Abşeronda "Şəhərsalma və Memarlıq İli" çərçivəsində "Sağlam Gənclik və Sağlam Gələcək" adlı tədbir keçirilib
Abşeron rayonunda "Şəhərsalma və Memarlıq İli" çərçivəsində "Sağlam Gənclik və Sağlam Gələcək" adlı tədbir keçirilib.
Tədbir Abşeron Rayon İcra Hakimiyyəti, Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsi, Abşeron Rayon İcra Hakimiyyəti yanında İctimai Şura, Abşeron-Xızı Regional Mədəniyyət İdarəsi və Abşeron-Xızı Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə baş tutub.
Tədbirin məqsədi Abşeron gəncləri arasında sağlam həyat tərzinin təbliği, idmana marağın artırılması, asudə vaxtın səmərəli təşkili, eləcə də yeniyetmə və gənclərin ictimai həyata daha fəal cəlb olunmasına töhfə vermək olub.
Xırdalan şəhərində yerləşən Heydər Əliyev Parkında açıq havada keçirilən tədbirdə rayon sakinləri, gənclər, RİH könüllüləri, idmançılar və idmansevərlər fəal iştirak ediblər.
Tədbir çərçivəsində rəsm və kitab sərgiləri təşkil olunub, müxtəlif idman növləri üzrə nümunəvi çıxışlar nümayiş etdirilib. Bununla yanaşı, fiziki məhdudiyyətli şəxslərin hazırladıqları əl işlərindən ibarət sərgi iştirakçıların böyük marağına səbəb olub.
Uşaq Səfirlər Məclisinin Abşeron rayonu üzrə nümayəndələri tərəfindən təşkil olunan bilik yarışında iştirakçılar milli atributları əks etdirən xatirə hədiyyələri ilə mükafatlandırılıblar.
Tədbirdə çıxış edən Abşeron RİH yanında İctimai Şuranın sədri, şəhid Elçin Həsənlinin anası Xatirə İsmayılova sağlam həyat tərzinin gənclərin fiziki və mənəvi inkişafında mühüm rol oynadığını vurğulayıb. O bildirib ki, vətənpərvər, sağlam düşüncəli və savadlı gənclərin yetişdirilməsi cəmiyyətin gələcəyinin etibarlı təminatıdır.
Xatirə İsmayılova qeyd edib ki, gənclərin idmana, elmə, mədəniyyətə və milli-mənəvi dəyərlərə bağlı şəkildə formalaşması ölkəmizin davamlı inkişafına mühüm töhfə verir. O, şəhid ailələrinin ən böyük arzusunun Vətənini sevən, sağlam ruhlu və yüksək mənəvi keyfiyyətlərə malik gənclərin yetişməsi olduğunu diqqətə çatdırıb.
Sonda tədbir rayonun incəsənət nümayəndələrinin və gənc ifaçıların iştirakı ilə təqdim olunan rəngarəng konsert proqramı ilə davam edib.






