Şriftin ölçüsü :

Saytın rəngi :

Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində tədbir keçirilib

31 yanvar 2024 | 14:16

Azərbaycan Respublikası Prezidentinin 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında 25 dekabr 2023-cü il tarixli Sərəncamına əsasən Abşeron rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə Xırdalan şəhərdə yerləşən Heydər Əliyev Mərkəzində "Yaşıl dünya naminə həmrəy olaq" mövzusunda tədbir keçirilib.

Tədbirdə Abşeron rayon ümumtəhsil məktəblərinin şagirdlərinin "Yaşıl dünya naminə həmrəy olaq" mövzusunda hazırladıqları layihələr dinlənilib, layihələrin il ərzində məktəblərdə keçirilməsinə dair Abşeron Rayon İcra Hakimiyyəti başçısının müavini Gülnar Rəhimova tərəfindən müvafiq tövsiyyələr verilib.

G.Rəhimova qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin ətraf mühitin qorunması siyasəti, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında uğurla davam etdirilir. Bu sahədə həyata keçirilən ardıcıl tədbirlər, ətraf mühitin mühafizəsi sahəsində yeni uğurların əldə olunmasına təkan verib.

Azərbaycan Respublikası Prezidentinin imzaladığı müvafiq Sərəncamda Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetindən birinin “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyən edilməsi və həmin prioritetə uyğun olaraq, ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi kimi məsələlərin qeyd olunduğunu bildirib.

Vurğulanıb ki, işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur, eləcə də Naxçıvan Muxtar Respublikası yaşıl enerji zonası elan olunmuşdur. Azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma prosesində ətraf mühitin qorunması prioritetdir. Həmin ərazilərdə “ağıllı şəhər”, “ağıllı kənd” kimi innovativ yanaşmalar tətbiq edilir, ekosistem bərpa olunur.

Bildirilib ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 kimi mötəbər bir tədbirin Azərbaycanda keçirilməsi ilə əlaqədar yekdil qərarın verilməsi beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycana böyük hörmət və etimadın, eləcə də ölkəmizin milli, regional və qlobal səviyyədə ətraf mühitin qorunması, iqlim dəyişmələrinin qarşısının alınması işinə töhfəsinin təqdir olunmasının bariz nümunəsidir.

Daha sonra RİH başçısının müavini Gülnar Rəhimova tədbir iştirakçıları ilə birlikdə sərgiyə baxış keçirib, ətraf mühitin qorunmasına dair şagirdlərin çəkdikləri rəsm və hazırladıqları əl işlərinin hər biri ilə yaxından tanış olub.

Keçidlər