Şriftin ölçüsü :

Saytın rəngi :

Mehriban xanım Əliyeva UNESCO-nun xoşməramlı səfiri kimi dünya miqyasında Qeyri-maddi mədəni irsin qorunmasına müstəsna töhfələr verir

15 avqust 2022 | 16:46

Azərbaycan mədəniyyətinin böyük himayədarı olan, ölkə reallıqlarını beynəlxalq miqyasda layiqincə təbliğ edən Mehriban xanım Əliyeva 2004-cü il avqustun 13-də UNESCO-nun şifahi ənənələr və musiqi ənənələri sahəsində xoşməramlı səfiri adına layiq görülüb
Bu gün Azərbaycan dünyada öz mütərəqqi inkişaf modeli, ictimai-siyasi sabitliyi və davamlı tərəqqisi ilə tanınır. Ölkəmizin dünyaya yeni və daha mütərəqqi dəyərlər təqdim etməsi, milli maraqlarımızın ləyaqətlə qorunması xalqımızın milli-mənəvi xarakterini ifadə edir, eləcə də dövlətimizin qüdrətini və nüfuzunu nümayiş etdirir. Əlbəttə, qazanılan hər uğurun arxasında dərin ictimai və milli məzmun daşıyan fəaliyyətin rolu olduqca böyükdür. Bu mənada əminliklə deyə bilərik ki, Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nin və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın səmərəli, çoxşaxəli və ali məramlara söykənən fəaliyyəti ölkəmizin inkişafının sürətləndirilməsi, müsbət beynəlxalq nüfuzunun daha da artırılması və davamlı nailiyyətlərin əldə olunması baxımından xüsusi əhəmiyyətə malikdir.

Mehriban xanım Əliyevanın ali məramlara söykənən fəaliyyəti böyük ictimai məzmun daşıyır

Hər şeydən öncə qeyd etmək lazımdır ki, Mehriban xanım Əliyevanın öz Vətəninə, xalqına və dövlətinə böyük məhəbbət və rəğbətdən qaynaqlanan fəaliyyəti dərin ictimai məzmun daşıyır. Yəni bu fəaliyyət, qeyd etdiyimiz kimi, müxtəlif sahələri əhatə edir, həm ölkə həyatının bütün sahələrində mühüm inkişaf göstəricilərinin əldə olunmasında, həm də ölkə sərhədlərindən kənarda Vətənimizin ləyaqətlə təmsil olunması istiqamətində böyük əhəmiyyət kəsb edir. Digər tərəfdən, Mehriban xanım Əliyevanın cəmiyyətin bütün təbəqələrinin mənafelərini qoruyan, həmçinin humanist, xeyriyyəçi yanaşması, qayğıkeşlik və himayədarlıq nümunəsi yaratması da onun fəaliyyətinin böyük ictimai məzmununu nümayiş etdirir. Bu gün əminliklə deyə bilərik ki, Mehriban Əliyeva Azərbaycanı layiqincə təmsil edən, ölkəmizdə və dünyada xeyriyyəçi, humanist fəaliyyəti ilə seçilən, həmçinin mədəniyyətə, idmana qayğı ilə yanaşan, elm, təhsil, səhiyyə sahələrində respublikada və beynəlxalq miqyasda böyük işlər görən bir ictimai-siyasi xadim kimi tanınır.

Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun fəaliyyəti cəmiyyətdə böyük rəğbət və məmnunluqla qarşılanır

Qeyd etdiyimiz kimi, Azərbaycanın Birinci vitse-prezidentinin ali məramlı fəaliyyəti bəhs etdiyimiz ayrı-ayrı sahələrin inkişafında müstəsna rol oynamaqla ölkəmizin tərəqqisinə mühüm töhfələr verir. Bu məqamda onu da vurğulamaq vacibdir ki, Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun ictimai məzmunlu fəaliyyəti yuxarıda sadalanan milli məzmunlu işlərin görülməsi - milli maraqlardan irəli gələn vəzifələrin yerinə yetirilməsi, əhəmiyyətli nailiyyətlərin əldə olunması baxımından xüsusi önəmə malikdir. 2004-cü il mayın 10-da yaradılan Heydər Əliyev Fondu Ulu öndərin ideyalarını böyük əzm və sədaqətlə həyata keçirir. Daha dəqiq desək, ölkənin yaradıcı və elmi potensialının artırılmasına kömək etməyi, uşaq müəssisələrinin infrastrukturlarını inkişaf etdirməyi, ekologiya sahəsində mühüm tədqiqatları dəstəkləməyi, sağlam həyat tərzini təbliğ etməyi, Azərbaycan Republikasının ərazisində və xaricdə aktual mövzulara dair konfrans və seminarlar, eləcə də uşaqların, yaradıcı gənclərin, incəsənət xadimlərinin sərgilərini təşkil etməyi, dini tolerantlığın bərqərar olmasına, vətəndaş cəmiyyəti quruculuğuna, qloballaşan dünyaya inteqrasiya prosesində milli-mənəvi dəyərlərin qorunub saxlanılmasına dəstək verməyi öz fəaliyyətində prioritet məsələlər kimi öndə tutan Fondun fəaliyyəti ölkənin ictimai həyatının bütün sahələrini əhatə edir.

Son illərdə Heydər Əliyev Fondunun dəstəyi ilə paytaxt Bakıda və respublikanın bölgələrində çoxlu sayda körpələr evinin, uşaq bağçasının, xüsusi təyinatlı uşaq müəssisəsinin yüksək səviyyədə təmir olunması, yenidən qurulması da Mehriban xanım Əliyevanın xeyirxahlıq missiyasının ifadəsidir. Heydər Əliyev Fondunun yüksək səviyyədə reallaşdırılan bir neçə layihə ilə təhsilə dəstək verməsi də Mehriban xanım Əliyevanın uşaqlara, gənc nəslə qayğısının ifadəsidir. Qeyd edək ki, ölkəmizdə Heydər Əliyev Fondu tərəfindən “Yeniləşən Azərbaycana yeni məktəb”, “Təhsilə dəstək”, “Məktəbəqədər təhsil müəssisələrinin inkişafı” layihələri həyata keçirilir ki, bu da cəmiyyətdə böyük rəğbət və məmnunluqla qarşılanır.

Mehriban xanım Əliyeva Heydər Əliyev Fondunun fəaliyyətini bu cür xarakterizə edib: “Rəhbərlik etdiyim Heydər Əliyev Fondu artıq 13 ildir ki, öz fəaliyyətini humanizm prinsipləri əsasında qurub. Biz bu illər ərzində bir çox irimiqyaslı layihələr icra etmişik. Biz Azərbaycanın ictimai və siyasi həyatında fəal iştirak edirik. Biz infrastruktur layihələri icra edirik. Eyni zamanda, biz 13 il ərzində ayrı-ayrı insanların problemlərinə heç zaman biganə qalmamışıq. İnsanlarla ünsiyyətdə olmaq, onları dinləmək və eşitmək, köməyə ehtiyacı olana kömək etmək, mənəvi dəstək vermək Heydər Əliyev Fondunun hər bir əməkdaşının birbaşa vəzifəsidir. Hesab edirəm ki, bu, dövlət qurumlarında çalışan bütün insanların əsas borcu və vəzifəsidir. Gündəlik fəaliyyətimizdə insansevərlik, mərhəmət, qarşılıqlı hörmət, mehribançılıq unudulmamalıdır. Əksinə, məhz bu mənəvi dəyərləri uca tutaraq ən yüksək qələbələr əldə etmək, ən böyük zirvələrə qalxmaq olar”.

Mehriban xanım Əliyeva Azərbaycanı beynəlxalq miqyasda layiqincə təmsil edir

Bu məqamda vurğulamaq yerinə düşər ki, Azərbaycan mədəniyyətinin dünyada təbliğində, eləcə də mədəniyyətlərarası dialoqun genişləndirilməsində Heydər Əliyev Fondunun BMT-nin ən mötəbər qurumlarından olan UNESCO ilə əlaqələri xüsusi yer tutur. Sirr deyil ki, Azərbaycan-UNESCO əlaqələrinin indiki səviyyəyə yüksəlməsində Mehriban xanım Əliyevanın böyük əməyi var. Mehriban Əliyeva ənənəvi musiqinin, ədəbiyyat və poeziyanın inkişafına verdiyi töhfələrə, musiqi təhsili və dünya mədəniyyətlərinin mübadiləsi sahəsindəki xidmətlərinə görə 2004-cü il avqustun 13-də təşkilatın şifahi ənənələr və musiqi ənənələri sahəsində xoşməramlı səfiri adına layiq görülüb. UNESCO-nun sabiq baş direktoru Koişiro Matsuura müsahibələrindən birində bildirib ki, Mehriban xanım Əliyevanın fəaliyyəti sayəsində Azərbaycanla UNESCO arasında sıx əməkdaşlıq yaranmışdır. Koişiro Matsuura diqqətə çatdırıb ki, Mehriban xanım Əliyevanın xoşməramlı səfir təyin olunmasından bir qədər əvvəl Qeyri-maddi mədəni irsin qorunması haqqında yeni beynəlxalq Konvensiya qəbul olunmuşdu. Onun sözlərinə görə, Mehriban xanım Əliyevanın məhz bu sahədə xoşməramlı səfir missiyasını üzərinə götürməsi həm Azərbaycan xalqı, həm region, həm də bütün dünya xalqları üçün müsbət əhəmiyyətli hadisə oldu, eləcə də Qeyri-maddi mədəni irsin qorunması üzrə yeni Konvensiyanın təşviqinə əhəmiyyətli dərəcədə töhfələr verdi: “Mehriban Əliyeva UNESCO-nun tamamilə yeni sahəsi olan Qeyri-maddi mədəni irsin qorunması üzrə məsuliyyət daşıyan çox fəal xoşməramlı səfirdir”.

Mehriban Əliyevanın UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri olduğunu diqqətə çatdıran Prezident İlham Əliyev isə deyib: “Dünyada ikinci belə şəxsiyyət yoxdur ki, hər iki mötəbər təşkilatın eyni zamanda səfiri olsun. Bu, eyni zamanda, onun dinlərarası, sivilizasiyalararası dialoqa verdiyi töhfə ilə bağlıdır. Bu töhfə ölkəmizin siyasətinin təzahürüdür. Çünki bu gün Azərbaycan dünya miqyasında sivilizasiyalararası dialoqa ən çox töhfə verən ölkələrdən biri kimi tanınır. Əlbəttə ki, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri kimi Mehriban Əliyeva bu işə də çox önəmli töhfə verir”.

Mehriban xanım Əliyevanın UNESCO ilə əməkdaşlıq çərçivəsindəki fəaliyyəti müxtəlif ölkələrlə mədəni əlaqələrin gücləndirilməsi, sivilizasiyalararası dialoqun genişləndirilməsi yönündə böyük əhəmiyyətə malikdir. Bu məqamda qeyd edək ki, məhz Prezident İlham Əliyevin və UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın səmərəli fəaliyyətinin nəticəsi olaraq muğam və aşıq sənəti, tar ifaçılıq sənəti, eləcə də Azərbaycan xalçası UNESCO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil edilib.

Ölkəmizin UNESCO ilə əlaqələrində digər mühüm bir hadisə isə 2013-cü il 2-8 dekabr tarixlərində Bakıda UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Hökumətlərarası Komitəsinin 8-ci sessiyasının keçirilməsi olub. Məlumat üçün bildirək ki, sözügedən sessiya çərçivəsində Qeyri-maddi mədəni irsin qorunması üzrə Konvensiyanın 10 illik yubileyi də qeyd edilib. Tədbirin ölkəmiz üçün ən önəmli nəticələrindən biri isə tariximizin və mədəniyyətimizin ayrılmaz bir elementi olan çövkənin, yəni Azərbaycanda ənənəvi atüstü oyunun UNESCO-nun Təcili Qorunmaya Ehtiyacı Olan Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilməsi olub. Bununla da dünya bu oyunu xalqımızın sahib olduğu mədəniyyətin vacib bir elementi kimi qəbul edib. Bir sözlə, görünən odur ki, ölkəmizlə bu beynəlxalq qurum arasında səmərəli əməkdaşlıq var.

Öz növbəsində, UNESCO-nun baş direktoru İrina Bokova da Mehriban xanım Əliyeva ilə görüşlərində və çıxışlarında onun xoşməramlı səfir kimi Azərbaycan-UNESCO əlaqələrinin inkişafı və dünya mədəniyyətinə töhfələr baxımından fəaliyyətini yüksək qiymətləndirib. UNESCO-nun Baş direktoru Mehriban xanım Əliyevanın fəaliyyəti haqqında qənaətini belə ifadə edib: “Sizi xoşməramlı səfirlər sırasında görmək bizim üçün, UNESCO üçün şərəfdir. Siz UNESCO-nun humanist dəyərlərinin əsl bayraqdarısınız”.

Mehriban Əliyevanın xoşməramlı səfir kimi gördüyü işlər beynəlxalq miqyasda yüksək qiymətləndirilir

Mehriban xanım Əliyevanın bu günədək layiq görüldüyü çoxsaylı beynəlxalq mükafat və təltiflərin bir qismi məhz onun xoşməramlı səfir kimi gördüyü işlər, mədəniyyətlərarası dialoqa verdiyi töhfələrlə bağlıdır. Məsələn, Fransanın Ərəb Mədəni İrsi Mərkəzi və Misirin “Nefertiti Media Productions” şirkətinin birgə keçirdiyi sorğunun nəticəsinə görə, Mehriban xanım Əliyeva “2014-cü ilin Ən nüfuzlu qadını” adına layiq görülüb. Mehriban xanım Əliyeva UNESCO-nun xoşməramlı səfiri kimi fəaliyyətindəki xüsusi xidmətləri nəzərə alınmaqla həmçinin mədəniyyətin təbliği və beynəlxalq mədəniyyət mübadiləsi, elm, səhiyyə, idman, təhsil, texnologiya və ekologiyanın inkişafı işinə verdiyi töhfəyə görə qalib seçilib. Eyni zamanda, “The Business Year” şirkəti Azərbaycanın ictimai, sosial və mədəni həyatında fəal iştirakına, cəmiyyətin dinamik inkişafına verdiyi mühüm töhfələrə, mədəniyyətimizin dünyada təbliği sahəsində əvəzsiz xidmətlərinə, həmçinin ümumdünya mədəni irsinin qorunub saxlanması işinə hərtərəfli dəstəyinə, sosial ədalət və humanizm prinsiplərinə sadiqliyinə görə Mehriban xanım Əliyevanı dünyada “İlin Birinci Xanımı” mükafatına layiq görüb.

Mehriban xanım Əliyeva 2005-ci il iyunun 9-da Rusiyanın “Yüzilliyin mesenatları” Beynəlxalq Xeyriyyə Fondunun “Yaqut Xaç” ordeni ilə təltif olunub. Həmçinin Mehriban xanım Əliyeva 2006-cı il noyabrın 24-də İSESCO-nun xoşməramlı səfiri adına layiq görülüb. Bundan başqa, Ümumdünya Səhiyyə Təşkilatı İcraiyyə Komitəsinin 2007-ci il yanvarın 29-da Cenevrədə keçirilən 120-ci sessiyasının yekdil qərarı ilə ana, uşaq və ailə sağlamlığının qorunması və möhkəmlənməsi işində müstəsna xidmətlərinə görə Mehriban xanım Əliyevaya bu beynəlxalq təşkilatın mükafatı verilib. Eyni zamanda, genişmiqyaslı xeyriyyəçilik fəaliyyətinə, bəşəriyyətin ali ideallarına xidmət sahəsində yüksək nailiyyətlərinə görə 2007-ci ilin mayında Mehriban xanım Əliyeva “Qızıl ürək” beynəlxalq mükafatına, 2009-cu ildə Polşanın “Xidmətlərə görə” Böyük Komandor Xaçı ordeninə, 2010-cu ildə Fransanın “Şərəf Legionu” ordeninə, 2012-ci ildə Rusiya Federasiyasının İ. M. Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Fəxri professoru adına layiq görülüb. Mehriban xanım Əliyeva, eyni zamanda, 2015-ci il fevralın 11-də Pakistan İslam Respublikasının “Hilal-e Pakistan” ali ordeni, martın 26-da isə Serbiya qarşısında ictimai, mədəni və humanitar sahələrdə xüsusi xidmətlərinə görə bu ölkənin yüksək dövlət mükafatı olan “Sreten” ordeni ilə təltif edilib.

Prezident İlham Əliyev Azərbaycanın ictimai-siyasi və mədəni həyatında səmərəli fəaliyyətinə görə Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya “Heydər Əliyev Mükafatı”nı təqdim edib. Dövlət başçısının 29 iyun 2015-ci il tarixli Sərəncamı ilə isə Mehriban xanım Əliyeva Azərbaycan Respublikasında mədəniyyətin, təhsilin, səhiyyənin və idmanın inkişafında səmərəli fəaliyyətinə, Azərbaycan xalqının mədəni irsinin beynəlxalq miqyasda geniş təbliğinə və birinci Avropa Oyunlarının təşkilində böyük xidmətlərinə görə ölkəmizin ən ali dövlət təltifi olan “Heydər Əliyev” ordeninə layiq görülüb.

Şübhəsiz ki, nüfuzlu beynəlxalq mükafatlar Mehriban xanım Əliyevanın ümumbəşəri dəyərlərə söykənən fəaliyyətinə verilən qiymətdir.

Mehriban xanım Əliyevanın yüksək təşkilatçılıq bacarığı sayəsində Azərbaycan mötəbər beynəlxalq idman tədbirlərinə uğurla ev sahibliyi edib

Mehriban xanım Əliyeva həm də idmana yüksək qayğı və diqqəti ilə fərqlənir. Onun yüksək səviyyəli təşkilatçılığı ilə Azərbaycan bir sıra mötəbər beynəlxalq idman tədbirlərinə uğurla ev sahibliyi edib, eləcə də idman sahəsində mühüm göstəricilər və nailiyyətlər qeydə alınıb. Mehriban xanım Əliyeva 2002-ci ildə Azərbaycan Gimnastika Federasiyasının prezidenti, 2004-cü il dekabrın 28-də Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin (MOK) IV Baş Məclisində MOK-un İcraiyyə Komitəsinə üzv seçilib. Mehriban xanım Əliyevanın beynəlxalq aləmdə nüfuzu Beynəlxalq Gimnastika Federasiyasının Bədii Gimnastika üzrə 2003 və 2004-cü il Dünya Kuboku yarışlarının və 2005-ci il Dünya çempionatının Azərbaycanda keçirilməsinə dair qərarın qəbul olunmasında həlledici rol oynayıb. 2014-cü ilin iyununda isə Bakıda yeni inşa olunan Milli Gimnastika Arenasında bədii gimnastika üzrə yubiley - XXX Avropa çempionatı keçirilib. Bakıda keçirilən yubiley turnirində qitənin 33 ölkəsindən 258 idmançı mübarizə aparıb.

Eyni zamanda, 2015-ci ildə paytaxtımızda keçirilən ilk Avropa Oyunları zamanı Mehriban xanım Əliyevanın rəhbərliyi ilə çalışan “Bakı-2015” birinci Avropa Oyunları Təşkilat Komitəsinin üzvlərinin yüksək əzmkarlığı sayəsində gələcək Avropa Oyunlarının yüksək standartlarını məhz Azərbaycan müəyyənləşdirdi. Oyunların möhtəşəm açılış və bağlanış mərasimləri dünyaya Azərbaycanın güclü potensialını bir daha nümayiş etdirdi. Cari ildə Bakıda keçirilən IV İslam Həmrəylik Oyunlarının Təşkilat Komitəsi də Mehriban xanım Əliyevanın rəhbərliyi ilə uğurla fəaliyyət göstərdi, Azərbaycan IV İslam Həmrəylik Oyunlarına da uğurlu ev sahibliyi etdi.

Mehriban xanım Əliyevanın Birinci vitse-prezident kimi fəaliyyəti Azərbaycanın inkişafına müstəsna töhfələr verir

Mehriban xanım Əliyevanın həm də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti kimi fəaliyyəti ölkəmizdə yeni nəsil islahatların həyata keçirilməsi, vətəndaşlara dövlət diqqəti və qayğısının gücləndirilməsi, cəmiyyətin bütün təbəqələrini əhatə edən uğurlu sosial siyasətin davam etdirilməsi baxımından müstəsna önəmə malikdir. Hər şeydən öncə Mehriban xanım Əliyevanın Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin olunması yuxarıda sadalanan milli və ictimai məzmunlu işlərin, mühüm nailiyyətlərin nəticəsidir. Bu həm də xalqımızın istəyinin ifadəsi, ölkəmizdə həyata keçirilən islahatlar strategiyası çərçivəsində atılmış məqsədyönlü addımlardandır.

Mehriban Əliyeva Azərbaycanın prioritet kimi müəyyənləşdirdiyi məsələlərlə bağlı ardıcıl və çoxşaxəli fəaliyyət göstərən ictimai-siyasi xadim kimi tanınır. Mehriban xanım Əliyevanın fəaliyyətində fikir-əməl birliyi, vəhdəti öz sözünü deyir, yəni o, fikirlərini əməlləri ilə tamamlayan ictimai-siyasi xadimdir. Mehriban xanım Əliyevanın “Rossiya 24” kanalına müsahibəsində dedikləri bu mənada olduqca diqqətəlayiqdir: “Mənim üçün insanlarla işləmək bacarığı, sənin baxışlarını prinsipcə bölüşən, sənin ardınca getməyə hazır olan həmfikirlər komandası yaratmaq bacarığı daha vacibdir. Çünki onlar anlayırlar ki, sənin işlərin xeyirxahlığa yönəlib. Çox vacibdir ki, bəyan və elan edilənlər həqiqətən baş verənlərlə üst-üstə düşsün. Çünki insanlar hər şeyi görürlər, hər şeyi anlayırlar. Azərbaycan kiçik ölkədir və baş verənlərin hamısı gec-tez aydın olur. Buna görə də bu mənada mən öz fəaliyyətimi çox dəyişmək fikrində deyiləm. Şəfqət təkcə gözəl söz deyil. Əsl şəfqət real işlər - real işlərin görülməsini, konkret addımların atılmasını tələb edir. Bu halda yenə də həmin prinsipiallıq, həmin iradə lazımdır”.

Mehriban xanım Əliyeva milli-mənəvi dəyərlərimizi ləyaqətlə qorumağı bacaran, ölkəmizi həm də beynəlxalq miqyasda uğurla təmsil edən, dünyada nüfuz və hörmətə malik olan ictimai-siyasi xadimdir. Mehriban Əliyeva istər Heydər Əliyev Fondunun prezidenti, istərsə də millət vəkili kimi bu zamana qədər Azərbaycan xalqının və dövlətinin maraqları əsasında uğurlu fəaliyyət göstərib və cəmiyyətimiz onun fəaliyyətini olduqca yüksək qiymətləndirir. Məhz bu gün isə Birinci vitse-prezident kimi Mehriban xanım Əliyevanın çoxşaxəli, ictimai əhəmiyyətli fəaliyyəti ölkəmizin tərəqqisi, ayrı-ayrı sahələrdə mühüm inkişaf göstəricilərinin əldə olunması baxımından böyük önəmə malikdir. Mehriban xanım Əliyevanın Birinci vitse-prezident kimi fəaliyyəti də Azərbaycanın inkişafına müstəsna töhfələr verir.

Keçidlər