah İsmayıl Xətainin həyat və fəaliyyətindən söz açıb, onun yaddaşlara millət, dövlət quruculuğu sahəsində bir necə mühüm strateji istiqaməti qovuşduran qüdrətli sərkərdə, dövlət xadimi kimi həkk edildiyini bildiriblər. Tarixi qaynaqlar əsasında Azərbaycan Səfəvi dövlətinin etno-siyasi, dini-ideoloji və mədəni həyatı haqqında olduqca əhəmiyyətli məlumatları qonaqların diqqətinə çatdırıb. Natiqlər Şah İsmayıl Xətainin həyat və yaradıcılığı barədə məruzələrlə çıxış edib, onu görkəmli şəxsiyyət, dövlət xadimi, sərkərdə, şair kimi xarakterizə ediblər.

Konfransda Şah İsmayıl Xətainin şeirləri alimlər tərəfindən səsləndirilərək təhlil edilib.

Konfransda Abşeron Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Vüqar Bəşirov və “Ahıl Ziyalılara Qayğı” İctimai Birliyinin Abşeron Rayon Təşkilatının üzvləri iştirak ediblər.

Keçidlər