Şriftin ölçüsü :

Saytın rəngi :

Novxanı gəncləri üçün təlim-seminar keçirilib

06 sentyabr 2022 | 14:46

25 avqust - 4 sentyabr tarixlərində Abşeron rayonunun Novxanı kəndində yaşayan gənclər üçün təlim-seminar keçirilib. Abşeron Rayon İcra Hakimiyyətinin, Rayon Gənclər və İdman İdarəsinin və Gənclərin İnkişaf və Karyera Mərkəzinin (GİKM) Abşeron nümayəndəliyinin birgə təşkilatçılığı ilə baş tutan tədbirdə GİKM-in Abşeron nümayəndəliyinin əməkdaşlarının moderatorluğu ilə gənclərlə tanışlıq sessiyası düzənlənib, o cümlədən təhsilin formaları və öyrənmə zonaları, gənclərin iştirakçılığı, özünükəşf, insan hüquqları, “Gənclər Davamlı İnkişaf üçün” layihəsinin iştirakçısı Rəqsanə İbrahimlinin təqdimatında ixtisas seçimi mövzularında təlimlər keçirilib.
Həmçinin interaktivliyi artırmaq üçün gənclər müxtəlif enercayzerlər, intellektual oyunlar, qrup işlərində iştirak ediblər.
Qeyd edilib ki, ölkəmizdə gənclər siyasəti mahiyyətcə yeni mərhələsini yaşayır. Gənclərin mənəvi inkişafı, vətənpərvərlik tərbiyəsi, xarici ölkələrdə təhsili, sosial müdafiəyə ehtiyacı olanların problemlərinin həlli istiqamətində görülən işlər, gənclər təşkilatlarının formalaşması və inkişafı üçün yaradılan şərait və imkanlar Prezident İlham Əliyevin bu sahəyə göstərdiyi böyük diqqət və qayğının nəticəsidir.
Ölkəmizdə gənclərin məşğulluğunun təmin olunması, onların fəaliyyətinin genişləndirilməsi, dövlət idarəçiliyində rolunun artırılması da diqqət mərkəzindədir. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu tərəfindən gənclərin istedad və bacarıqlarının üzə çıxarılması istiqamətində həyata keçirilən layihələr gənc nəslin gələcəyinin etibarlı təminatıdır.
Bildirilib ki, texnologiyanın inkişafı ilə birlikdə peşə növlərinin sürətlə artması və ixtisaslaşmanın inkişafı peşəyönümü işinə xüsusi diqqət ayrılmasını müasir dövrdə zərurət kimi qarşıya qoyur. Peşə seçiminin mürəkkəb və dinamik proses olması bu prosesdə şagirdlərə köməyi zəruri edir. Fərdlərin öz maraq və qabiliyyətlərinə uyğun peşələr seçməsinin təmin edilməsində ən mühüm rol məktəblərdə peşəyönümü xidmətinin üzərinə düşür. Şagirdlər özlərinə ən uyğun peşəni seçə bilmələri üçün ilk növbədə öz maraq və qabiliyyətlərini tanımalıdırlar. Bu səbəbdən də gənclərin peşə yönümlülüyünə uyğun maarifləndirici bələdçilik xidmətlərinə ehtiyacının artdığı görünür.
Təlim-seminar iştirakçılar tərəfindən maraqla qarşılanıb.
Sonda fəallığı ilə seçilən gənclərə sertifikatlar təqdim olunub.

Keçidlər