Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycanda dövlət-din münasibətləri dünya üçün nümunədir.

08 avqust 2022 | 17:00

Azərbaycan müxtəlif dinlərin və mədəniyyətlərin qovuşduğu tarixi məkan kimi tanınıb. Bu gün qürur və fəxarət hissi ilə deyə bilərik ki, dini və etnik müxtəliflik ölkəmizin ən böyük sərvətinə çevrilib.

Azərbaycan təkcə sosial-iqtisadi uğurlarına, hərbi-siyasi potensialına görə deyil, eyni zamanda vicdan azadlığının və multikultural mühitin təmin edilməsinə, yüzilliklər ərzində formalaşmış tolerantlıq ənənələrinin qorunmasına görə də regionun lider dövlətidir. Ölkəmiz islam dünyasında dövlət-din münasibətlərinin həm hüquqi, həm də mənəvi cəhətdən tam tənzimlənməsinə nail olmuşdur. Cənubi Qafqaz kimi mürəkkəb geosiyasi proseslərin cərəyan etdiyi bir regionda dini məsələlərin qüsursuz həyata keçirilməsi olduqca çətindir. Bunun üçün ilk növbədə güclü və qətiyyətli siyasi iradənin olması zəruri şərtdir. Bu baxımdan Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın dinə, dini-tarixi abidələrin qorunub saxlanılmasına xüsusi diqqət və qayğısı mühüm əhəmiyyət kəsb edir.

Ölkəmizdə vətəndaşların vicdan azadlığı hüququ birbaşa Konstitusiyamızda, eyni zamanda "Dini etiqad azadlığı haqqında" qanunda müfəssəl şəkildə təsbit olunub. Digər tərəfdən dövlət-din münasibətləri istiqamətində həyata keçirilən uğurlu siyasətin davamı olaraq Azərbaycan bir neçə dəfə beynəlxalq dini konfransların keçirilməsinə rəhbərlik edib. Xüsusilə dinlərarası və mədəniyyətlərarası dialoq, multikulturalizmin inkişafı qeyd edilən toplantıların əsas müzakirə mövzuları olub. Bu həm də ölkəmizin bütövlükdə islam aləmində və dünya siyasi arenasında dinlərarası və mədəniyyətlərarası dialoqa verdiyi önəmi göstərir.

Azərbaycanda dini məbədlərin qorunması, bərpası, dini etiqad azadlığının milli dəyərlərimizin əsasında inkişaf etməsi həmişə diqqət mərkəzində yer alıb. Təsadüfi deyil ki, 44 günlük Vətən müharibəsindən sonra işğaldan azad edilən Qarabağda nəzərdə tutulan əsas infrastruktur layihələrindən biri də məhz məscidlərin, qədim abidələrin bərpası olub. Prezident İlham Əliyev ailəsi ilə birlikdə Ağdam və Şuşa şəhərlərinə səfəri zamanı burada bərpa edilən məscidlərə baş çəkib, görülən işlərlə yerində tanış olub. Bu, onun islam dininə göstərdiyi yüksək ehtiramın əyani sübutudur.
Dövlət başçısının məscidlərə müqəddəs "Qurani-Kərim"i hədiyyə etməsi isə artıq ənənə halını alıb.

Dini abidələrə göstərilən dövlət qayğısı

Dövlət müstəqilliyinin bərpasından sonra xalqımızın mənəvi irsinin bir parçası olan dini abidələrin təmiri və bərpası istiqamətində zəruri addımlar atılmışdır. Belə ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yaydığı məlumata əsasən müstəqillik dövründə ölkəmizdə 800-dən artıq məscid inşa olunmuş, yüzlərlə məsciddə əsaslı təmir işləri aparılmış və yaxud yenidən qurulmuşdur. Təbii ki, görülən bu işlərdə əsas məqsəd vətəndaşların ürəyincə ibadət etmələrini təmin etməkdir.

Özünəməxsusluğu qorunaraq təmir olunan və ya inşa edilib istifadəyə verilən bu cür məscidlərdə ibadətlə yanaşı, müxtəlif mərasimlərdə dinin düzgün təbliğinə də şərait yaradılır. Azərbaycanda tolerantlığı dövlət siyasətinə çevirən Prezident İlham Əliyev ölkəmizi dünyanın inkişaf edən, bəşəri dəyərlərə sayğı göstərən ölkə kimi tanıda bilib. Artıq dünya birliyi əyani şəkildə görür ki, müxtəlif dinlərin və mədəniyyətlərin nümayəndələri uzun illərdir ki, respublikamızda dinc və qarşılıqlı anlaşma şəraitində yaşayırlar.

Hazırda ölkədə dövlət-din münasibətləri ən yüksək səviyyədə tənzimlənməkdədir. Dini dözümlülük, bütövlükdə tolerantlıq mühiti Ümummilli Lider Heydər Əliyevin müdrikcəsinə formalaşdırdığı dövlət-din siyasətinə uyğun olaraq daha da möhkəmləndirilir və bu, aparılan siyasətin üstün istiqamətinə çevrilir.

İşğaldan azad olunmuş məscidlərin bərpası həyata keçirilir

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yaydığı məlumata əsasən respublikamızda Azərbaycan İlahiyyat İnstitutu və 5 dini təhsil müəssisəsi fəaliyyət göstərir. Ölkə ərazisində 2253 məscid mövcuddur. Abşeron rayonunda da milli mənəvi dəyərlərimizin qorunmasına və təbliğinə xüsusi diqqət yetirilir, dini bayramlarımız yüksək səviyyədə qeyd edilir, ziyarətgahlarımız, məscidlərimiz təmir və ya bərpa olunur. Abşeron rayonu ərazisində 24 məscid, 12 dini icma fəaliyyət göstərir.
İşğaldan azad olunmuş ərazilərimizdə indiyədək təsbit olunan tarixi-dini abidələrdən 67-si məscid, 139-u məbəd, 192-si ziyarətgahdır. Bu ərazilərdə 67 məsciddən (Şuşada 13, Ağdamda 5, Füzulidə 16, Zəngilanda 12, Cəbrayılda 5, Qubadlıda 8, Laçında 8) 63-ü tamamilə, 4-ü isə qismən dağıdılaraq yararsız hala salınıb. Bu gün işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən bərpa-quruculuq işləri Azərbaycan dövlətinin gücünü, ölkə rəhbərliyinin siyasi iradəsini və xalqımızın əzmini göstərir. Azərbaycan Prezidenti dəfələrlə çıxışlarında vurğulayıb ki, biz Vətən müharibəsində erməni faşizminə qalib gəlmişik. Vaxtilə Ermənistanın işğal etdiyi ərazilərdə yaşayış məskənlərinin vəziyyəti, eləcə də dini və mədəni abidələrə qarşı törədilmiş vəhşiliklər erməni faşizminin nə qədər təhlükəli olduğunu göstərir. Dini ibadət yerlərinin dağıdılması erməni vandalizminin bariz nümunəsidir və bunun timsalında dünya və ölkəmizin mədəni irsinə münasibət beynəlxalq təşkilatların, xarici dövlətlərin qınağına səbəb olmalıdır. Bu hal Ermənistan Respublikasının digər dinlərə münasibətini və həqiqi simasını da əks etdirir.

İstər paytaxt Bakı, istərsə də regionlarımızda ardıcıl olaraq dini ibadət yerləri, məscidlər inşa olunur, abidələrimiz davamlı olaraq təmir və bərpa edilir. Bu istiqamətdə Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondunun fəaliyyəti xüsusən qeyd edilməlidir. Azərbaycanın hər yerində, son dövrlərdə isə işğaldan azad edilmiş ərazilərimizdə dini abidələrimizin bərpası sahəsində görülən işlər mühüm əhəmiyyət kəsb edir. Heydər Əliyev Fondu tərəfindən bu gün Ağdamda, Şuşada, Qubadlıda və digər işğaldan azad edilmiş ərazilərimizdə məscidlər, minarələr təmir edilir, yenidən qurulur. Bütün bunlar Azərbaycanda islam dininə olan münasibətin növbəti təzahürü hesab edilir.

Heydər Əliyev Fondu milli məqsədlərin reallaşdırılmasına töhfə verir

Heydər Əliyev Fondu işğaldan azad edilmiş ərazilərdə böyük abadlıq, quruculuq işləri həyata keçirir. Zəngilan, Ağdam, Şuşadakı məscidlər Heydər Əliyev Fondunun xətti ilə təmir və bərpa edilir. İşğal dövründə bir çox tarixi-mədəni abidələrlə yanaşı, bu məscidlərimiz də vandalizmə məruz qalıb. Yuxarı Gövhər ağa məscidinin interyeri məhv edilib, minarələrinin dekoru zədələnib, örtükləri və digər hissələri dağıdılıb. Dağıntıya məruz qalan Aşağı Gövhər ağa məscidində isə xarici ekspertlərin iştirakı ilə qiymətləndirmə işləri aparılır.

Prezident İlham Əliyevin tapşırığı ilə Təzə Pir, Bibiheybət və Şamaxı məscidlərinin tam və əsaslı bərpasının həyata keçirilməsi Azərbaycan xalqının öz milli dəyərlərinə yüksək ehtiramının göstəricisidir.

Heydər Əliyev Fondunun maliyyə dəstəyi ilə Daşkəsəndəki Cümə məscidində, Xəzər rayonu, Binə qəsəbəsindəki Möhsün Səlim və İmam Rza məscidlərində, Mərdəkan qəsəbəsindəki Pirhəsən ziyarətgahı və Heydər Cümə məscidində, Buzovna qəsəbəsindəki Cümə məscidində, Gəncə şəhərindəki Şah Abbas və Həzrət Zeynəb məscidlərində yenidənqurma və əsaslı təmir-bərpa işləri görülüb. Fondun xətti ilə bərpa olunan İmam Hüseyn məscidinin istifadəyə verilməsi də milli-mənəvi dəyərlərin qorunması istiqamətində həyata keçirilən tədbirlərdəndir.

Çoxmillətli və çoxkonfessiyalı Azərbaycanda Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu din-dövlət münasibətləri yüksək səviyyədədir və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkəmizdə milli və dini tolerantlıq dövlət səviyyəsində dəstəklənir, multikultural həyat tərzinin daha da möhkəmlənməsi üçün böyük işlər görülür. Azərbaycanın tolerantlıq modeli dünyanın bir çox universitetlərində, o cümlədən yeni binası istifadəyə verilən Azərbaycan İlahiyyat İnstitutunda öyrənilir. Dövlət başçısı İlham Əliyevin bu il aprelin 11-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən Azərbaycan İlahiyyat İnstitutunun yeni binasının açılışında iştirakı da bu kimi məqamların təqdimatında əhəmiyyətli rol oynadı.

Ulu Öndər Heydər Əliyevin siyasi kursunu bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyev 2016-cı ili ölkəmizdə "Multikulturalizm ili", 2017-ci ili "İslam Həmrəyliyi ili" elan etmişdir. Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyevanın yüksək təşkilatçılığı ilə 2015-ci ildə ölkəmizdə ilk Avropa Oyunları, 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunları keçirilmişdir. Bütün bunlar Azərbaycanın eyni zamanda multikulturalizmi həyat tərzinə çevirdiyini bir daha təşdiqləyir. Bunlardan əlavə, Azərbaycan tolerantlıq və multikulturalizm sahəsində təcrübəsini yaymaq və təbliğ etmək, eləcə də bu dəyərləri beynəlxalq aləmdə təşviq etmək məqsədilə nüfuzlu təşkilatlarla, o cümlədən BMT, UNESCO, İSESCO, ATƏT və digər qurumlarla yaxından əməkdaşlıq edir.


Dini adət-ənənələrimizə hörmət əlaməti olaraq dini məbədlərimizin qorunması, onların yenidən qurulması Azərbaycan dövlətinin həmişə diqqət mərkəzindədir.

Keçidlər