Bu gün Beynəlxalq İtkinlər Günüdür
Bu gün Beynəlxalq İtkin Düşmüş Qurbanlar Günü və ya Beynəlxalq İtkinlər Günüdür.
AZƏRTAC xəbər verir ki, həmin təqvim 2010-cu il dekabrın 21-də BMT-nin Baş Məclisi tərəfindən təsis edilib.
İtkin düşmək əsasən terror, siyasi müharibələr və ya diktatura rejimlərində insanların zorla qaçırılmasıdır. Çox təəssüf ki, hazırda zorla qaçırılma qlobal problemə çevrilib.
Bu günün qeyd edilməsi hüquqları pozulmuş itkinlərin taleyi haqqında ictimaiyyətin maarifləndirilməsi məqsədi daşıyır.
Beynəlxalq İtkinlər Günü üzv dövlətlər, bir sıra beynəlxalq və qeyri-hökumət təşkilatları itkinlərin taleyinə hər kəsin diqqətini cəlb etmək üçün müxtəlif tədbirlər keçirirlər.
Azərbaycan Respublikasının Əsir və itkin düşmüş girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası son məlumatına əsasən, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində Birinci Qarabağ müharibəsində 3 min 890 nəfər Azərbaycan vətəndaşı itkin düşmüş şəxs kimi qeydiyyata alınıb. Onlardan 3 min 171 nəfəri hərbçi, 719 nəfəri mülki şəxsdir. Mülki şəxslər içərisindən 71 nəfəri yetkinlik yaşına çatmamış uşaq, 267 nəfəri qadın, 326 nəfəri yaşlı insanlar olub.
İtkin düşmüş şəxslərin ümumi sayından 872 nəfər, o cümlədən 29 uşaq, 98 qadın və 112 qoca əsir-girov götürülmüş və ya işğal edilmiş ərazilərdə qalıblar. Sonradan azad olunmuş əsir və girovlar həmin şəxsləri sağ gördüklərini təsdiq ediblər.
Ermənistan münaqişənin bütün dövrü ərzində bu şəxslər barədə məlumatları beynəlxalq təşkilatlardan gizlədib, onların sonrakı taleyi barədə məlumat verməkdən yayınıb.
Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərdən 54 nəfəri Ermənistan tərəfində saxlanıldıqları vaxt sağ ikən onlarla müxtəlif vaxtlarda Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) nümayəndələri görüş keçirib. Sonradan onlardan 17-sinin meyiti təhvil verilib, 33-nün ölümü barədə məlumat verilsə də onların meyitləri qaytarılmayıb, 4-ü barədə isə ümumiyyətlə heç bir məlumat almaq mümkün olmayıb.
Birinci Qarabağ müharibəsi dövründə 1480 nəfər azərbaycanlı erməni əsir-girovluğundan azad edilib. Şəhid olmuş və respublikanın 13 şəhər və rayonunun ərazisində yerləşən 21 qəbiristanlıqdakı 191 naməlum şəhid məzarından 183 meyit qalığı ekshumasiya edilib.
BQXK ilə çoxillik əməkdaşlıqla yanaşı, Dövlət Komissiyası qarşıda duran vəzifələrin həllində yeni imkanlar açacağına ümid edərək cari ilin aprel İtkin düşmüş şəxslər üzrə Beynəlxalq Komissiyanın nümayəndələri ilə əməkdaşlığa dair Protokol imzalanıb.
Hazırda Vətən müharibəsində itkin düşmüş 6 Azərbaycan hərbçisinin axtarışı davam etdirilir.
Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü zamanı Ermənistan tərəfindən bir çox beynəlxalq hüquq normaları, o cümlədən beynəlxalq humanitar hüququn tələbləri kobud şəkildə pozulub. Müharibə qaydalarına zidd olaraq, mülki əhali qorunmamış, əksinə onlar girov götürülmüş və bir çox hallarda öldürülüb. Bir çox hallarda əsir və girovlara ağlasığmaz işgəncələr verildikdən sonra, onlar öldürülmüş və işgəncələrin izlərinin itirilməsi məqsədilə onların meyitləri belə Azərbaycan tərəfinə təqdim edilməyib.
Azərbaycan da itkin düşmüş vətəndaşlar və onların ailə üzvləri ilə bağlı beynəlxalq hüquq və milli qanunvericiliyin tələblərinə uyğun olaraq bütün müvafiq tədbirləri həyata keçirir. Ölkədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası fəaliyyət göstərir. Komissiya əsir və girov götürülmüş şəxslərin vətənə qaytarılması, itkin düşənlərin axtarılması ilə əlaqədar tədbirlər həyata keçirir, bu sahədə müvafiq dövlət orqanlarının, ictimai və beynəlxalq təşkilatların fəaliyyətini əlaqələndirir, əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlar haqqında məlumatları toplayır, bu məlumatların qeydiyyatını və sistemləşdirilməsini təmin edir və Komissiyaya həvalə edilən digər vəzifələri həyata keçirir.