“Dünya mənim gözümdə...”
Aprel ayının 22-də Xırdalan şəhər Heydər Əliyev Mərkəzində Abşeron Rayon İcra Hakimiyyətinin, “Abşeron” qəzeti redaksiyasının və Rayon Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə “Beynəlxalq Yer Kürəsi Günü” münasibətilə Abşeron məktəbliləri arasında “Dünya mənim gözümdə” adlı rəsm yarışması keçirildi.
Yarışmaya Abşeron rayonunun 41 tam orta məktəblərindən 50-yə yaxın şagird qoşulmuşdu.
Tədbirdə qeyd edildi ki, “Yer Kürəsi Günü” ilk dəfə Ağac əkmə günü” adı ilə qeyd olunmuşdur. Bu bayramın keçirilmə tarixi XIX əsrin 70-ci illərinə təsadüf edir. 1990-cı ildən başlayaraq Yer Kürəsi Günündə milli parkların salınması, ətraf mühitin əvvəlki vəziyyətinə qaytarılması mövzusu gündəmə gətirilib.
Tədbirdə iştirak edən Abşeron Rayon İcra Hakimiyyəti başçısının İçtimai-siyasi və humanitar məsələlər üzrə müavini Gülnar Rəhimova tədbir iştirakçılarını “Beynəlxalq Yer Kürəsi Günü” münasibəti ilə təbrik edərək vurğuladı ki, bütün dünyada qeyd olunan Yer Kürəsi Günü bəşəriyyətin diqqətini ekologiyaya və ətraf mühitin qorunmasına cəlb etmək missiyasını daşıyır.
G.Rəhimova son vaxtlar Abşeron rayonu ərazisində də ekoloji təmizlik işlərinin aparılmasından, bu günlərdə isə İDEA İçtimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə “Ümumrespublika Yaşıllaşdırma Marafonu” çərçivəsində rayonda növbəti ağacəkmə aksiyasının keçirilməsindən söz açdı və hər bir kəsi dünyamızı qorumağa çağırdı.
Təbiət nə qədər zəngin, təmiz olarsa, insanlar o qədər sağlam olar. Təbiətə qayğı ilə yanaşmaq, onu qorumaq, daha da zənginləşdirmək bizim borcumuzdur. Ölkəmiz nadir təbiətə, çox gözəl flora və faunaya malikdir. Bu flora və fauna respublikamızda mövcud olan milli qoruqlarda qorunur.
XXI əsrin əvvəllərindən Azərbaycanda milli parkların şəbəkəsi genişləndirilib. 2003-cü ildə isə Respublika Prezidentinin sərəncamı ilə Bakı şəhərinin Qaradağ rayonu, Salyan və Neftçala rayonlarını əhatə edən Şirvan Milli Parkı, Ağcabədi və Beyləqan rayonlarını əhatə edən Ağgöl Milli Parkı yaradılmışdır.
Gülnar Rəhimova daha sonra qeyd etdi ki, 30 il işğal altında qalan tarixi torpaqlarımıza, onun zəngin təbiətinə erməni vandalları tərəfindən ciddi ziyan vurulub. Burada yüz illərlə qorunub saxlanılan nadir ağaclar kəsilib, meşələr yandırılıb, minlərlə minalar basdırılıb, ekologiyası çirkləndirilib. Bu gün Azərbaycanın ayrılmaz hissəsi olan Qarabağ torpağında quruculuq-abadlıq işləri davam etdirilir, ekoloji tarazlığın qorunması istiqamətində addımlar atılır. Tezliklə bu qədim yurd yerlərimiz əvvəlki görkəmini alaraq, yenidən cənnətə dönəcək.
Məktəblilər öz təxəyyüllərini işə salaraq qələm və fırçalarını götürdülər. Nəticədə yer kürəmiz, dünyamız, ekologiyamız haqqında biri-birindən maraqlı rəsm əsərləri yarandı.