Abşeronda “Yeniyetmələr arasında narkomaniya asılılığının profilaktikası” mövzusunda təlim keçirilib
Abşeronda Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu, Abşeron rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə orta ümumtəhsil məktəblərinin psixoloqları üçün “Yeniyetrmələr arasında narkomaniya asılılığının profilaktikası” mövzusunda təlim keçirilib.
Tədbirdə Abşeron rayon İcra Hakimiyyəti Başçısının müavini, Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə rayon Komissiyasının sədri Gülnar Rəhimova, Narkomanlığa və Narkotik vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Dövlət Komissiyası yanında fəaliyyət göstərən daimi İşçi Qrupunun məsul əməkdaşı Vasif Quliyev, təlimçi psixoloq Minarə Səbzəliyeva, Abşeron rayonunun orta ümumtəhsil məktəblərinin psixoloqları, habelə Abşeron RİH könülləri iştirak ediblər.
Təlimin əsas məqsədi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019–2024-cü illər üçün təsdiq edilmiş Dövlət Proqramı”na əsasən şagirdlər arasında narkomanlığın yayılmasına qarşı profilaktık tədbirlərin görülməsi, məktəb psixoloqlarının bu fəaliyyətə mütəşəkkil edilməsi, məktəblərdə kompleks tədbirlərin mütəmadi təşkil olunmasıdır.
Gülnar Rəhimova çıxış edərək narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizənin ümumdövlət vəzifəsi kimi müəyyən edildiyini, respublikamızda, o cümlədən Abşeronda bu problemin aradan qaldırılması istiqamətində kompleks tədbirlərin aparıldığıını, ümumtəhsil məktəblərinin bu mübarizədə rolunun vacibliyini qeyd edib.
Daha sonra Narkomanlığa və Narkotik vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Dövlət Komissiyası yanında fəaliyyət göstərən daimi İşçi Qrupunun məsul əməkdaşı Vasif Quliyev, təlimçi psixoloq Minarə Səbzəliyeva təlim iştirakçılarına psixoaktiv maddələrdən istifadənin risk amilləri, asılılıq və yeniyetmələrdə asılılığın yaranmasına səbəb olan sosial-psixoloji amillər, narkotik asılılığın formalaşma mərhələləri, psixoaktiv maddələrdən istifadə zamanı yaranan fizoloji əlamətlər və emosional davranış dəyişiklikləri, məktəblilərin PAM-dan istifadəsinin qarşısını almaq məqsədi ilə atılacaq ilkin addımlar, risk qrupuna aid yeniyetmələrlə məktəb psixoloqlarının fərdi qaydada izahat işlərinin aparılması, məktəbdə şagirdlərin asudə vaxtlarının səmərəli təşkili üçün tədbirlər planının hazırlanması, antinarkotik təbliğatın vacibliyi kimi mühim mövzular ətrafında geniş məlumat verilib.
İştirakçıları maraqlandıran suallar ətrafında müzakirələr aparılıb.
Sonda iştirakçılara təlimdə iştirakına görə sertifikatlar təqdim olunub.