Şriftin ölçüsü :

Saytın rəngi :

Bələdiyyələrdə yaradılmış Gender Komissiyalarının sədrləri ilə görüş keçirildi

10 iyul 2024 | 14:55

Abşeron rayonu üzrə Bələdiyyələrin nəzdində yaradılmış Gender Komissiyalarının sədrləri ilə görüş keçirilib. Xırdalan şəhərindəki Heydər Əliyev Mərkəzində baş tutan görüşdə RİH başçısının müavini Gülnar Rəhimova çıxış edərək, əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan qadın siyasətinin hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıb, bu gün cəmiyyətimizdə qadınların rolunun daha da artdığını,  qadınların ölkəmizin ictimai-siyasi, iqtisadi, mədəni həyatında fəal iştirakını, habelə  bütün sahələrdə olduğu kimi, qərarların qəbuletmə prosesində təmsil olunmasını qeyd etdi. Vurğulanıb ki, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva öz geniş fəaliyyəti ilə beynəlxalq aləmdə Azərbaycan qadınının nüfuzunu daha da yüksəklərə qaldırır.

Yerli özünüidarəetmə sektorunda gender bərabərliyinin təşviqinin vacibliyini vurğulayan G.Rəhimova gender bərabərliyi hədəflərinin son illər milli inkişaf siyasətində və iqtisadi strategiyalarda ifadə edildiyini, ölkəmizdə yerli idarəetmədə gender prinsiplərinin geniş  tətbiqi üzrə müvafiq tədbirlər,  habelə bələdiyyələrin hüquq və vəzifələri, gender bərabərliyinin təmin olunması istiqamətində mövcud problemlər, gender bərabərliyinin təbliği ilə bağlı gender komissiyalarının üzərinə düşən vəzifələr barədə məlumatlılıq səviyyəsinin artırılması məqsədilə AQUPDK tərəfindən mütəmadi olaraq təlimlərin keçirdiyini qeyd etdi.

G.Rəhimova hüquqi bazanın təkmilləşdirilməsi və bərabər hüquqların təmin edilməsi üçün “Gender bərabərliyinin təminatları haqqında” (2006-cı il), “Məişət zorakılığının qarşısıının alınması haqqında” (2010 cu il) Azərbaycan Respublikası qanunları ilə tənzimlənməsini, habelə “Məişət zorakılığının qarşısının alınması haqqında” qanunda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Prezidentinin Fərmanı barədə ətraflı məlumat verərək bildirib ki, Azərbaycan Respublikası Dövlət Komitəsi tərəfindən məişət zorakılığı ilə mübarizə sahəsində normativ hüquqi bazanın təkmilləşdirilməsi, məişət zorakılığından zərər çəkmiş şəxslər üçün əlaqələndirmə mexanizminin yaradılması, məişət zorakılığından zərər çəkmiş şəxslərə pulsuz (ödənişsiz) hüquqi yardım göstərilməsi barədə təklifləri özündə əks etdirən normativ hüquqi akt layihələri hazırlanmışdır. Hazırlanmış hüquqi akt layihələrindən 2 qanun layihəsi Milli Məclisin 23 fevral 2024-cü il tarixli iclasında qəbul olunmuş, həmin ilin aprelin 15-də “Məişət zorakılığının qarşısının alınması haqqında” qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Prezidenti tərəfindən  fərman imzalanmışdır. Bununla da qanunda 7 istiqamət üzrə  6 qanuna və 5 fərmana dəyişikliklər edilmişdir. 

Bələdiyyələrdə yaradılan Gender Komissiyalarının fəaliyyətinin təkmilləşdirilməsinin vacibliyini vurğulayan Gülnar Rəhimova qeyd edib ki, bu komissiyalar risk qrupundan olan ailələri müəyyən edərək, bilavasitə həmin ailələrdə gender münasibətlərinin formalaşmasına töhfə verə bilər.

Daha sonra komissiya rəhbərləri ilə qarşıda duran məqsədlər və görüləcək tədbirlər müzakirə edilib, maarifləndirici materiallar  təqdim edilib.

Keçidlər