Şriftin ölçüsü :

Saytın rəngi :

Abşeronda Ümumdünya Mülki Müdafiə Gününə həsr olunmuş tədbir keçirilib

01 mart 2024 | 12:53

Abşeron Rayon İcra Hakimiyyəti və Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzinin birgə təşkilatçılığı ilə “1 Mart - Ümumdünya Mülki Müdafiə Günü”nə həsr olunmuş “Mülki müdafiə sahəsində innovativ texnologiyalar” mövzusunda tədbir keçirilib.

Tədbirin keçirilməsində məqsəd ictimaiyyətin diqqətinin fövqəladə hallardan qorunma və mülki müdafiənin təşkili məsələlərinə yönəldilməsi, bu sahədə əhalinin hazırlığının və maarifləndirilməsinin təmin edilməsi, eləcə də fərdi mühafizə vasitələrindən istifadə vərdişlərinin aşılanması olub.

Tədbirdə Abşeron Rayon İcra Hakimiyyətinin, FHN Sumqayıt Regional Mərkəzinin və yerli qurumlarının, Abşeron rayon Polis İdarəsinin, Abşeron-Xızı Regional Təhsil İdarəsinin, Abşeron-Xızı Regional Mədəniyyət İdarəsinin, eləcə də yerli idarələrin əməkdaşları və KİV nümayəndələri iştirak ediblər. Həmçinin tədbirə Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunları Komandanlığının, Xüsusi Riskli Xilasetmə Xidmətinin, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin, “İzotop” Xüsusi Kombinatının və Sumqayıt Regional Mərkəzinin qüvvə və vasitələri də cəlb olunub. Əvvəlcə, tədbirdə mülki müdafiə qüvvələrinin şəxsi heyətinə, texnika və avadanlıqlarına baxış keçirilib. Eləcə də şagirdlər tərəfindən fərdi mühafizə vasitələrindən istifadə və ilkin tibbi yardımın göstərilmə qaydası nümayiş etdirilib.

Sonra tədbir iştirakçıları Abşeron Rayon Mədəniyyət Mərkəzinin foyesində məktəblilərin əl işlərindən ibarət  rəsm sərgisinə baxış keçiriblər.

Daha sonra Mədəniyyət Mərkəzinin akt zalında davam etdirilən tədbirdə Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərmizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən Abşeron Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, Rayon Fövqəladə Hallar Komissiyasının sədri Yusif Sadıqov əhalinin mülki müdafiə üzrə maarifləndirilməsi, idarə və təşkilat rəhbərlərinin, inzibati ərazi nümayəndələrinin və yerli özünüidarəetmə orqanlarının diqqətinin bu sahəyə cəlb edilməsi baxımından belə tədbirlərin keçirilməsinin vacib olduğunu bildirib. O, həmçinin çıxışında mülki müdafiə sahəsində birgə fəaliyyətin və əməkdaşlığın əhalinin təhlükəsizliyinin təmin olunması istiqamətində mühüm rol oynadığını vurğulayıb.

Sonra FHN Sumqayıt Regional Mərkəzinin rəisi polkovnik Vaqif Fətullayev çıxışında bildirib ki, 1993-cü ildən Beynəlxalq Mülki Müdafiə Təşkilatına üzv olan Azərbaycan Respublikası ilə bu nüfuzlu təşkilat arasında sıx əməkdaşlıq münasibətlərinin qurulması və inkişafı qüdrətli Azərbaycanın memarı, əbədiyaşar ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Məhz Ulu Öndərin siyası zəkası və istedadı sayəsində Azərbaycan digər sahələrdə olduğu kimi təbii və texnogen xarakterli fəlakətlərdən əhalinin etibarlı şəkildə mühafizəsinin təşkili məsələlərini də diqqət mərkəzində saxladı, qloballaşan dünyanın çağırışlarına yeni iqtisadi inkişaf modeli ilə cavab verdi. Bu siyasət Ulu Ondərin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin müdrik rəhbərliyi altında uğurla həyata keçirilərək, əhalinin təhlükəsizliyi və ərazilərin mühafizəsi problemlərinin həllinə yönələn mühüm tədbirlərin icrası ilə davam etməkdədir.

Tədbirdə Fövqəladə Hallar Nazirliyinin fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub.

Sonda tədbir ədəbi-bədii kompozisiya ilə yekunlaşıb.

Keçidlər