“Gender əsaslı zorakılıqla mübarizə” kampaniyası çərçivəsində Abşeronda silsilə maarifləndirmə tədbirləri keçirilib
Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 noyabr tarixli 2307 nömrəli Sərəcamına əsasən, Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020-2023-cü illərdə Milli Fəaliyyət Planının müvafiq bəndi üzrə 25 noyabr - 10 dekabr tarixləri aralığında “Gender əsaslı zorakılıqla mübarizə” kampaniyası çərçivəsində Abşeron rayon İcra Hakimiyyəti tərəfindən silsilə maarifləndirmə tədbirləri keçirilib.
Təhsil, səhiyyə, Hüquq mühafizə orqan və idarələrinin rəhbər və məsul şəxsləri, məktəb psixoloqları, o cümlədən bələdiyyələrin nəzdində yaradılmış “Gender Komissiyaları”nın sədrlərinin iştirakı ilə qadınlara və qızlara qarşı zorakılıqla mübarizəyə həsr olunmuş 16 Günlük Fəallıq kampaniya çərçivəsində keçirilən tədbirlərdə Abşeron rayon İcra hakimiyyəti yanında “Gender zorakılğı və uşaqlara qarşı zorakılıq üzrə monitoring qrupunun sədri Gülnar Rəhimova tərəfindən iştirakçılara “Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020-2023-cü illər üçün Milli Fəaliyyət Planı” üzrə aparılan işləri, məişət zorakılığından zərər çəkmiş şəxslərin sosial müdafiəsi, habelə, məişət zorakılığının qarşısının alınması ilə bağlı sosial tədbirlərin görülməsi sahəsində maarifləndirmə tədbirlərinin əhəmiyyəti barədə məlumat verilib.
İştirakçıların diqqətinə çatdırılıb ki, yerlərdə gender zorakılığı və uşaqlara qarşı zorakılığın vəziyyətinin qiymətləndirilməsi və həyata keçirilən tədbirlərin effektivliyinin yoxlanılması, zorakılığın səbəblərinin araşdırılması və təhlil edilməsi, həmçinin övladlığa götürülmüş, qəyyumluğa və ya himayəyə verilmiş uşaqların ailələrdə vəziyyətinin monitorinqlərinin sayının artırılmasının, habelə Abşeronun 15 inzibati ərazisində fəaliyyət göstərən Bələdiyyələrin nəznində yaradılmış “Gender Komissiyaları”nın fəaliyyətinin, əhali arasında məişət zorakılığının qarşısının alınmasına yönəlmiş maarifləndirmə işinin mütəmadi olaraq aparılması vacibdir.
Tədbirlər çərçivəsində mövzu üzrə iştirakçılar arasında sorğular və müzakirələr aparılıb, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən hazırlanmış bukletlər paylanılıb, videoçarxlar nümayiş etdirilib.
Qeyd edək ki, “Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq” hər il 25 noyabr (Qadınlara qarşı Zorakılıqla Beynəlxalq Mübarizə Günü) -10 dekabr (Beynəlxalq İnsan Hüquqları Günü) tarixləri arasında keçirilən beynəlxalq kampaniyadır və gender əsaslı zorakılığın insan hüquqları pozuntusu olduğunu vurğulayır. Bütün dünyada fərdi şəxslər və təşkilatlar “16 günlük kampaniya” kimi geniş şəkildə tanınan bu tədbir vasitəsilə hamını qadınlara və qızlara qarşı zorakılığın qarşısını almağa və aradan qaldırmağa çağırır. Azərbaycanda kampaniya bir sıra beynəlxalq qurumlarla yanaşı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilati dəstəyi ilə həyata keçirilir.