Azərbaycan Qadınlarının VI Qurultayı ilə əlaqədar Abşeron rayonunda konfrans keçirilib
Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr edilmiş Azərbaycan Qadınlarının VI Qurultayı ərəfəsində Abşeron rayon qadınlarının konfransı keçirilib.
YAP Abşeron rayon Təşkilatının, qeyri-hökumət təşkilatlarının və rayonun ictimai-siyasi, sosial-iqtisadi, mədəni həyatında fəallığı ilə seçilən qadınların, şəhid ailələrinin xanım üzvlərinin, KİV nümayəndələrinin, tələbə və könüllülərin iştirak etdikləri konfransda əvvəlcə Ümummilli Lider Heydər Əliyevin büstü önünə gül düzülüb, xatirəsi ehtiramla anılıb.
Xırdalan şəhərindəki Heydər Əliyev Mərkəzində baş tutan konfransda Azərbaycan Respublikasının Dövlət Himni oxunub, vətənimizin azadlığı uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Konfransda Abşeron Rayon İcra Hakimiyyətinin başçısının müavini Gülnar Rəhimova və Milli Məclisin deputatı Jalə Əhmədova çıxışlarında Ulu Öndər Heydər Əliyevin təməlini qoyduğu qadınlar siyasətinin hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıblar. Qeyd edilib ki, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva öz geniş fəaliyyəti ilə beynəlxalq aləmdə Azərbaycan qadınının nüfuzunu daha da yüksəklərə qaldırır.
Daha sonra çıxış edənlərdən Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar kollecin direktoru Səhər Orucova, Saray qəsəbə 3 nömrəli tam orta məktəbin direktoru, əməkdar müəllim Təyyubə Hüseynova, Mehdiabad Ailə Sağlamlıq Mərkəzinin müdiri Qənitə İsmayılova, Abşeron rayon Mədəniyyət Mərkəzinin direktoru vəzifəsini müvəqqəti icra edən Samirə Qafarova, "İnkuliziv Cəmiyyət Naminə" Əlilliyi olan şəxslərə dəstək İctimai Birliyinin sədri Ramilə Mahmudova, 45 saylı Dairə Seçki Komissiyasının sədri Dilşad Abbasova, Azərbaycan Yazıçılar Birliyi Abşeron bölməsinin sədri, “Abşeron” qəzetinin baş redaktoru Şəhla Ağbulud, Bakı Mühəndislik Universitetinin Tələbə Həmkarlar İttifaqının sədri Ləman Şərifova ölkədə uğurla reallaşdırılan dövlət-qadın siyasəti və ümumilikdə qadınlara göstərilən diqqət və qayğıydan danışıb və buna görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. Çıxışlarda keçən dövr ərzində görülmüş işlər, əldə olunan nailiyyətlər, qadınların qarşısında duran vəzifələr haqqında da geniş məlumat verilib.
Konfransda müvafiq sorğular vasitəsilə qadınların inkişaf, fəaliyyət və iştirak hüquqlarının təmin edilməsində rayonda müşahidə edilən problemlər və onların həlli istiqamətində təkliflərin toplanması həyata keçirilib.
Yekunda 210 nəfərin iştirakı ilə Azərbaycan Qadınlarının VI Qurultayına Abşeron rayonunu təmsil edəcək qadınlar seçilib, konfransın qərarı qəbul edilib.