Abşeronda şəhidin ailəsinin istəyi ilə yaşadıqları küçə asfaltlandı
Vətənimizin ərazi bütövlüyü uğrunda qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə yüksələn sakinlərimizin adlarının əbədiləşdirilməsi, onların ailələrinin və qazilərimizin sosial problemlərinin həlli istiqamətində Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən həyata keçilən layihələr davam etdirilir.
Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə xalqımızın qələbə qazandığı 44 günlük Vətən Müharibəsində igidliklə döyüşərək şəhid olan, “Azərbaycan bayrağı” ordeni, “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Cəbrayılın azad olunmasına görə” medallarına layiq görülən Rəhimli Ülvi Rabil oğlunun ailə üzvlərinin yaşadığı Abşeron rayonu, Məmmədli kəndi, İlqar Abdullayev küçəsində abadlıq işləri həyata keçirilib. Qeyd edək ki, bir müddət öncə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev şəhidimizin ailələsini ziyarət edib, vətənimizin bütövlüyü uğrunda canlarından keçmiş bütün igidlərimizin əziz xatirəsini yad edərək ruhlarına dualar oxuyublar. Ziyarət zamanı şəhidimizin ailələsi tərəfindən yaşadıqları küçəyə asfalt örtüyünün çəkilməsi məsələsi qaldırılıb və bu istiqamətdə köməkliyin göstərilməsi xahiş olunub.
Bundan sonra Rayon İcra Hakimiyyətinin əməkdaşları tərəfindən əraziyə baxış keçirilib və sözügedən küçəyə 500 kv.m asfalt örtüyü salınıb.
Şəhid Ülvi Rəhmlinin atası Rabil Rəhimli onlara dövlət səviyyəsində hər zaman böyük diqqət və qayğının göstərildiyini qeyd edərək buna görə cənab Prezident İlham Əliyevə və Birinci Vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını ifadə edib.