Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan nümayəndə heyəti Həştərxan Vilayətində səfərdə olub

29 avqust 2023 | 12:54

Bu günlərdə Rusiyanın Həştərxan vilayətində Xəzəryanı ölkələrin irimiqyaslı, parlaq və unikal dostluq və əməkdaşlığına həsr olunan “Xəzər fəsilləri” Beynəlxalq Klassik İncəsənət Festivalı keçirilir. Festival çərçivəsində “Azərbaycan Günü”nə həsr olunmuş tədbirdə nümayəndə heyətini Abşeron Rayon İcra Hakimiyyəti başçısının müavini Gülnar Rəhimova, Azərbaycan Biznes Mərkəzinin Həştərxandakı rəsmi nümayəndəsi Nəsimi Məmmədov və Abşeron RİH ictimai- siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Elvin Zalov təmsil ediblər.

İlk öncə Azərbaycan nümayəndə heyəti və Həştərxan vilayətinin rəsmiləri tərəfindən xalqımızın Ümummilli Lideri Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə tər çiçəklər düzülərək xatirəsi ehtiramla yad edilib.

Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti ilə Həştərxan şəhərinin meri Oleq Polumordvinov və Vilayətin xarici əlaqələr naziri vəzifəsini icra edən İlya Toropitsin arasında görüş keçirilib. Görüşdə Oleq Polumordvinov Həştərxanla Azərbaycanı müxtəlif sahələrdə uzunmüddətli tərəfdaşlıq və qarşılıqlı əməkdaşlıq əlaqələrinin bağladığını, bu səpkidə tədbirlərin ölkələrimiz arasında əməkdaşlığın ildən-ilə möhkəmlənməsinə mühüm təsir etdiyini vurğulayıb. Qeyd edilib ki, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinin Rusiya Federasiyasının Həştərxan vilayətində təntənəli şəkildə qeyd edilməsi məqsədilə Həştərxan vilayətinin qubernatoru İqor Babuşkin tərəfindən Tədbirlər Planı imzalanıb, cari ilin əvvəlindən Ulu Öndərin 100 illik yubileyi Həştərxan vilayətində qeyd edilməyə başlanılıb, bir sıra tədbirlər həyata keçirilir.

Yüksək qonaqpərvərliyə görə təşəkkür edən Gülnar Rəhimova Həştərxan vilayətinin çoxmillətli, çoxkonfessiyalı olduğunu müşahidə etdiyini, Həştərxanda Heydər Əliyev Fondu tərəfindən inşa edilmiş Ümummilli Liderin adını daşıyan mədəniyyət və istirahət parkı, eləcə də digər mövcud infrastrukturun ölkələrimiz arasında tolerant münasibətlərin bariz nümünəsi olduğunu vurğulayıb. G.Rəhimova Ulu Öndərin 100 illik yubileyi münasibəti ilə Həştərxan vilayətinin qubernatoru tərəfindən imzalanmış Tədbirlər planı çərçivəsində ölkələrimiz arasında bir sıra tədbirlərin, o cümlədən Həştərxan və Xırdalan şəhərinin məktəbləri arasında online, habelə hər iki ölkənin gənclər təşkilatları arasında Bakı şəhərində yerləşən Həştərxan İş Mərkəzində keçirilən görüşlərin əməkdaşlığın daha da möhkəmlənməsinə müsbət təsir göstərdiyini və bu tədbirlərin davamlılığının vacibliyini qeyd edib.

Həştərxan sakinlərinə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illiyi çərçivəsində müxtəlif tədbirləri yüksək səviyyədə  keçirdikləri üçün minnətdarlıqlarını bildirən G.Rəhimova Həştərxanda Heydər Əliyev Fondu tərəfindən görülən işlərdən ətraflı danışaraq bundan sonra da qarşılıqlı birgə layihələrin  davamlı həyata keçiriləcəyini vurğulayıb.

Səfər çərçivəsində Azərbaycan nüməyəndə heyəti Həştərxan Dövlət Opera və Balet Teatrı, Diyarşünaslıq Muzeyi və Həştərxan Kremlini ziyarət ediblər.

Daha sonra Azərbaycan nümayəndə heyəti Həştərxan Dövlət Filarmoniyasında “Xəzər fəsilləri” Beynəlxalq Klassik İncəsənət Festivalı çərçivəsində baş tutan “Azərbaycan Günü” konsertində iştirak edib. Konsertdə Əməkdar artist Nurlan Növrəslinin rəhbərlik etdiyi etno-caz qrupu Laçın şəhəri gününə həsr olunmuş “Laçın kompozisyası”nı ifa ediblər.

Qeyd edək ki, Həştərxanda keçirilən “Xəzər fəsilləri” Beynəlxalq Klassik İncəsənət Festivalı bu il avqustun 22-dən başlayıb və sentyabrın 6-dək davam edəcək.

Keçidlər