Şriftin ölçüsü :

Saytın rəngi :

İyulun 28-i Ümumdünya Hepatitlə Mübarizə Günüdür

28 iyul 2022 | 18:01

Ümumdünya Səhiyyə Təşkilatının qərarı ilə 2010-cu ildən etibarən iyulun 28-i Ümumdünya Hepatitlə Mübarizə Günü elan edilib.

"Abşeron Rayon Mərkəzi Xəstəxanası" Publik Hüquqi Şəxsin həkimi, infeksionist Əminə İsmixanovanın Absheronxeber.az saytına müsahibəsi:


- Əminə həkim, Hepatitlə mübarizə gününün məhz iyulun 28-də qeyd olunmasının səbəbi nədir?


- Həmin günün iyulun 28-də qeyd olunması hepatit B virusunu kəşf edən, ona qarşı ilk vaksini yaradan və bu uğura görə Nobel mükafatına layiq görülən professor Barux Blumbergin doğum tarixi ilə əlaqədardır.


- Dünyada hazırda hepatitə yoluxma hansı səviyyədədir?


- Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, hal-hazırda planet əhalisinin 325 milyonunda hepatit B və ya C virusu müşahidə olunur. Hər il onlardan da 1 milyonu vəfat edir. Bundan əlavə hər il dünya 4-5 milyon uşaq hepatit B pozitiv anadan doğularaq yoluxur.

- Azərbaycanda, o cümlədən Abşeron rayonunda hepatitlə mübarizə sahəsində hansı işlər aparılır? Bu xəstələrin müalicəsi necə təşkil olunur?


- Tarix boyu xalqları çətin və böhranlı vəziyyətlərdən liderlərin siyasi iradəsi və uzaqgörənliyi xilas edib. Böyük çağırışlar zamanı hər bir liderin üzərinə düşən əsas vəzifə məhz xilaskarlıq missiyasıdır. Bunun bariz nümünəsidir ki, möhtərəm Prezidentimiz İlham Əliyevin səhiyyənin inkişafına göstərdiyi diqqət və qayğının, o cümlədən pandemiya zamanı onun inamla və uğurla yerinə yetirdiyi düşünülmüş siyasətin nəticəsində biz həkimlər Koronavirusa da qalib gəldik.

2014-cü ildən etibarən Səhiyyə Nazirliyində hepatitlərin profilaktika, diaqnostika və müalicəsinin təşkili üzrə xüsusi komissiya yaradılıb. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) tərəfindən yaradılmış müvafiq komissiyanın fəaliyyəti çərçivəsində 2022-ci ilin aprel-iyul ayları ərzində 132 nəfər hepatit B və C xəstəsi müalicəyə cəlb olunub və ödənişsiz dərman preparatları ilə təmin edilib. Abşeron rayonu ərazisində isə 200-ə yaxın hepatit xəstəsi ilə bağlı biokimyəvi analizlər, PZR (polimer zencirvari reaksiya) və Fibroskan müayinəsindən ödənişsiz şəkildə keçmiş, onlardan bir çoxu pulsuz dərman preparatları ilə (hepatit B xəstələri tenofovir, C xəstələri isə Sobosvubir və daclatosvir) təmin olunuşdur.


- Hepatit xəstəliyinin ilkin spesfik əlamətləri hansılardır? Azərbaycanda hepatitin hansı növü daha çox yayılıb?


- Xəstəliyin ilkin spesifik əlamətləri olmasa da, əsasən iştahsızlıq, yorğunluq, zəif ürəkbulanma və halsızlıqdan şikayətlər olur. Bəzi hallarda mədə nahiyəsi dolğun və zəif ağrılı, bəzi hallarda göz və dəridə sarılıq halları ilə özünü büruzə verir. Erkən əlamətlər yoluxmadan ən tez 2, ən gec 6 ay sonra müşahidə edilir. Sürətlə artan xəstəliklər qrupuna aid edilən hepatitin A, B, C, D, F və başqa növləri var. Qanla yoluxan hepatit B və C növlərinin müalicəsi daha çətindir. Hepatit A-ya isə əvvəllər daha çox rast gəlinirdi. Amma son vaxtlar təmizləyici vasitələr daha güclü olduğundan hepatit A ilə yoluxan xəstələri çox görmürük. Bir də hepatit A-nın qarşısının alınması mümkün olduğu üçün belə xəstələrın sayı azalıb.

- Sonda bu xəstəliyə yoluxmamaq və qorunmaq üçün hansı tövsiyələr verərdiniz?

 

- Xəstəliyə yoluxmamaq üçün tibbi, kosmetoloji, tatuaj, pirsinq kimi proseduralardan müraciət edərkən istifadə olunan ləvazimatların steril olmasına nəzər yetirilməli, təsadüfi münasibətlər zamanı qorunmaq lazımdır. Onu da qeyd edim ki, hepatit B-ə qarşı vaksin mövcuddur. Bəzi xroniki xəstələr məsələn hemodializ, autoimmun xəstələr, leykoz, talassemiya və bu kimi qan xəstələri mütləq şəkildə peyvənd olunmalıdır.

Unutmayın Hepatit B və C səssiz qatillərdir, çünki çox zaman heç bir əlamət olmadan qaraciyər sirrozuna və xərçənginə (hepatosellülar karsinoma) səbəb olur ki, bu da ölümlə nəticələnir. Vaxtında müayinə olunaraq hepatit C xəstəliyindən tam sağala, virus hepatit B-ə isə nəzarət etməklə ağırlaşmaların qarşısını ala bilərsiz.

Keçidlər